Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-27 12:45:00
Şagirdləri ilə cəbhədə rastlaşan müəllimlər – Təsirli  görüş xatirələri -FOTOLAR

 

 

II Qarabağ savaşı zamanı ölkəmizin demək olar ki, bütün sahələrindən olan şəxslər torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qoşularaq əzmlə savaşıblar.

 

Onların sırasında təhsil işçilərinin sayı da kifayət qədərdir. Bakı məktəbləri üzrə 38 müəllim Vətən Müharibəsində iştirak edərək müxtəlif  təltiflərə layiq  görülüb.

 

 

Gəlin, həmin xatirələri AzEdu.az vasitəsilə yada salaraq iki il öncəyə geri qayıdaq:

 

180 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi olan Əli Abbasov Şuşada döyüşüb, o, şagirdinin arzusunu İsa Bulağında yerinə yetirib:

 

“Şuşada bir müdət qaldıqdan sonra İsa bulağına doğru yollandıq. Gecə idi, səhhətimdəki duruma görə mənim öndə getməyimə izn vermədilər. Bir qədər arxada idim. Əsgərlərdən biri soruşdu ki, leytenant  Əli Abdullayevi görən olub? Bizdə  leytenant Abdullayev var idi, lakin adı başqa idi. Ona dedim ki, leytenant Fədai Abdullayevdir, o da hazırda qarşı mövqeyə göndərilib. Cavab verdi ki, mənə leytenant Abdullayev Əli lazımdı. Dedim ki, sən mənə zabit yoldaşımı  tanıdacaqsan? O da mənə, “Sən mənə müəllimimi tanıdacaqsan?”- dedi. Bu sözdən sonra işığı onun üzərinə tutdum, baxdım ki, mənim şagirdimdir, Rəhim. Sən demə məni axtarırmış, soyadımı səhv salıb. O həmin şagirdimdir ki, həmişə dərsdə onlara Şuşadan, İsa bulağından danışmışam.

 

İndi elə bir məqam gəlmişdi ki, azad olunan İsa bulağını şagirdim mənə təhvil verdi. Bu, elə bir qürur hissi idi ki, onu heç nə ilə ifadə etmək, dəyərini heç nə ilə ölçmək mümkün deyildi. Qucaqlaşdıq, xeyli söhbətləşdik, ötən illəri yada saldıq...

 

Əsgərlərimizdən biri Sadiq Amanov Füzuli döyüşlərində   briqadaları dağıldığı üçün bizə qoşulmuşdu. Son ümidini də itirmiş kimi bir durumda idi. Cəbhəyə göndərilən yeməklər,  ərzaqların yanında mənəvi dəstək üçün məktəblilərin yazdığı məktublar var idi.  

 

Həmin əsgər məktublardan birini götürür.  7-ci sinif şagirdi yazmışdı və sonda Həzrəti  Əlidən bir misal gətirmişdi: “Unutma  və yadında saxla ki, qələbə Allaha məxsusdur”. Digər məktubda başqa birisi yazırdı: “Mən yorğanın altında üşüyürəm, lakin sizin üşüdüyünüzü xatırlayaraq isinməyə çalışıram”.

 

Məktubların birində yazılmışdı ki, mənim arzum  budur ki,  məktubum İsa bulağında oxunsun. Əsgər yoldaşım həmin məktubu uzatdı mənə, zəhmət olmasa, bunu oxu, dedi. Məktub Qaradağ rayonundan göndərilmişdi. 166 nömrəli məktəb-liseyin  7b sinif şagirdi  Çiçək Hüseynzadə tərəfindən yazılmışdı. Tez həmin məktəbin direktoruna zəng etdim, dedim ki, sizi İsa bulağından baş leytenant Əli Abbasov salamlayır, sizə Şuşadan zəng edirəm dedim. Sanki dondu, nə deyəcəyini bilmədi. Hadisəni danışdım və şagirdin nömrəsini  aldım. Zəng etdim. Onun sevincdən necə ağladığını hələ də unuda bilmirəm. Dedim ki, qızım, arzun yerinə yetdi. Ona İsa bulağının şırıltısını dinlətdim. Uşaq çox sevindi, sonra ailəsi ilə də danışdıq.

 

Ordudan təxris olunduqdan sonra Çiçəyin məktubu və hədiyyəsi ilə bərabər evinə ziyarətə getdik. Bir övladın arzu və duası  yerinə yetmişdi”...

 

Open photo

 

Bakı şəhəri 27 nömrəli tam orta məktəbin informatika müəllimi Elvin Səlimov şagirdi ilə cəbhədə qarşılaşıb:

 

“Dərs dediyim şagirdim də müharibədə iştirak edirdi. İnsanın öz şagirdi ilə çiyin-çiyinə döyüşdə iştirak etməyi də ayrı bir hiss idi. Ona əminliklə bildirdim ki, biz buradan qələbə ilə ayrılacayıq və mülki həyatda artıq biz müəllim-şagird münasibətindən daha çox dost, eyni zamanda cəbhə yoldaşı kimi münasibətlərimizi davam etdirəcəyik. Çox xoşbəxtəm ki, cəbhədə şagirdimə verdiyim qələbə vədi yerinə yetdi. Bizim ikimiz də döyüşlərdən qalib kimi qayıtdıq”.

 

 

Bakı şəhəri 327 nömrəli tam orta məktəbin Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri İslam Zeynalov yaralı əsgərin xəstəxanadan qaçaraq döyüşə qayıdışını böyük heyranlıqla seyr edib:

 

Oktyabrın 29-da  düşmən minamyotundan  açılan atəş  məni və bir əsgərimi yaralandı. Yaralı əsgəri çıxardıqdan sonra məni hospitala təxliyə etdilər. Orda cəmi 4-5 saat qaldım, yenidən öz hərbi hissəmə qayıtdım. Çünki aldığım xəsarət xəstəxanadakı yaralılarla müqayisədə çox az idi, qulaq pərdəm cırılmış və kəllə-beyin travması almışdım. Tibbi mərkəzə ağır diaqnozlarla gələnlər var idi. Bəzilərinin əli, ayağı yox idi. Problemimi həkimlər bilirdi, kənardan baxan elə bilərdi ki, bu adam qorxub qaçıb. Özümə sığışdıra bilməzdim bunu. Odur ki, yenidən döyüşlərə qatıldım. Mənimlə yaralanan əsgər isə qazi olaraq ailəsinin yanına döndü".

 

 

Masazır kənd 5 nömrəli məktəbin riyaziyyat müəllimi Rəsul İbrahimli işğaldan azad olunan ərazilərdə beşikdə qalan tozlu xatirələrdən bəhs edir:

 

Axşamlar Füzulinin düşmən tərəfindən viran edilən xarabalıqlarında gecələyirdik. Uçuq evlərdən birində yatırdıq. Uçuq ev deyirəm, lakin o evdə 30 il bundan əvvələ aid olan nə qədər xatirələr var idi. Həmin evdə bir uşaq beşiyi var idi. Beşik paslamış, əzilmiş, sadəcə maketi qalmışdı. Üzərindən 30 il vaxt keçmişdi. Hər dəfə ona baxanda   kövrəlirdim. Beynimdə o evdə 30 il əvvəl  yaşamış azərbaycanlıların xatirələri canlanırdı. Onların öz yurd-yuvalarından didərgin düşmələri, yenidən buraya qayıdacaqları gözümün qabağına gəlirdi. O evdə illərin həsrəti, sönmüş ümidlər var idi. Lakin mən onların yenidən közərdiyini hiss edirdim”.

 

 

Şagirdləri ilə birgə döyüşən, qrup yoldaşlarıyla müharibədə qarşılaşan müəllim Səbuhi Səmədov tək sinifdə deyil, cəbhədə də müəllim idi:

 

“Müharibənin maraqlı tərəflərindən biri də o oldu ki, döyüşlərdə bir vaxtlar dərs dediyim şagirdlərimlə qarşılaşdım. Çox sevindirici idi, onlarla birlikdə, çiyin-çiyinə vətənin müdafiəsinə qalxmaq. Hərdən sinifdə olan hadisələri də yada salırdıq. Dərsdə onlara həmişə deyirdim ki, vaxt gələcək və biz hamılıqla torpaqlarımızın azad olunmasında iştirak edəcəyik. O gün gəldi...Dərs dediyim o şagirdlərin necə vətənpərvər, şücaətli olduğunu gözlərimlə görmək qismətim oldu. Onlar qorxmadan, çəkinmədən düşmənin üzərinə şığıyırdılar”.

 

 O, qeyd edir ki, şagirdlərim arasında könüllü şəkildə müharibəyə gedənlər var idi:

 

Məktəbi bitirdiklərindən sonra onları uzun zaman idi ki, görmürdüm. Müharibədə qarşılaşmaq qismətimiz imiş. Həmin uşaqlarla artıq müəllim-şagird kimi deyil, döyüş yoldaşı kimi Vətəni müdafiə edirdik. Onlardan böyük qardaş kimi məsləhətlərimi heç zaman əsirgəmədim, özlərini qorumağı, silah-sursatlarına əmanət kimi göz-qulaq olmalarını tövsiyə edirdim. Şagirdlərimə məsləhət verirdim ki, biz ilk olaraq vətənimizi fikirləşməli və onun bütövlülüyünü qorumalıyıq. Çünki o, anamızdır, bizim əmanətimizdir”. 

 

Open photo

 

Bakı şəhər 264 nömrəli tam orta məktəbin Gənclərin çağırışaqədərki hazırlığı müəllimi Dadaş Səfərovdur müharibənin 41-ci günündə gələn qocaman döyüşçü idi:

 

Hərbçilərə zarafatla deyirdim ki, qocaman döyüşçü gəlib və ermənilər buna tab gətirməyərək qaçacaq. Mən müharibdəki 3 günlük fəaliyyətimə Xocavənd istiqamətində mexanikləşdirilmiş taborun komandiri kimi başladım. Füzuli rayonunun Kürdmahmudlu kəndindən Xocavənd rayonu istiqamətinə yollandıqda  orada yandırılan texnikaları və məhv edilmiş erməni əsgərlərinin cəsədlərini görəndə  Azərbaycan əsgəri və xalqının nəyə qadir olduğuna bir daha əmin oldum. Tabora daxil olan şəxslərlə söhbət etdikdə və onlardan ərazi, həmçinin, texnika haqqında məlumat aldıqda  gözlərində olan müharibə yorğunluğunu, qisas almaq ehtirasının fərqinə vardıqda  bir az çəkindim. Çünki burada 400-500 nəfərdən çox əsgər, əlavə atəş vasitələri, zirehli bölmələr var idi”.

 

 

 Open photo

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları