Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-16 12:00:00
Şəhid məzarı önündə dini şüarların ifrat göstərişli şəkildə səsləndirilməsi yolverilməzdir-REKTOR

 

“Şəhid məzarlarının qarşısında dini şüarların yüksək səslə, insanları narahat edəcək və cəmiyyətdə bölünməyə yol açacaq şəkildə səsləndirilməsi cahillik əlamətidir”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında  İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov deyib.

 

Son günlər şəhidlərimizin dəfn mərasimi zamanı dini şüarların səsləndirilməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

 

Rektor Aqil Şirinov qeyd edir ki, bu kimi hallara yol verilməsi olduqca mənfi haldır:” Şəhidlərin dəfni əsnasında dini şüarların ucadan və insanları narahat edəcək şəkildə səsləndirilməsini  düzgün hesab etmirəm. Çünki şəhidlər dini və məzhəbi mənsubiyyətindən asılı olmayaraq, bütövlükdə Azərbaycan cəmiyyəti üçün böyük dəyərdir. Onların ailələri yas mərasiminin necə keçirilməsi haqqında qərarı özləri verirlər.

 

Şəhidlərimizin ruhuna uyğun şəkildə dəfn mərasimləri təşkil edilməlidir. Bu zaman  insanların yüksək səslə qışqırması, fəryad etməsi və ah-nalə çəkməsi İslam adətlərinə ziddir. Bu, nə Qurani-Kərimdə, nə Peyğəmbərimizin cənazə mərasimləri ilə əlaqəli tövsiyələrində, nə də əhli-beyt imamlarının kəlamlarında öz əksini tapıb. İslam dini dəfn mərasimində sükutun əks olunmasını və ölümün düşünülməsini önə çəkib. Dinimiz ölən şəxsin qəhrəmanlıqları və şəhidlik məqamının  göz önünə gətirilməsini tövsiyə edir. Tam əksinə qışqırıb-bağıraraq dini şüarların səsləndirilməsi İslam dinində cahilliyyət adəti hesab edilir. Bu, müsəlmanlıqdan öncə  bütpərəst ərəblərin adəti kimi qəbul edilir. Bu,  da İslam dinində qəbuledilməzdir”.

 

Aqil Şirinov: Kəlbəcərin azad olunması bizə yuxu kimi gəlir - "İki sahil"

 

O, insanların həmin məsələyə olan münasibətindən danışıb: “Cəmiyyətdə də buna münasibət birmənalı deyil. İnsanların əksəriyyəti şəhid cənazələrində yol verilən belə halların əleyhinədir. Əgər cəmiyyət bunu belə istəmirsə,  bu təqdirdə israr etməyin heç bir mənası yoxdur.

 

Bəzi insanlar burada şüarlar səsləndirərək mübarək şəxslərin adlarını çəkirlər. Əksinə, bu insanlar həmin mübarək şəxslərə və onların onların önə çəkdiyi ülvi dəyərələrə qarşı cəmiyyətdə mənfi  münasibət yaradır və  dini dəyərləri gözdən salırlar. Bu, yolverilməzdir. Həmin insanlar elə bilirlər ki, onlar dini  və müəyyən məzhəbi təbliğ edirlər, lakin bunun tam əksi baş verir. Bu, həmin məzhəb və ümumilikdə dinə qarşı insanlarda ikrah hissi yaradır, çalışmalıyıq ki,  şəhidlərimizi hansısa məzhəbi rəng qatmayacaq şəkildə dini və milli adətlərimizə uyğun olaraq dəfn edək  və ehtiramımızı onlara göstərək.

 

Bu, dinimizin də bizə buyruğudur. Azərbaycanın əksər insanları da bu şəkildə düşünür və bunu da nəzərə almaq lazımdır. Belə insanlara da  mən üzümü tutub demək istəyirəm ki,  onlar özləri də bilmədən təbliğ etdikləri dəyərləri insanların gözündə dəyərsizləşdirirlər. Məsələyə bu prizmadan da yanaşmaq lazımdır. Sosial şəbəkələrə baxdıqda da bunu müşahidə edirəm ki, onların da fikirləri birmənalı deyil. Gündəlik həyatımızda sıravi vətəndaşlarla kiçik bir ünsiyyət belə bəs edər ki, insanların bu məsələ ilə bağlı mənfi fikirlərini öyrənə bilək. Bu, əslində dini dəyərlərin təbliğatı deyil, əks-təbliğatıdır. Bu baxımdan da mən bunu qınayır  və belə halların təkrarlanmayacağına ümid edirəm. Şəhidlərimiz bizim milli və dini adətlərimizə uyğun olaraq dəfn edilməlidir”.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları