Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-21 12:38:00
Nazirlik bağçalarda bunu formalaşdıra bilməyib- Böyük problem

 

 

 

“Elə görünür ki, nazirlik özünü cəmiyyətdən ayrı bir qurum olaraq formalaşdırıb, cəmiyyətlə əlaqəsini kəsib”

 

Hazırda əsas qaranlıq qalan məsələlərdən biri də bağçalara uşaqların qeydiyyatı və tərbiyəçilərin işə qəbulu məsələsilə bağlıdır.

 

Bağçalara qeydiyyat prosesinə uzun müddət öncədən start verilsə də, valideynlərdən gələn çoxsaylı şikayətlərin ardı-arası kəsilmir. Qeydiyyatda üzləşilən texniki problemlər, yerləşdirmə, müəyyən bağçaların sistemdə görünməməsi və s. kimi narazılıqlar eşidilir. Həmçinin, tərbiyəçilərin işə qəbulu müsabiqəsinin iştirakçıları da keçid balının formalaşması və digər istiqamətlərdə  məlumatsızlıqdan şikayətlənirlər.

 

Bəs MİQ, sertifikasiya, dövlət proqramı və s. istiqamətlərlə bağlı ətraflı məlumatlar zamanında təqdim edildiyi halda bağçalarda niyə bu operativlik və diqqəti müşahidə edə bilmirik?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan sabiq deputat, tanınmış pedaqoq Sona Əliyeva bağçalarla bağlı kifayət qədər məlumatların verilməməsinin səbəblərini aydınlaşdırıb:

 

“Məktəbəqədər təhsil hər bir uşağın inkişafı üçün çox əhəmiyyətlidir. Çünki uşaqların şəxsiyyətinin, ünsiyyət və digər bacarıqlarının, idrakının formalaşması məhz bu yaşdan başlayır. Onlar davranış qaydalarını öyrənir, təlim-tərbiyənin nə olduğunu anlayırlar. Bu baxımdan məktəbəqədər təhsil müddətinin hər bir uşaq üçün əhəmiyyəti yüksəkdir və Elm və Təhsil Nazirliyi də bunu bilir, təhsil sisteminin ilk pilləsinin insan şəxsiyyətinin formalaşmasındakı zəruriliyini çox gözəl anlayır. Nazirliyin bu məsələyə laqeyd yanaşdığını düşünmürəm. Hesab edirəm ki, Elm və Təhsil Nazirliyi sadəcə qısa bir müddət ərzində məktəbəqədər təhsil müəssisələrilə sistematik fəaliyyət formalaşdıra bilməyib. Bu baxımdan onlar məsələ ilə bağlı ictimaiyyətə kifayət qədər məlumat verə bilmirlər. Nəzərə alaq ki, Regional Təhsil İdarələri də yeni yaradılıb və sözügedən təhsil müəssisələri də hər bir rayonda bu idarələrə tabedir. Regional Təhsil İdarələri yeni formalaşdığı üçün bu təhsil müəssisələrilə uyğun fəaliyyət formalaşdıra bilməyiblər”.

 

Pedaqoq bağçalarla bağlı problemlərə diqqət çərəkərək,nazirliyin bu istiqamətdə ilk önəm verdiyi məsələlərə toxunub:

 

“Onu da qeyd edim ki, məktəbəqədər təhsil müəssisələri 2012-ci ildən bu günə kimi Rayon İcra Hakimiyyətlərinin nəzdində idi. Bu müddət ərzində həmin qurumlarla bağçalar arasında ciddi əlaqələr qurulmuşdu. Bağçalara isti yeməyin verilməsi, ümumilikdə maliyyə məsələləri hər zaman “diqqət mərkəzində olub”. Hazırda nazirlik ilk olaraq məktəbəqədər təhsil müəssisələrinin maliyyə tərəfini formalaşdırmağa çalışır, bu səbəblə digər məsələləri bir az ikinci plana atır. Bağçalarla bağlı şikayətlər olub və olacaq. Çünki dövlət təhsil müəssisələri məktəbəqədər yaşlı uşaqların tələbatının 30%-ə qədərini ödəyə bilir. Bu səbəblə narazılıqların olması normaldır. Bu müəssisələrin fəaliyyətindən nə qədər danışsaq da, müəyyən nöqsanlara yol verilir, həmçinin bir sıra işlər görülür, bəzi məsələlər hələ də tam şəffaflaşmayıb”.

 

O, cəmiyyətin ölkə təhsil sisteminə münasibətindən söz açıb:

 

“Bugünki gündə təhsil işçisinin düşüncəsinin dəyişməsi çox vacibdir. Təhsilin mərkəzində olan insanlar sırf qazanc düşüncəsindən uzaqlaşmalıdırlar. Onlar anlamalıdırlar ki, keyfiyyətli təhsil vermək və dövlətin inkişafına çalışmaq lazımdır. Amma biz bunun tam əksini görürük. Davamlı olaraq məktəb direktorlarının rüşvətlə işə girməsi, müəllimlərdən pul tələb etməsi və s. kimi xəbərlər eşidirik. Bütün bunlar da təbii olaraq cəmiyyətdə ciddi narazılqılara səbəb olur. Ümumilikdə düşünürəm ki, nazirlik bu münasibətləri yaxın zamanda düzəltməyə çalışacaq. Amma bu gün hər bir Azərbaycan vətəndaşının təhsilin keyfiyyətindən narazı olduğunu deyə bilərik, bu reallıqdır”.

 

“Hesab edirəm ki, nazirlik vətəndaş cəmiyyəti ilə ortaq düşünərək, problemlərdən yola çıxaraq, müzakirələr keçirərək həll yollarını tapmağa çalışmalıdır. Elə görünür ki, nazirlik özünü cəmiyyətdən ayrı bir qurum olaraq formalaşdırıb, cəmiyyətlə əlaqəsini kəsib. Bu yolverilməz bir haldır və yaxşı qarşılanmır”-deyə, o bildirib.