Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-22 13:37:00
“Məktəblərdə seksual zorakılıq, narkomaniya kimi çoxlu faktlara rast gəlinir”-Sərdar Cəlaloğlu

 

 

"Bəzi müəllimlər zorakılığı tərbiyə vasitəsi kimi görürlər. Orta əsrlərin ayrılmaz fikirlərindən biri olan “əti mənim, sümüyü sənin” ifadəsi  müəllimlərə icazə verirdi ki, şagirdləri tərbiyələndirərkən fiziki zorakılıqdan istifadə etsinlər". 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

 

Artıq bir neçə gündür ki, 2022-2023-cü tədris ilinə start verilib.

 

Yeni tədris ilinə ölkə təhsili bir sıra problemlərlə qədəm qoyur.

 

Lakin bu problemlərin hər biri müxtəlif şəxslər üçün fərqli xarakter daşıyır və onlar bu kimi halları fərqli baxış bucaqlarından görürlər.

 

Sərdar Cəlaloğlu qeyd edir ki, təhsil hər ailə ilə bağlıdır:

 

Təhsil hazırda mənim də həyatıma sirayət edib. Belə ki, nəvələrim məktəbə gedir, həyat yoldaşım isə müəllim olaraq fəaliyyət göstərir. Lakin tədris sahəsində çox ciddi problemlə üzləşdiyimi düşünmürəm. Nəvələrim dərs vəsaitləri ilə təmin edilir və məktəbli formaları ilə bağlı neqativ hallar yaşamırlar. Lakin məsələlərin incəliklərini bilmirəm. Vətəndaş olaraq  hələ ki, ciddi bir problemlə üzləşməmişəm”.

 

O, müəllimlərin sertifikasiya prosesindən keçməsindən danışıb:

 

Hazırda müəllimlərin sertifikatlaşdırılması prosesi həyata keçirilir. Bunu yüksək qiymətləndirirəm, hər təhsil işçisi öz savadı ilə digər həmkarlarından geridə qalmamalıdır. Mətbuatda təhsil müəssisələrində pul yığılması kimi hallarla bağlı məlumatlar əks olunur. Valideyn və digər şəxslərdən pul əldə edilməsi məsələsi düzgün deyil. Lakin məktəb həyatına bilavasitə müdaxiləm olmadığı üçün yalnız təhsil siyasəti ilə bağlı məsələlər haqqında fikir bildirməyim daha doğru olardı.

 

Sovet hakimiyyəti zamanında da  müəllimlər imtahan edilir və ixtisasartırma kurslarına müraciət ünvanlayırdılar. Hazırda da elm inkişaf edir, ona görə də universitet təhsili kifayət etmədiyi üçün imtahan və kurslara ehtiyac var. Çünki hər gün texnoloji yeniliklər baş verir. Hazırda müəllimlərin ixtisasları ilə bağlı imtahan edilməsini bu baxımdan çox düzgün hesab edirəm”.

 

Sərdar Cəlaloğlu şagird və təhsil işçilərinin psixoloji vəziyyətindən söz açıb:

 

”Onu qeyd edim ki, məktəb 3 (ailə, məktəb, məscid) tərbiyə sistemindən biridir. Ailələrdə gedən proseslər uşaqlara və onların psixologiyasına da təsir göstərir. Bu, da məktəblərə təsir edir, burada zorakılıq əhval-ruhiyyəsi mövcud olduğuna görə həmin proses məktəblərə də təzahür edir. Digər ciddi bir məsələ isə  məktəbli və müəllimlərlə bağlı psixoloji işin  düzgün təşkil edilməməsidir. İnsanların psixoloji kimliyi nəzərə alınmadan onları müəllim kimi çalışmağa sövq edirlərsə, bu, şagirdlər üçün problemlər yaradır. Çünki onlar  ailələrində olan problemlərin həllini danışmaq üçün həmin şəxsə üz tuta bilmirlər.

Məktəblərdə seksual zorakılıqlar, narkomaniya kimi çoxlu faktlar var. Biz gələcək nəslimizi bu cür bəlalardan qorumalıyıq. Lakin bu kimi halların qarşısının alınması istiqamətində məktəblərdə maarifləndirmə tədbirləri aparılmır. Bəzi müəllimlər zorakılığı tərbiyə vasitəsi kimi görürlər. Orta əsrlərin ayrılmaz fikirlərindən biri olan “əti mənim, sümüyü sənin” ifadəsi  müəllimlərə icazə verirdi ki, şagirdləri tərbiyələndirərkən fiziki zorakılıqdan istifadə etsinlər. Avropa və İngiltərə Krallığında şəhzadələri dərslərinə yanaşmaları üçün döyürdülər. Mənə elə gəlir ki, müasir dövrdə  müəllim və şagirdlərə psixoloji yardımlar etmək vacibdir”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları