https://modern.az/
2022-09-05 14:36:00
Oğlu tərəfindən öldürülən, taxtı elmə qurban verən dahi alim-Teymur nəvəsinin portreti

 

Ucsuz-bucaqsız çöllərdə 3 dəvə ilə səfərə çıxan yolçular uzaqdan onlara tərəf iki çaparın gəldiyini görür. Çaparlardan biri onlara çatdıqda yolçuları salamlamadan həmən fərmanı oxuyur:

 

“Əmir Əbdüllətifdən əmr gəlib ki, siz bizimlə getməlisiz. Sizi Həcc ziyarətinə adınıza layiq şəkildə ən yaxın kənddən yola salacaqlar.

Hamı cəmi bir gün qabaq bu çaparlara əmrlər verən, indi isə onların diktəsi ilə hərəkət etməyə məcbur olan Uluqbəyə baxır. Taxtdan salınan əmir Uluqbəy təmkinini itirməsə də, bir anlıq nə baş verdiyini anlamır. Oğlu Əbdüllətiflə aralarındakı danışıq belə olmamışdı. Əbdüllətif tərəfindən taxtdan endirilən zaman ondan yalnız bir xahişi olmuşdu: böyük alim Qiyasəddin Cəmşid Kaşaninin səyi nəticəsində tikdirdiyi rəsədxanaya gedib orada ömrünün sonuna qədər elmlə məşğul olsun.

Əbdüllətif və şeyxlərdən ibarət olan divan bunu qəbul edib Uluqbəyin qarşısına şərt qoymuşdular ki, əgər Məkkəni ziyarət edib “din”ə gəlsə, həmişəlik Səmərqənddəki rəsədxanasında yaşaya bilər. Uluqbəy də razılaşmışdı. Bir neçə sadiq adamı ilə bərabər səfər tədarükünü görmüşdü. Amma xəbəri yox idi ki, üsyan nəticəsində əmir olan oğlu onu yola salandan sonra başqa bir tədbirə əl atıb atasını edam etdirmək üçün yollar arayıb...

Çapar əmirdən gələn fərmanı deyəndə Uluqbəy artıq məsələnin nə yerdə olduğunu anladı. Bilirdi ki, atlının dediyi kənddə onu xüsusi mərasim yox, məhz ölüm gözləyir.

Uluqbəy çaparların baxışları altında son həyat məntəqəsi olacaq həmin kəndə doğru gedə-gedə bütün ömrünü gözlərinin qabağına gətirirdi. Nədənsə, babası Əmir Teymuru xatırladı. Əmir Teymurun ona olan sevgisi dillər əzbəri olmuşdu. Baba-nəvə sevgisi haqqında belə bir rəvayət də var idi:

“Çox güclü hissiyatı olan Teymur Mardin adlanan türk ərazisini işğal edib ertəsi gün bütün əhalini qılıncdan keçirməyi düşünür. Amma ağrılardan və şərabdan taqətsiz halda öz çadırında uzanan zaman çaparın gətirdiyi xəbər əhvalını yaxşılaşdırır. Ona bildirirlər ki, böyük oğlu Şahruhun ilk övladı dünyaya gəlib. Teymur o zaman bir neçə gün bundan əvvəl gördüyü yuxunu xatırlayır. Yuxuda öz soyundan tam fərqli bir insanın dünyaya gəlməsi səbəbilə əmiri müjdələmişdilər. Çaparın xəbərindən sonra həmin yuxunu bir daha xatırlayır və Mardin əhalisini qırmaqdan vaz keçir”.

 

Bu əhvalatı Əmir Teymurun özü Uluqbəyə danışmışdı. Sonradan Türküstan əmiri kimi taxta əyləşsə də, bütün gününü kitabxana və rəsədxanada keçirəcək Uluqbəy, hələ o zaman Turğay xan idi. Bütün dünyanın qarşısında tir-tir əsdiyi babası Teymur ondan hər dəfə könlünün nə istədiyini soruşanda Turğay ancaq göylərdən danışardı. Müəllimlərindən öyrəndiklərini babasına deyir və göyləri öyrənmək istədiyini gizlətmirdi.

 

Haşiyə-1: Atlıların edama apardığı Uluqbəy Teymur səltənətinin ən zəkalı mirzəsi idi. (Teymurilərdə varis “mirzə” adlanırdı - E.N.)

 

Odur ki, onun evliliyi və taxta çıxması da daha tez baş verir. Cəmi 10 yaşında evləndirilir, 16 yaşında isə taxta çıxarılır. Bunların heç biri onun iradəsi ilə baş vermir. O, ancaq oxumaq, göylərin sirrini bilmək, ulduzları tədqiq etmək barəsində düşünürdü. Bu sevdası 12 yaşı olan zaman daha da artır. Çünki həmin vaxt Marağa şəhərinə gedir və oradakı məşhur rəsədxananı görüb heyran qalır. Böyük Nəsrəddin Tusinin ideyası olan bu rəsədxanada 400 mindən çox əsərin nüsxələri saxlanılırdı. Bir neçə gün rəsədxanada qalan Uluqbəy ömrünün sonrakı şifrələrini də burada cızır. Qət edir ki, əmir olan kimi rəsədxana tikdirmək üçün əmr verəcək. Özünə onu da söz verir ki, gələcəkdə bu nəhəng elm ocağının banisi olan Tusinin “Elxani cədvəlləri”nə bərabər bir əsər yazacaq. Elə də olur. 1447-ci ildə taxta çıxan Uluqbəy dövrün iki böyük alimi Qiyasəddin Cəmşid Kaşani və Qazızadə Rumiyə nəhəng rəsədxana tikdirmələrini əmr edir. Rəsədxana cəmi 3 ilə hazır olur. Onluq kəsr sisteminin və bir çox riyazi yeniliklərin banisi olan Cəmşid Kaşani elm ocağının rəhbəri seçilir. Dövrünün Əflatunu kimi tanınan Qazızadə Rumi isə onun köməkçisi olur. Bu rəsədxanadan sonra Uluqbəy dövlət işlərindən tamamilə uzaqlaşır. Özünü bütünlüklə elmə həsr edir. Uzunmüddətli elmi araşdırmalar və müşahidələrdən sonra onu bütün dünyada məşhurlaşdıracaq “Ulduz cədvəlləri” əsərini yazır. Həmin əsər sonradan ingilis, fransız, alman, rus dillərinə çevrilir və düz XVIII əsrə qədər astronomların əsas metodik vəsaiti olur.

 

...Artıq çaparın dediyi kəndə çox az qalıb. Uluqbəy oğlu Əbdüllətifin ona qarşı bu qədər nifrət bəsləməsinin səbəbini özü üçün aydınlaşdırmağa çalışır.

 

Tərkində olduğu atın yorğa yerişi bu düşüncələrə əlavə ağırlıq gətirir. Xatırlayır ki, bir dəfə çox yaxşı bildiyi ulduz falına baxaraq, özünün gələcək aqibətini öyrənmək istəyir. Fala baxıb görür ki, onun ölümü oğlu Əbdüllətif tərəfindən olacaq. Təbii ki, dövrün böyük riyaziyyatçısı və astronomu üçün fal o qədər də ciddi əhəmiyyət daşımırdı. Amma fala inanmağına da əsas var idi. Əvvəlcədən bütün meylini kiçik oğlu Əbdüləzizə salmışdı. Çünki Əbdüləziz də atası kimi elmlə çox maraqlanırdı. Əbdüllətif isə öz geninə atası kimi “asi olmayıb” qılıncdan yapışmışdı. Uluqbəy bu səbəbdən böyük oğlunu atası Şahruhun yanına - Herata yollayır və onu mirasdan məhrum edir. Qılınc tərbiyəsi ilə böyüyən Əbdüllətifin bundan sonra ağıllanacağını düşünür. Amma belə olmur.

Heratda olduğu hər gün onu atasına qarşı nifrətlə silahlandırır. Babası Şahruhun ölümündən sonra isə fürsətdən istifadə edib başına xeyli silahlı dəstə toplayır. Başı elmə qarışan atasının sarayına hücum edir. Bir neçə saat ərzində sarayı ələ keçirir. Çünki saraydakı xeyli əsilzadələr də Uluqbəydən xəbərsiz Əbdüllətifə satılmışdı.

Haşiyə-2: Uluqbəyin ölümündən sonra Səmərqənddəki elmi mühit tamamilə sönür. Kimsə sarayın qorxusundan elmlə məşğul olmur. Xalqda şəriətə kütləvi meyil get-gedə artır.

Nəticədə Səmərqənd rəsədxanası, ümumiyyətlə, oradakı elmi mühit öz əvvəlki nüfuzunu itirir. Amma tarix öz qoynunda yalnız ali məfhumları qoruyub saxlayır. XX əsrin əvvəllərində yer altından tapılan Uluqbəy rəsədxanası elm üçün yeni sirləri açmış olur. Bu tapıntının tarixinə qısa nəzər salaq:

 

1908-ci ildə rus arxeoloqu Vyatkin Səmərqənd ətrafında arxeoloji qazıntılar aparır. Arxivlərdə çalışır, qocalarla söhbətlər edir. Torpaq İdarəsinin arxivinə də gedir. Bir neçə ay orada çalışır. Gərgin axtarışdan sonra XVII əsrə aid bir sənəd tapır. Sənəddə “təlli-rəsəd” adı ilə bir sahənin satılmasından bəhs edilir. Müəyyən olunur ki, həmin sahə Qırxqız qəbiristanlığı yaxınlığındakı Kuhək təpəsində yerləşir. Beləliklə, Vyatkin rəsədxananın harada olduğunu təxminən müəyyən edir. Səhəri həmin sahəyə gəlir.

Tələsmədən təpəyə qalxır. Ətrafı seyr edir. Aşağıda dayanmış dehqanlar ona yaxınlaşır və deyir:

- Bura müqəddəs yerdir, buranı qazmaq olmaz. Burada məzar var!

- Axı məzar bütün təpəni tuta bilməz!

- Çox-çox əvvəl burada Uluqbəyin rəsədxanası olub.

- Bax, mən o rəsədxananı axtarıram...

Təəssüflər olsun ki, rus arxeoloqu müəyyən səbəblərdən bu işi sona çatdıra bilmir.

Rəsədxanada qazıntı işləri bir də 1941-ci ildə II Dünya müharibəsinə az qalmış başlanır. Lakin iyunun 22-də müharibə başlanması səbəbindən dayandırılır.

 

1948-ci ildə start götürən sonuncu qazıntı işləri öz müsbət nəticəsini verir. Tam halı ilə aşkarlanan rəsədxana yenidən qurulur.

 

Səmərqəndin dörd tərəfindən də aydın görünən təpənin üstündə girdə, tənha və sirli bir bina ucaldılır. Damında müxtəlif cihazlar yerləşdirilir. Mərkəzində Vyatkinin tapdığı kvadrat möhkəmləndirilir. Kvadratın bir ucu yerin altında basdırılır, o biri ucu binanın çölünə çıxarılır. Onun hər iki tərəfində ulduzları və günəşi müşahidə etmək, nəzəri işlər görmək üçün müxtəlif inşa işləri aparılır.

 

Rəsədxananın içəri divarları şəkillərlə, sxemlərlə bəzədilir. Şəkil və sxemlərdə yeddi qübbə, doqquz səma, yeddi planet, ulduzlar və iqlim qurşaqlarına ayrılmış Yer kürəsi göstərilir. Orada həm də zəngin kitabxana yaradılır. Çünki rəsədxana təkcə ulduzları müşahidə yeri kimi nəzərdə tutulmamışdı, burada dövrün ən bilikli adamları - riyaziyyatçılar, filosoflar çalışmışdılar. Təbii ki, rəsədxanada rəmmallar da olmuşdu.

 

Bu faktları qeyd etməyimizin əsas səbəbi elmin ölməzliyini göstərməkdir. Bəli, zaman qəliblərinə sığmayaraq Uluqbəyi yenidən yaşadan məhz elmdir.

 

Uluqbəy astronom kimi Avropa üçün yenidən kəşf olunur. Uluqbəyi özünə ustad hesab edən alman alimi İohann Henrix Ayda kəşf etdiyi kraterə onun adını verir.

 

...Nəhayət, həmin kəndə gəlib çatırlar. Uluqbəyin gümanları doğrulur. Onu qarşılamaq və buradan Həccə yola salmaq üçün heç bir mərasim qurulmamışdı. Həmin kəndin meydanında Abbas adlı bir cəllad Uluqbəyi gözləyirdi. O Abbas ki, bir neçə il bundan əvvəl əmir onun atasını rüşvət aldığı üçün edam etdirmişdi. O səbəbdən də qisas eşqi ilə qılıncını itiləyən Abbas böyük səbirsizliklə çaparların gətirdiyi Uluqbəyin əllərinin bağlanmasını və başının edam kötüyünə qoyulmasını gözləyir.

 

Çaparlar dövrün böyük aliminin əllərini bağlasalar da, edam kötüyünə təhvil vermirlər. Oğlu Əbdüllətifin son “lütf”ünü ona çatdırırlar: “Əgər elmdən tamamilə uzaqlaşıb özünü dinə həsr etsən və etdiklərinə görə üzr istəsən, səni əfv edərəm”.

 

Uluqbəy çapara baxıb gülümsünür. Onun sözsüz cavabı hamını heyrətləndirir.

 

“Söz“ artıq bayaqdan öz növbəsini gözləyən Abbasın idi...