Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-14 12:50:00
Sabahkı ilk dərs günü necə təşkil olunmalıdır?- Zəruri təkliflər

 

 “Məktəblərdə hərbi hazırlıq kurslarını yenidən bərpa etməyə ehtiyac var”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında  tanınmış pedaqoq, ADPU-nun dosenti  İlham Əhmədov deyib.

 

12 sentyabr tarixində Azərbaycan-Ermənistan sərhədində baş verən qarşıdurma nəticəsində ölkəmizin bütövlüyü uğrunda 50 hərbçimiz  şəhid olub.

 

15 sentyabr tarixində isə yeni tədris ili başlayır. Acımızın olduğu belə zamanlarda Bilik Günün necə təşkil edilməlidir?

 

Bununla bağlı İlham Əhmədov fikirlərini bildirib:

 

“Hesab edirəm ki, bütün məktəblərdə şəhidlərin əziz xatirəsi anılmalıdır. Şagirdlərlə vətənpərvərlik mövzusunda geniş söhbətlər aparılmalıdır. 44 günlük müharibə dövrü və hazırda apardığımız mübarizə haqqında onlara məlumat verilməlidir. Məktəblilərə Ermənistan tərəfindən atəşkəsin pozulması nəticəsində başlayan qarşıdurmaya ölkəmiz tərəfindən layiqli cavabın verilməsi, o cümlədən Cənab Prezidentin müraciəti və şəhid ailələrinə verdiyi başsağlığı çatdırılmalıdır. Prezidentin qeyd etdiyi kimi ermənilər layiqli cavablarını aldılar, şəhidlərin qanı yerdə qalmadı. Bu mövzular ətrafında şagirdlərlə maarifləndirici söhbətlər aparılmalıdır. Bununla da onlarda vətənpərvərlik əhvalı yüksələcək. Şagirdlər biləcəklər ki, gələcəkdə onlar  hər an vətən torpağını müdafiə etməyə hazır olmalıdılar. Çünki vətəni hər insan sevməli və onun üçün ölümə getməyə hazır olmalıdır. Abbas Səhət deyib ki, vətəni sevməyən insan olmaz, olsa da, o şəxsdə də vicdan olmaz. Ona görə də şagirdləri yalnız bu hadisə zamanı deyil, həmişə vətənpərvərlik ruhunda tərbiyə etməliyik”.

 

O, hərbi dərslərin yenidən bərpa edilməsinə ehtiyacın olduğunu vurğulayıb:

 

Vaxtı ilə məktəblərdə hərbi hazırlıq kursları var idi. Onları yenidən bərpa etməyə ehtiyac var. Şagirdlər elementar hərbi bilik və bacarıqlara malik olmalıdılar. Onlar əsgərlik dövrünə qədər vərdişlərə yiyələnməlidir. Elə regionda yerləşirik ki,bizi   dost kimi görməyən ölkələr də var, eyni zamanda Azərbaycan Türkiyə dostluq və qardaşlığı da şagirdlər üçün örnək olmalıdılar. Hər zaman vətənpərvərlikdə bu kimi nüansları qeyd etmək lazımdır. Uşaqlara çatdırmaq lazımdır ki, regionda bizi dəstəkləyən Türkiyə kimi müttəfiqimiz var,  onunla birlikdə  düşmənlərə qarşı mübarizə aparmağa razıyıq.

 

Məktəblərimizin çoxunda elektron lövhələr var, onlar vasitəsi ilə  şagirdlərə videoroliklər göstərmək lazımdır. Audioviziul vasitələrlə şagirdlərə daha maraqlı videolar təqdim etmək lazımdır”.

 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyindən  verilən məlumata görə, bununla əlaqədar olaraq, ümumtəhsil məktəblərinin rəhbər və pedaqoji heyətinə 15 sentyabr – “Bilik Günü”nün təntənəli şəkildə qeyd edilməməsi tapşırılıb. Valideynlərin isə bu məsələni anlayışla qarşılamaları xahiş olunur.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları