Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-26 14:00:00
Müəllim-şagird dueti – “Pandemiyadan sonra videolar çəkməyə başladıq”  

Qazax rayonu İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin direktor müavini Süleyman Həsənovla həmin məktəbin 11-ci sinif şagirdi Türkan Rəhimovanın "Elfida" mahnısını birgə ifa etməsi sosial şəbəkələrdə maraqla qarşılanıb. Hamını heyran edən mahnı qısa zaman ərzində populyarlıq qazanıb və müəllimlə şagirdinin səmimi dueti dillər əzbəri olub.

 

Bir anda sosial şəbəkə istifadəçilərinin sevimlisinə çevrilən Süleyman Həsənov sözügedən video və şagirdi  Türkan Rəhimova ilə bağlı modern.az-a danışıb. 

 

Süleyman müəllim deyir ki, Türkanı 5-ci sinifdə oxuyarkən məktəb tədbirində görüb və onun istedadını həmin vaxt kəşf edib:

 

“Həmin gün şagirdimi Mədəniyyət Evinə apardım və dərs almağa başladı. Türkan bütün məktəb tədbirlərində iştirak edir. Pandemiya vaxtı ona təklif etdim ki, video formatda duet oxuyaq. Beləliklə, pandemiyadan bu günə kimi onlayn formatda duetlərimiz oldu. 

 

Son videonu çəkməyi Türkan təklifi idi. Mənə dedi ki, “Elfida”nın acılı bir hekayəsi var, xəstə qız üçün yazılmış mahnıdır. Biz də bu mahnının oxuyaq və xəstə uşaqlara həsr edək. Mən də Türkanla razılaşdım və mahnını oxuduq. Ancaq bu qədər seviləcəyini və yayılacağını düşünməmişdik”.

 

S.Həsənov Qazax rayonu 3 nömrəli orta məktəbin bədən tərbiyəsi müəllimi, eyni zamanda təlim-tərbiyə üzrə direktor müavini olduğunu söyləyib.

 

“Yenə belə videolar çəkəcəyik, amma Türkan 11-ci sinifdə oxuduğu üçün onu çox yormaq istəmirəm. Hazırda 3-cü ixtisas qrupu üzrə hazırlaşır və gələcəkdə aktyor olmaq istəyir”, - deyən müəllim yeni duetlərinin ərsəyə gələcəyini vurğulayıb.