Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-15 12:58:00
Nadir İsrafilov: “İxtisası, peşəni seçə bilərdik, vəzifəyə təyinat isə bizlik deyildi”

 

 

Axı, mən ki, müəllimliyi seçmişdim, niyə “düz-əməlli müəllim” ola bilmədim?!

 

Hər yeni dərs ili başlayar, başlamaz istər-istəməz nostalji hisslərə qapılırsan və öz-özünü ittiham edirsən ki, axı mən müəllimliyi seçmişdim, ancaq cəmi 5 il müəllim işləmək mənə nəsib oldu. Müəllim işləmək deyəndə də, əgər buna müəllimlik demək olsaydı. Fəaliyyətə başladığım ilk tədris ilindən müəllim komsomol təşkilatının katibi seçildiyimdən əsas fəaliyyətim dərs deməkdən daha çox, təşkilatçılıqla məşğul olmaqdan ibarət oldu.  

 

Başqa sözlə desək, o dövrün tələblərinə və məndən asılı olmayan səbəblərə görə  peşəyönümümü dəfələrlə dəyişməli oldum. Sonralar, raykom, komsomol mühiti karyerama təsirsiz ötüşmədi. “Müəllimlikdən” “komsomolçuluğa”, sonra isə komsomolçuluqdan tədqiqatçılığa, tədqiqatçılıqdan məmurluğa keçməli oldum.

 

Bizim dövrdə təsadüfi seçim olmurdu, ixtisası, peşəni seçə bilərdik, vəzifəyə təyinat isə bizlik deyildi. Olsa belə bu müəyyən istisnalar ola bilərdi. Kim sənədini hara verirdisə, ora qəbul olmaq şansı da vardı. Uğur qazana bilməyənlər növbəti il şanslarını yoxlayırdılar. Hətta, 3 cəhddən sonra ilk cəhddə uğur qazana bilməyənlərin arzularına çatması halları da az deyildi.

 

 

Mənim ixtisas seçimimdə, bir şəxsiyyət kimi formalaşmağımda şəxsi nümunənin əvəzsiz rolu olub. Belə bir nümunə V sinifdən bizə tarix dərsi deyən bir müəllimimiz olub. O, “Qədim dünya tarixi” dərslərində hələ eramızdan əvvəl baş verən hadisələri elə danışırdı ki, sanki, özü o hadisələrin bilavasitə canlı şahidi olub. Onun mimika və jestlərindən təsirlənərək, biz də özümüzü o zaman baş verənlərin iştirakçısı kimi hiss edirdik. Bu günün özündə də o qənaətdəyəm ki, heç bir texniki vasitə, heç bir yüksək texnologiya müəllimin canlı sözünü əvəz edə bilməz. Həmin müəllimin şəxsi nümunəsi məni məhz tarix ixtisasına və müəllimlik peşəsinə yönəltmiş oldu.

 

 

Yəni, o vaxtlar ali məktəbə qəbul indiki kimi mərkəzləşdirilmiş qaydada keçirilmirdi və çoxpilləli ixtisas seçiminə də ehtiyac qalmırdı. Müəllim olmaq istəyənlər sənədlərini APİ adlanan pedaqoji instituta, mühəndis olmaq istəyənlər Politexnik adlanan texniki instituta, həkim olmaq istəyənlər də AMİ adlanan tibb institutuna verirdilər. “Bal” deyiən anlayış əvəzinə adətən “xal” sözü işlənilirdi. Əsasən 4 fəndən imtahan keçirilirdi. Bir fənn qeyri-profil hesab edilirdi və toplanan xallarda nəzərə aınmırdı. Deyək ki, mənim sənəd verdiyim ali məktəbdə ilk olaraq hər üç fəndən “5” alanlar, daha sonra iki “5” bir “4” alanlar, daha sonra, bir “5”, iki “4” alanlar, daha sonra üç fəndən də “4” alanlar  və bu qayda ilə qəbul limiti bitənə qədər toplum xallar hesablanırdı.

 

 

Elə il ola bilirdi ki, iki “4”, bir “3” alan da qəbul olunsun. Elə il də ola bilərdi ki, üç “4” alan belə qəbuldan kənar qalirdı. O ki, qaldı mənə, iki fəndən (tarix və ədəbiyyat, şifahi) “5”, bir fəndən ( ədəbiyyat yazılı) “4” almışdım. Qiymətlər oxunduqdan sonra, elan etdilər ki, narazı olanlar apellyasiya verə bilərlər. Elə də etdim. Məlum oldu ki, 3 apostrof  və 2 vergül səhvim var imiş. Komissiya üzvlərindən biri yazı işini xeyli seyr edikdən sonra dedi ki, orfoqrafik səhvləri nəzərə alsaq belə, bu uşağın təkcə xəttinə belə əla qiymət düşür. Beləliklə, mən maksimum nəticə ilə ali məktəbə qəbul olunmuş hesab edildim.

 

 

Ali məktəbdə bir professor bizə mühazirə oxuyurdu. Seminarların birində məndən soruşdu ki, mən ki mühazirəmdə bunları sizə deməmişəm, sən hardan bilirsən. Dedim ki, rus dilində filankəsin filan kitabından oxumuşam. Səhərisi gün rus dilində qalın bir kitab gətirib, bunu tərcümə etməyi mənə tapşırdı. Gecəni gündüzə qatıb həmin kitabı tərcümə etdim. Rus dilini səlis bilməyimdən digər müəllimlər də xəbər tutdu. İşim yalnız ayrı-ayrı rus tarixçilərinin, pedaqoq və metodistlərinin kitablarını tərcümə etməkdən ibarət idi. Ağır zəhmət hesabına başa gəlsə də arrtıq, məndən dərs soruşmurdular, zaçot və qiymətlərimi gözüyumulu yazırdılar. İndi də özüm üçün müəyyənləşdirməmişəm ki, bu acı xatirədir yoxsa ki şirin...

 

 

Bəs indi necədir, peşə və ixtisas seçimində, vəzifəyə təyinatda nəyə nail olmuşuq, bu sahədə irəliləyiş mi, geriləmə mi fərqindəyik…? Müəllim peşəsini seçənlər bu peşəyə ürəkdən bağlı olanlardırmı və yaxud bu sahəyə təyinat alanlar bu vəzifənin peşəkarlarıdırmı…? Ən başlıcası isə, bu və bu kimi düşündürücü sualların axtarışına çıxan varmı…? Suallar çoxdur, ancaq bu gün onun yeri deyil. Fürsətdən istifadə edərək peşəsinə, vəzifəsinə ürəkdən bağlı olan, vəzifə öhdəliklərinə hörmətlə yanaşan bütün təhsil işçilərini  ürəkdən və səmimi qəlbdən təbrik edir, onlara təhsilimizin inkişafı və tərəqisi naminə yeni uöurlar arzulayıram.

 

Nadir İSRAFİLOV

Ümumtəhsil məsələləri üzrə mütəxəssis