Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-05 15:00:00
Mütəxəssis: “Yüksək bal toplayan abituriyentlər nisbətən assosial olurlar”

"Abituriyentin ali məktəblərə qəbul imtahanında topladığı bal onun intellekt səviyyəsini əks etdirmir. Nəzərə almaq lazımdır ki, test imtahanında analitik bacarıqları yoxlamaq bir o qədər də mümkün deyil. Ona görə də az bal toplayanların dünyagörüşünün aşağı olduğunu iddia etmək doğru deyil. Əksinə, yüksək ballı abituriyentlər imtahana hazırlıq prosesinə çox vaxt sərf etdiklərinə görə onlar cəmiyyətdən uzaqlaşır, nisbətən assosial olurlar”.

 

Bu fikirləri AzEdu.az-a müsahibəsində UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri, ali təhsil üzrə mütəxəssis Xətai Alıyev deyib.

 

Mütəxəssis qeyd edib ki, hazırda 200 bal toplayanlarla 600 bal toplayan tələbələr nadir hallarda eyni qruplarda toplaşırlar: “Açığı hesab etmirəm ki, tələbələrin dünyagörüşü, savadlılıq dərəcəsi onların inteqrasiyasına problem yaratsın. Burada problem yaradan məqam dərslərin çətinlik dərəcəsi ilə bağlı ola bilər. Məsələn, ağır yüklü dərsləri aşağı ballı tələbələrin qavraması daha çətin olar. Bu, tələbələr arasında umumi uyğunsuzluq yarada bilər. İstənilən halda, bu kimi halların kəskin psixoloji gərginliyə səbəb olacağını hesab etmirəm. Əgər doğrudan da aşağı bal toplayan tələbə digərləri ilə ayaq uydura bilməzsə, o, öyrənilməsi daha Rahat olan digər ixtisaslara transfer oluna bilər. Təcrübədə belə hallara rast gəlinir. Lakin istənilən tələbə öz üzərində çalışaraq inkişafa nail ola və ixtisasını yaxşı mənimsəyə bilər. Şəxsi təcrübəmə əsasən deyirəm ki, bəzi qruplarda hətta subbakalavr kimi universitətə daxil olmuş tələbələr digərlərindən daha uğurlu olurlar. Yəni kollecdə bazaları zəif olsa da, üzərlərində çalışaraq yaxşı nəticə əldə edə bilirlər. Hesab edirəm ki, universitətə qəbul balı həlledici faktor deyil”.