Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-05 13:23:00
Tələbələrin böyük dərdi – Bakıda kirayə evlər tapılmır-FANTASTİK QİYMƏTLƏR

 

 

“Əvvəllər tələbələr 250-300 manata normal şəraitli evlər tapa bilirdilərsə, indi belə mənzillərin qiyməti 400 manatdan başlayır”.

 

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Hazırda tələbələri narahat edən əsas məsələ yaşayış yeri ilə bağlıdır.

 

Paytaxtda yerləşən  universitetlərdə təhsil alan, xüsusilə də ali məktəbə yeni qəbul olan tələbələr və onların valideynləri normal şəraitdə münasib qiymətə ev tapmaqda çətinlik çəkirlər. Ya qiymət bahadır, ya da evin vəziyyəti ürəkaçan deyil.

 

Bəs hazırda ümumilikdə kirayə mənzil bazarında vəziyyət necədir? Mövcud problemlər nədən qaynaqlanır?

 

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev AzEdu.az-a açıqlamasında mövcud problemlərin səbəblərinə aydınlıq gətirib:

 

“Hər il avqust ayının sonundan sentyabr ayının ilk yarısına kimi olan müddətdə kirayə mənzil bazarında ciddi canlanma müşahidə olunur. Buna səbəb isə paytaxt universitetlərində təhsil alan bölgələrimizdən olan tələbələrdir. Hər il əvvəlki illərlə müqayisədə kirayə mənzil bazarında mənzil qıtlığı və qiymət artımı müşahidə olunur. Bəs buna səbəb nədir? 2016-cı ildən başlayaraq Bakı şəhərində pilot layihələr çərçivəsində söküntü işləri aparılır. Yəni istismar müddəti bitmiş 4-5 mərtəbəli köhnə binalar sökülür, yerində hündür mərtəbəli binalar tikilir. Bu zaman isə həmin köhnə tikililərdə olan kirayə  mənzillər də bazardan çıxır. Həmçinin, o tikililərdə yaşayan sakinlər yeni bina istifadəyə verilənə kimi məcburən özləri də müəyyən müddətdə kirayədə qalmalı olurlar. Paytaxtda bir çox ərazilər var ki, tələbə həyət evlərindən ibarət idilər, orada tələbələr üçün ev tapmaq rahat idi. Nərimanov və Yasamal rayonlarında belə ərazilər vardı ki, tələbələr oralarda 100-150 manata həyət evləri tapa bilirdilər. Ancaq onlar da sökülüb və yerində hündürmərtəbəli binalar tikilib. Nəticədə isə köhnə binalarda birotaqlı mənzilin kirayə qiyməti 300 manat idisə, yeni binalarda bu rəqəm 500 manat təşkil edir. Hazırda  paytaxtda 11 minə yaxın istismar müddəti bitmiş köhnə çoxmənzilli tikili var ki, onlar da mərhələli şəkildə sökülməlidir. Zamanla da bu işlər həyata keçirilir”.

 

No description available.

 

Ekspert qiymətlərin əvvəlki illərlə müqayisədə daha da artdığını söyləyib:

 

“Regionlardan paytaxta gələn tələbələrin sayı minlərlədir. Bu da o deməkdir ki, minlərlə mənzil də elə tələbələr tərəfindən kirayələnir. Bu gün isə tələbələr ev tapmaqda çox çətinlik çəkirlər. Həm ev qıtlığı, həm də qiymət artımı problemi mövcuddur. Nəzərə alaq ki, kirayə ev axtaranlar sadəcə tələbələr deyil. Bakı ərazisində kifayət qədər evə ehtiyacı olan insanlar var. Əvvəllər tələbələr 250-300 manata normal şəraitli evlər tapa bilirdilərsə, indi belə mənzillərin qiyməti 400 manatdan başlayır. Belə olan halda nə baş verir? Birotaqlı mənzildə normal yaşayış və dərslərini rahat oxuya bilmələri üçün maksimum 2 tələbə qalmalıdırsa, qiymət çoxluğu səbəbilə məcburən 3, 4, 5 tələbə qalmalı olur. Bu da sıxlığa səbəb olur, onların dərslə məşğul olmasında da problem yaranır. Düşünürəm ki, yaxın 5 il ərzində paytaxt ərazisində ucuz kirayə mənzil tapmaq daha da çətin olacaq. Nəticədə isə tələbələr Bakı ətrafı ərazilərə üz tutmalı olacaqlar. Amma bu zaman da onların universitetə gediş-gəlişi çox zaman alacaq”.

 

O, qəzalı vəziyyətdə olan köhnə yataqxanaların yenidən inşasının vacib olduğunu vurğulayıb:

 

“Bu problemlərin aradan qaldırılması üçün tələbə yataqxanaları mütləq şəkildə bərpa edilməlidir. Sovetlər dövründə demək olar ki, bütün ali təhsil müəssisələrinin yataqxanaları mövcud idi. Birinci Qarabağ müharibəsindən sonra bizim qaçqın və məcburi köçkünlərimiz bu yataqxanalarda məskunlaşmağa məcbur oldular. Daha sonra onlar üçün binalar ayrıldı, köçürüldülər. Ancaq o yataqxanalar yaşayışa uyğun vəziyyətdə deyil. Əgər torpaq sahəsi varsa, köhnə yataqxanaları söküb yerində daha müasir, hüdürmərtəbəli böyük yataqxanalar tikməklə həm tələbələrin  çətinliyi aradan qalxar, həm də kirayə mənzil bazarındakı problem həll olar”.