Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-21 10:50:00
30 minə yaxın tələbə  universitetdən xaric olunub-Ekspertlər səbəbləri AÇIQLADI

 

 

 

Qəbul imtahanlarında iştirak edib müsabiqə şərtini ödəyən 2 355 nəfər elektron qaydada müraciətlərini təsdiq etməyib.

 

İnsanlar bunu bir çox səbəblərlə əlaqələndirirlər.

 

Mövzu ilə bağlı tanınmış pedaqoq, ADPU-nun dosenti  İlham Əhmədov fikirlərini AzEdu.az-la bölüşüb.

 

O, qeyd edib ki, abituriyentlər istədikləri ixtisasa qəbul olmadıqda oxumaq istəmirlər: “Universitetlərdən imtina edən abituriyentlərin əksəriyyəti ödənişli əsaslara oxumaq imkanı əldə edənlərdir. Bundan əlavə istədiyi  ixtisasa düşə bilməyən abituriyent başqa sahə üzrə oxumaq istəmir.  O,  düşünür ki,  qəbul olduğu ixtisası oxusa, gələcəkdə iş tapmayacaq. Bu səbəbdən  universitetdən imtina edir”.

 

İ. Əhmədov son 10-15 ilin ərzində 30 minə yaxın tələbənin təhsil haqqı ödəyə bilmədiyindən  universitetdən xaric edidiyini bildirib:" Abituriyent bəzən ölkədə oxumaq əvəzinə Türkiyə və ya hansısa xarici ölkəni üstün tutur.  Düşünür ki, xaricdə daha yaxşı təhsil alıb,  gələcəkdə həmin ölkədə qalıb işləyə bilər. Çünki,  hazırda gənclərimizin çoxu ali məktəbi bitirdikdən sonra iş tapa bilməyib xaricə üz tuturlar".

 

Təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov məsələyə başqa baxış bucağından yanaşır:"Fikrimcə, abituriyent qəbul imtahına yetərincə hazırlaşa bilməyib. Onlar həm məktəb dərsləri, həm də universitetə hazırlaşıblar. Bunlar da ola bilsin ki, abituriyentlərin ballarının arzu etdikləri səviyyədə olmamasına və  istədikləri ixtisasa qəbul ola bilməməsi ilə nəticələnib. Universitetdə oxumaqdan imtina edən  abituriyentlərin bir qismi qəbul olduğu ixtisasdan məmnun deyillər.  Düşünürlər ki, növbəti il daha yaxşı hazırlaşıb istədikləri yerə daxıl ola bilərlər.

 

Abituriyent  əlində əlavə variant olsun deyə, DİM-in  tərtib etdiyi qəbul imtahanında iştirak edir.

 

Hər kəsə məlumdur ki, ölkəmizdə yüzlərlə abituriyent  oxumaq üçün xaricə  müraciət edir. Həmin abituriyentlər ölkədə  təhsil almaqdan imtina edirlər. Sadəcə olaraq əllərində əlavə variant olsun deyə, DİM-in  tərtib etditi qəbul imtahanında iştirak edirlər”.

 

Mütəxəssis qeyd edir ki, hələ də təhsil tələbə kreditindən xəbərsiz olan abituriyentlər var:"Bəziləri isə maddi baxımdan universitetlərdə oxumaqdan imtina edir. Çox təəssüf ki,  təhsil tələbə kreditindən hələ də xəbərsiz olan abituriyent və  ailələr  var. Onlar bilmirlər ki, TTK Fonduna müraciət edib təhsil haqqlarını ödəyib, sonra isə çox kiçik faizlə həmin krediti geri qaytara bilirlər. Bundan xəbərsiz olub ödənişli əsaslarla universitetə qəbul olanlar  təhsil almaqdan imtina edirlər".

 

Xatırladaq ki, ali təhsil müəssisələrinin müsabiqəsində 66 724 nəfər iştirak edib. Onlardan 48841 nəfəri (o cümlədən 4927 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 23 044 (o cümlədən 253 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 25 797 (o cümlədən 4674 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

 

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları