Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-20 16:55:00
Statistik uğurları həyati gerçəkliyə çevirəcək qəhrəmanlar – Onlardan hər evdə var

 

 

 

Qızların yaratdıqları rəqəmli reallıq

 

 

Universitetlərə qəbul imtahanlarının nəticələri elan edildikdən sonra Dövlət İmtahan Mərkəzinin hazırladığı hesabat bu dəfə də  xanım abituriyentlərin xeyrinə oldu.

 

 

Mərkəzin qəbul və buraxılış imtahanlarının nəticələrinin gender aspektləri təhlilində çox maraqlı məqamlar  öz əksini tapdı.  Yüksək bal intervallarında (600-700 və 500-599 bal aralığı) qızlar oğlanları birmənalı şəkildə geridə qoydu. Daha dəqiq desək, 600-700 bal intervalında nəticə göstərən abituriyentlərin 53, 4 faizi qızlar, 46, 6 faizi isə oğlanlar oldu. Həmçinin, 500- 599 bal intervalında nəticə göstərənlərin  55, 1 faizlik nisbəti xanım abituriyentlərin payına düşür.  

 

 

 Daha kiçik bal intervalları (0-99, 100-199, 200-299, 300-499, 500-700) daxilində oğlan və qız abituriyentləri üzrə ayrılıqda aparılan  araşdırmalara əsasən, yalnız aşağı bal intervallarında (0-99, 100-199) oğlan abituriyentlərin nisbi çəkisi daha yüksək olub. Mənbəyə (Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının xüsusi buraxılışı)  diqqət edək:

 

 

"Belə ki, qəbul imtahanlarında iştirak edən oğlanların 28.8, qızların isə yalnız 18.6 faizi 100-dən az bal toplayıb. 100-199 bal intervalında isə oğlanların və qızların nisbi çəkisi uyğun olaraq 23.0 və 22.0 faiz olub. Qalan bütün bal intervallarında qızlar sayca üstünlüyə malik olub. Aşağı bal topladıqları üçün 18805 oğlan və 13117 qız müsabiqədən kənarda qalıb. Qəbul imtahanlarında iştirak edən qızların 66.04, oğlanların isə 55.95 faizi müsabiqədə iştirak etmək hüququ qazanıb”.

 

Pərdənin o üzündəkilər

 

Rəqəmlər real durumu açıq-aşkar əks etdirir. Lakin bütün bu statistik göstəricilərin pərdəarxasında gizli qalan gendər əsaslı problemlər də az deyil.  Bir məqamı qeyd edək: bu il III ixtisas qrupu üzrə ali məktəblərə imtahan verən 21521 abituriyentin böyük əksəriyyəti – 16252-si  xanımlardır. Bu ixtisas qrupuna meyil edən oğlanların sayı isə cəmi 5269-dur.

 

 

Ən çox abituriyent axınının olduğu I və II ixtisas qrupları üzrə universitetə sənəd verən  oğlanların sayı  qızları qabaqlayır. I ixtisas qrupu üzrə bu göstərici oğlanların xeyrinə hətta 80 faizə qədər də arta bilir. Qız abituriyentlər isə əsasən tibb profilli ixtisasların yer aldığı IV ixtisas qruplarında da çoxluq təşkil edirlər.  Son göstəricilərə əsasən bu qrup üzrə sənəd verən qızlar oğlanları 2,3 dəfə qabaqlayıb.

 

Bu statistik göstəriciləri  əslində niyə təqdim edirik?- Burada III və IV ixtisas qrupları üzrə göstəricilərin qızların xeyrinə olduğunu görsək də, məsələnin digər tərəfinə də diqqət etməliyik. Bildiyimiz kimi, III ixtisas qrupu əsasən pedaqoji əsaslı ixtisaslardan, IV qrup isə yuxarıda da qeyd edildiyi kimi əsasən tibb yönülmlü ixtisaslardan ibarətdir.

 

 

Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi hesabat xarakterli məlumatlarda müəllimlik ixtisaslarının böyük əksəriyyətinin məhz  qızlar tərəfindən  seçildiyini  görə bilərik. Bu ixtisaslar üzrə  qəbul nəticələrində də sözsüz ki, zərif cinsin nümayəndələri oğlanları qabaqlayırlar. Bu zaman bir dilemma ortaya çıxır- müəllimliyi seçən qızlar iki qrupa bölünür: öz istəyi ilə seçim edənlər, valideyn təzyiqi ilə məcburi şəkildə bu ixtisası yazanlar...

 

 

Yanlış peşə və yanlış ailə seçiminin insanın gələcəyinə nə dərəcədə mənfi təsir etdiyini deməyə ehtiyac yoxdur. Bu cür insanlardan bir çoxu hətta sonradan uduzulmuş bir ömrü yaşamağa məhkum olurlar. Müəllimlik təbii ki, ali peşə, ali missiyadır,  onun çəkisini azaltmaq mümkün deyil. Lakin potensialı daha çox IT (informasiya texnologiyaları), mühəndislik, idarəetmə əsaslı ixtisaslara uyğun olan xanımların məcburi şəkildə bu peşəni seçməsi cəmiyyətimizi gələcəyin lazımı peşəkar kadrlarından məhrum etmiş olacaqdır. Qeyd edək ki, bu cür potensiala sahib xanımlar özlərini gələcəkdə pedaqoji fəaliyyətdə realizə edə, şagirdlərin intellektual tələbatını ödəyə bilməyəcəklər.

 

“Ya biz deyəni edəcəksən, ya da heç vaxt oxumayacaqsan”

 

Jurnalist fəaliyyətimiz dövründə şahidi olduğumuz  bir neçə neqativ halı qeyd etmək yerinə düşər. (Qarşı tərəfin istəyini nəzərə alaraq adlar çəkilmir).

 

 

-Bir neçə ildə bundan əvvəl Şəkidə çox yüksək bal toplayan qız abituriyentlərdən biri ailəsinin təkidi ilə məcburi şəkildə məhz yaşadığı regionda fəaliyyət göstərən yeganə ali təhsil müəssisəsini  – Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialını seçərək orada  istəmədiyi halda müəllimlik ixtisası üzrə oxumalı oldu. 636 bal toplayan gənc xanımın öz istəyi Dövlət İdarəçilik Akademiyasının idarəçilik əsaslı ixtisasında təhsil almaq olsa da (qeyd edək ki, topladığı yüksək nəticə ilə burada ödənişsiz əsaslarla oxuya bilərdi)  ailə daxilində imkanlarının məhdudlaşdırılması onun bu istiqamətdə peşəkar kadr kimi formalaşmasının qarşısına sədd çəkmiş oldu.  Qeyd edək ki, ailə daxilində həmin xanımın qarşısına bir tələb qoyulur: Ya yaxınlıqda yerləşən (və o qədər də böyük perspektiv vəd etməyən) universitet filialında oxumalı, ya da ali təhsil arzusundan birdəfəlik vaz keçməlidir. Nəticədə gənc xanım birinci seçimlə razı olmuş və cəmi 200 baldan bir az artıq nəticə göstərən tələbələrlə eyni qrupda ürəyincə olmayan ixtisas üzrə oxumalı olmuşdu;

 

 

-Cənub zonasında isə bir abituriyent xanım universitetlərə ixtisas seçiminin nəticələrindən sonra topladığı bala əsasən Bakıdakı ali təhsil müəssisələrinin birində təhsil almaq şansı qazanır. Lakin həmin ərəfədə nişanlı olan qız nişanlısının və onun ailəsinin təkidi ilə Bakıya təhsil dalınca getməmiş, yaşadığı regionda yalnız kollec təhsili ilə kifayətlənmişdi. (Jurnalistikanın etik prinsiplərinin tələbinə əsasən, bu xanımın da adı çəkilmir);

 

- Bakıda fəaliyyət göstərən nüfuzlu universitetlərdən birində oxumaq imkanı əldə edən xanım tələbə ailə vəziyyəti səbəbindən çətin seçim qarşısında qalmalı olur. İşin mənfi tərəfi o idi ki, regionda yaşadıqları və xanım ailəli olduğu  üçün Bakıya gələrək burada oxumaq imkanları sıfra bərabər olur. Nisbətən müsbət tərəfi isə budur ki, yaşadıqları  regionda həmin universitetin filialı olduğundan xanım heç oxumamaqdansa, tələbə köçürməsindən yararlanmaqla universitetin zonadakı korpusunda  təhsil almaqla razılaşdı. Bizə bununla bağlı müraciət edib, məsləhət alarkən təəccübləndik. Çünki adətən daha keyfiyyətli təhsil almaq üçün regionlardan Bakıya gəlmək üçün tələbə köçürmələri prosesindən yararlanmaq istəyənlər olurdu. Bu xanım isə məhz imkanlarının məhdudlaşdırılması səbəbindən tam əksini etmək məcburiyyətində qalmışdı. Qeyd edək ki, həmin xanım hazırda regiondakı filialda təhsilini davam etdirir.

 

 

Problemlə göz-gözə olanlar

 

 

İxtisas seçimi və qəbul məsələləri ilə məşğul olan, zaman-zaman abituriyentlərlə çalışan mütəxəssislərin də mövzu ilə əlaqəli fikirlərini öyrənməyə çalışdıq. Onlar öz təcrübələrindən çıxış edərək, qız abituriyentlərin ixtisas seçimi zamanı imkanlarının məhdudlaşdırılmasını vurğuladılar. Karyera məsələləri və ixtisas seçimi üzrə mütəxəssis Adil Vəliyevin sözlərinə görə, o sırf bu məsələ ilə bağlı bir çox valideynlərlə fərdi şəkildə söhbət etmək məcburiyyətində qalıb:

 

 

“İxtisas seçimi zamanı rastlaşdığım hallardan biri də qız valideynlərinin irəli sürdüyü tələblərlə bağlıdır. Əsasən, rayondan olan ailələrdə valideynlər qeyd edir ki, istəyirik ki, qızımız “xanımlara uyğun” ixtisaslarda təhsil alsın. Bunu daha çox I ixtisas qrupunda müşahidə etdim. Onlar daha çox riyaziyyat, fizika, kimya müəllimliyi ixtisaslarını seçirdilər. Həmin valideynlərə izah edirdim ki, əvvəlcə övladınızın istəklərini dinləmək lazımdır. Həmçinin,  qeyd edirdim ki, ixtisas seçərkən nə dərəcədə gələcəkyönümlü olmasına diqqət edilməlidir. Daha çox müəllimlik haqda düşünən ailələrə “sənaye mühəndisliyi”, “kompüter mühəndisliyi”,  İT  ixtisaslarını misal göstərirdim ki, nə qədər qız tələbə bu sahələrdə uğur qazanıb. Qeyd edim ki, bu hal təkcə rayondan gələn ailələrdə müşahidə edilmir, həmçinin,  Bakıda yaşayan valideynlərin də belə tələbləri olurdu. Onlarla müzakirə etdikdən sonra 50% ailənin fikir dəyişikliyini gördüm”.

 

 

Bu istiqamət üzrə uzun müddətdir ki, çalışan digər mütəxəssis Sevinc Purkeştasib də analoji problemlə üzləşir və valideynlərə çıxış yolunu göstərir:

 

 

“Valideynlərin ən çox basqısı qız övladları üzərində olur. Buna görə biz valideynlərlə tək-tək danışıqlar aparırıq. Təcrübəmdə az sayda valideynin övladın istəyinə önəm verdiyini görmüşəm. Onlardan xahiş edirəm ki, xüsusən də qız övladınızı istəmədiyi işi görməyə məcbur etməyin.  

Əgər qız abituriyent aşağı ballı ixtisasda belə oxumaq istəyirsə və bu onun ürəyincədirsə, o zaman ona şərait yaratmaq lazımdır.

 

 

Bu il 150 bal toplayan abituriyent III ixtisas qrupu üçün müraciət etdikdə valideyniylə danışdım və zəif ixtisas seçsə gələcək üçün vaxt itkisi olacağını dedim. Nəticədə kolleclərin ixtisas seçimində iştirak edib yaxşı ixtisasa qəbul oldu. Bundan həm valideyn, həm də abituriyent razı qaldı. Belə hallarda ixtisas seçimi edəcək şəxslərin düzgün yönləndirməsindən çox şey asılıdır”.

 

Hər şeyə rəğmən – “Biz varıq!”

 

Mütəxəssislərin də qeyd etdiyi detallar Azərbaycanda qızların  keyfiyyətli ali təhsil almalarındaki zəruri maneələri daha qabarıq əks etdirir. Haşiyəyə çıxaraq qeyd edək ki, övladlarını ali təhsil dalınca paytaxta göndərməyən valideynlər, xüsusən də atalar bunu bir sıra amillərlə əlaqələndirirlər: qız tələbənin paytaxtda ailəsindən kənarda qalması; lazımı şərtlərə cavab verən və onların etibarlılıq meyarlarını tam təmin edən kirayə evlərin  tapılmaması; universitetin özünəməxsus yataqxanasının olmaması və ən nəhayət, övladının seçdiyi ixtisasla özünün də razı olmaması... Əksər valideynlər, qızlarının seçdikləri ixtisas üzrə gələcəkdə əmək bazarının tələblərinə cavab verməyəcəyini düşünür, eləcə “qızınkı müəllimlikdir”, (ən yaxşı halda həkimlik) düşüncəsinin əsarətindən çıxa bilmirlər.

 

Bütün bunlar o demək deyil ki, öz seçdiyi ixtisasın ardınca getməyən və sonda hədəfinə çatmayan  xanımlarımız çox deyil.  Jurnalistiklik təcrübəmdə rastlaşdığım və yazı qəhrəmanına çevirdiyim bu  xanımlardan bir neçəsini qeyd etmək istərdim:

 

 

Aytək Məmmədli - (Türkiyənin Qazi Universitetində nanotexnologiya mühəndisliyi və orqanik kimya ixtisasları üzrə magistr təhsili alıb,  hazırda ABŞ-da ixtisası üzrə çalışır).

 

Aytək Məmmədli təhsil aldığı müddətdə bir çox uğurlara imza atıb: “Təhsil aldığım zaman Karbon nanotuplerin istehsalı və müəyyən birləşmələrin tibdə, əsasən də xərçəngdə tətbiqi ilə bağlı çalışmışam. İşlədiyim işin yayımı üçün çox məşhur bir elmi jurnaldan təklif aldıq. Bu, mənim üçün təhsil müddətimdə ən böyük  uğurlardan  oldu. Sonradan beynəlxalq elmi simpoziuma dəvət aldım. Burada dünyanın ən yaxşı universitetlərinin professorları və ən məşhur elm adamları iştirak edirdilər. Həmçinin, oxuduğum universitetdə laborant kimi də  çalışdım, bakalavr diplomçularım oldu”.  

 

Aytəkin bu uğurları ədə etməsində ailəsinin müstəsna rolu olub. Özündən eşidək:

 

“Uşaq vaxtı nənəm həmişə deyərdi ki, hər kəs öz valideynindən bir addım qabağa getməlidir ki, inkişaf olsun. Nənəm Fəridə xanım hələ o vaxt ali təhsilli riyaziyyat müəlliməsi olub, yaşadığı regionun ilk ali təhsilli xanımlarından idi. Anam isə bu ənənəni davam etdirib və əvvəl Bakı Dövlət Universitetini bitirib, sonra elmi işlərini Moskva Dövlət Universitetində müdafiə edərək fizika-riyaziyyat üzrə elmlər doktoru adını qazanıb. SSRİ-də ən gənc elmlər doktoru olduğu üçün mənzillə də mükafatlandırılıb.

 

İndi mən də sadəcə, üzərimə düşən məsuliyyəti uğurla icra etməyə çalışıram. Bu uğurları davam etdirmək lazımdır və düşünürəm ki, bu yolda xaricdə təhsil almaq kimi çətinlik olmamalıdır. Təhsil aldığım ixtisas bizim ölkədə tədris olunmur və tədris olunmursa xəyallarımdakı ixtisasdan imtina edə bilməzdim. Məni Türkiyəyə gətirən əsas səbəb nanotexnologiya oldu”.

 

 

 Səbinə Mirzəliyeva -  (Danimarka Hökumət Təqaüdünə layiq görülən ilk azərbaycanlı, hazırda orada təhsil alır)

 

 

Səbinə xanım universiteti Azərbaycanda oxusa da heç nəyə baxmadan, maneələrə fikir vermədən yüksək səviyyədə inkişaf edir və nəticədə Azərbaycan təhsil sahəsində bir ildə imza atır: 

 

“Səbinə Mirzəliyeva Elmar  qızı,  2017-ci ildə Quba şəhər Azad Məmmədov adına 2 saylı təbiət elmləri təmayüllü məktəb-liseyin “İstedadlar” sinfini fərqlənmə attestatı ilə bitirmişəm. Elə həmin ildə 649 balla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi İdarəetmə” fakültəsinin “Politologiya” ixtisasına qəbul olunmuşam.  Bu  il  təhsil  aldığım  universitetin  bakalavr  pilləsindən  97/100  - Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə  məzun  oldum. Magistr proqramı üzrə Danimarka Krallığının “Hökümət Təqaüdü”nə layiq görülmüşəm. Təhsilimin magistr pilləsini Danimarkanın Roskild Universitetində “International Public Administration and Politics” proqramı üzrə davam etdirəcəm.

 

“4 illik təhsilim boyunca şəxsi inkişafıma kifayət qədər vaxt ayırdım. Universitetin ilk ilində “4 M Academy (Harvard Business School's Harvard ManageMentor Program)” şəxsi inkişaf kursuna müraciət etdim. 3 ay ərzində 6 fərqli təlimçidən aldığım təlimlər hədəflərim barədə qətiyyətli olmağımda yardımçı oldu. “Bakı Gənclər Klubu İctimai Birliyi”nin, NAYORA və Azərbaycan Gənclər Fondunun bir neçə layihəsində aktiv iştirak etmişəm. Daha sonra Prezident yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) təcrübə keçdim. Bakalavr təhsilim dövründə rus, ingilis və fransız dillərini akademik səviyyədə öyrəndim. İxtisasımla əlaqəli beynəlxalq platformalardan Paris Siyasi Elmlər İnstitutunun "Geopolitics of  Europe", "International Migrations: a global issue" kurslarını götürərək uğurla tamamladım.

 

 

NƏTİCƏ

 

Sonda onu qeyd edək ki, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam edərsə 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12 000-15 000 nəfər çox olacaq. Bu barədə BMT-nin Əhali Fondunun  hesabatında bildirilir. 

 

Belə ki, 2021-ci ilin statistikasına əsasən, Azərbaycanda 100 qıza 115 oğlan düşüb. Bu göstəriciyə görə, Azərbaycan yalnız Çindən geridə qalır.

 

 

Belə olduğu halda, ikinci bir problem – qızların təhsil imkanlarının məhdudlaşdırılmasına cəhd cəmiyyətimiz üçün daha böyük problemlərə gətirib çıxara bilər. Elm və təhsil naziri Emin Əmrullayev də çıxışlarının birində bu məsələyə toxunaraq, məsələnin vacibliyinə diqqət çəkmişdi:

 

 

“Biz təhsilsiz qalan qızların problemlərinin gizlədilməsi tərəfdarı deyilik. Məsələ qısa müddət ərzində nə qədər çox üzə çıxarılsa bir o qədər də problemin həlli istiqamətində addımlar atıla bilər.

 

O əlavə edib ki, ali məktəblərə qəbul zamanı ixtisasların qız və oğlanlar arasında paylanmasında müəyyən uyğunsuzluqlar var:

 

"Kişilərə aid edilən ixtisaslarda qızların sayı hələ də aşağı səviyyədədir. Bu da bizi ciddi müzakirə aparmağa sövq edir. İstərdim ki, bu sahədə bərabərliyi təmin edək".

 

 

P.S. Bizim üçün isə hər bir təhsilalan  qız ən azından Aytək Məmmədli, Səbinə Mirzəliyeva və... Nöqtələrin yerinə istədiyiniz Azərbaycan xanımının adını yaza bilərsiniz... Çünki hər kəs özündə ən azı onlar qədər böyük potensial gəzdirir. Kimisində aşkar, kimisində isə gizli... Gizlinin  aşkara çıxarılması isə valideynlərin məsuliyyəti,  bizim isə uğurumuz olacaq!

 

QEYD: “Bu yazı Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi "Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması" proqramı çərçivəsində təşkil edilən müsabiqəyə təqdim olunur”