Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-07 18:24:00
Könül Təhməzova: “Ən böyük məsuliyyətimiz sürətli inkişafa təkan vermək, şagirdlərimizi yeni həyata hazırlamaqdır”

Bu gün “Marriott Hotel”də Bakı şəhər Təhsil İdarəsinin sentyabr konfransı keçirilib. Elm və təhsil nazirinin iştirak etdiyi konfransda rektorlar, millət vəkilləri və təhsil işçiləri iştirak edib.

 

Konfransda çıxış edən Bakı şəhəri 7 nömrəli tam orta məktəbin direktoru Könül Təhməzova bildirib ki, ölkəmiz işğaldan azad etdiyi torpaqlarla bütöv və çiçəklənən dövrünü yaşayır. O vurğulayıb ki, bu mərhələdə inkişaf üçün dərin təfəkkürlü, yaradıcı düşüncəyə malik, yüksək potensiallı kadrların yetişdirilməsi ən prioritet istiqamətlərdəndir:

 

“Bu cəhətdən biz təhsil işçiləri üçün ən böyük məsuliyyət sürətli inkişafa təkan vermək, şagirdlərimizi yeni həyata hazırlamaqdır. Çox yaxın tariximizdə əldə etdiyimiz böyük Zəfərdə rəqəmsal texnologiyanın danılmaz rolu hamımızın xatirindədir. Son dövrlərdə təşkil olunmuş texnoloji festivallar, elm sərgiləri və digər layihələr məhz gənc nəslin daha yaradıcı, daha səriştəli yetişməsinə imkan yaradır”.

 

Direktor nazirlik tərəfindən təşkil edilən “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi”nin əhəmiyyətinə toxunub: “Bu müsabiqənin keçirilməsi təhsil müəssisələrində innovativ ideyaların tətbiqinə və maliyyələşməsinə şərait yaradır. 6 ildir həyata keçirilən bu layihələr təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabəti, innovativ fəaliyyəti stimullaşdırmaq məqsədi daşıyaraq təhsilimizin inkişafına xidmət edir.

 

Bakı şəhəri 7 nömrəli tam orta məktəb Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində “Təhsildə 3D texnologiyalarının tətbiqi” layihəsi ilə qalib oldu. Layihənin məqsədi təhsildə müasir texnologiyalar vasitəsilə şəgirdlərin tədrisə marağını artırmaq və dərslərin öyrənilməsində daha effektiv, interaktiv metodları təkmilləşdirməkdən ibarətdir. Bütün bunlar müasir təhsilə adaptasiya baxımından çox vacibdir”.

 

K.Təhməzova bildirib ki, layihənin əsas predmeti olan VR eynəklərdən istifadə dərslərdə şagirdlərin gördüyü, eşitdiyi, yanına gedib toxunduğu və hərəkət etdirdiyi bir obyekt haqqında məlumatı dərindən öyrənmələrinə gətirib çıxarır. O deyib ki, bu yolla öyrənmə və dərketmə daha effektiv və qalıcı olur:

 

“Dərslərin sərhədsiz olması və praktik təhsilin təşviqi də Virtual Reallıq eynəklərinin bizə verdiyi sərhədsiz imkanlardandır. Bir məqamı da nəzərinizə çatdırmaq istəyirəm ki, layihənin icrası zamanı maddi texniki baza, xüsusilə İKT avadanlıqları müasir standartlara cavab verməli, VR eynəkləri üçün Azərbaycan dilində tədris resursları da olmalıdır. Eyni zamanda hər bir dərslik və ya dərs materialı üçün dəstəkləyici proqramların qurulması, materialların ingilis dilində olması layihə boyu qarşılaşdığımız çətinliklər idi. Bu çətinliklər bizdə VI qrant müsabiqəsində “Təhsildə VR texnologiyaları üçün dərsliklərin hazırlanması” istiqamətini formalaşdırdı. “Təhsildə VR texnologiyaları üçün dərsliklərin hazırlanması” layihəsi məhz bu zərurətdən yarandı. VR eynəkləri ölkəmizdə yeni olmasına baxmayaraq, layihə əsasında təhsilə inteqrasiya edilərək 4 məktəbdə tətbiq edildi”.

 

Direktor qeyd edib ki, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən qrant layihələrlə işləmək məktəb rəhbərlərində, müəllimlərdə layihə yazma, ideya formalaşdırma və təşəbbüskarlıq kimi bacarıqları inkişaf etdirir: “Həmçinin onlar maliyyənin idarə olunması səriştəsinə də yiyələnirlər. Qrant müsabiqələrə təqdim olunan layihə mövzularında beynəlxalq təhsil sistemində baş verən yeniliklər nəzərə alındığı üçün onların təsir dairəsi yalnız təhsilalanları və pedaqoji heyəti deyil, valideynləri də əhatə edir. Təhsil prosesində çox da fəal iştirak etməyən valideynlər belə layihələr çərçivəsində həyata keçirilən proseslərdə məktəb heyəti ilə birgə fəaliyyət göstərirlər”.

 

Könül Təhməzova konfransda çıxışını müəllimlərə müraciətlə yekunlaşdırıb: “Fürsətdən istifadə edib buradan direktor həmkarlarıma, müəllimlərə səslənərək demək istəyirəm ki,bu gün sizin də bildiyiniz kimi hər hansı bir zaman kəsiyində hədəfə yönələn innovasiyalar şəbəkəsinə qoşulmanıza heç bir maneə yoxdur. Ona görə də hər birinizi öz ideyalarınızı həyata keçirmək üçün yaradılan bu fürsətdən yararlanaraq təhsilə töhfənizi vermək üçün qrant layihələrdə iştirak etməyə səsləyirəm”. (editor.az)