Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-14 09:54:00
Qobustanda iki məktəb açılışı olub

Qobustan rayonunda Əbülfəz İbrahimov adına Nabur kənd və Əlvan Nəbiyev adına Təklə Mirzəbaba kənd tam orta məktəbləri üçün yeni tikilmiş tədris binalarının açılış mərasimi keçirilib.

 

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, açılış mərasimlərində Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Rövşən Əliyev, Qobustan Rayon İcra Hakimiyyəti başçısı Adil Məmmədov iştirak edib.

 

Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

 

Tədbir iştirakçıları daha sonra hər iki məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.

 

Bildirilib ki, Qobustan rayon Təklə Mirzəbaba kənd Əlvan Nəbiyev adına tam orta məktəbi 1969-cu ildə 8 illik məktəb kimi fəaliyyətə başlayıb. 1978-ci ildən 11 illik məktəb kimi fəaliyyətini davam etdirir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Elm və Təhsil Nazirliyinin sifarişinə əsasən məktəb üçün 132 şagird yerlik yeni tədris binası tikilib. Hazırda məktəbdə 10 sinif komplektində 95 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 23 müəllim məşğul olur. 2021-2022-ci tədris ilində məktəbi bitirən 11 məzundan 7-si tələbə adını qazanıb.

 

Qobustan rayon Nabur kənd Əbülfəz İbrahimov adına tam orta məktəbi üçün Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Elm və Təhsil Nazirliyinin sifarişinə əsasən 264 şagird yerlik yeni tədris binası tikilib.

 

Hazırda məktəbdə 17 sinif komplektində 315 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 30 müəllim məşğul olur.