Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-01 15:31:00
Nadir İsrafilov: ”Dünən bizi yetişdirən də müəllimdir, bugünki müəllimi yetişdirən də bizik...”-IV  Yazı  

 

 

 

”Müəllimi savadsız adlandırmaq - bu, şərəfli peşənin müqəddəsliyinə şübhə ilə yanaşmaqdır”

 

Nadir müəllim Nazirin “Bəzi müəllimlərin şagird qarşısına çıxması günahdır” kimi açıqlaması müəllimlərimizin savadsız olması anlamına gəlirmi?

 

Söhbət bəzi müəllimlərdən getsə belə, mən müəllimlərin savadsız  olmasına dair istənilən iddialarla heç bir halda razılaşa bilmərəm.  Bu, onsuz da dilə-dişə saldığımız müəllim peşəsinə növbəti zərbə olar. Sadəcə olaraq, hazırlıqlı müəllimlər var, zəif hazırlığa malik müəllimlər var, baxmayaraq ki, ikincilərin sayı birincilərdən o qədər də az deyil. Məhz buna görə də müəllimin peşə yararlığı və peşəkarlıq səviyyəsinin ölçülməsi və qiymətləndirilməsi məqsədilə sertifikasiya prosesin start verilib. Vəziyyətin belə hal alması da  müəllimin günahı yox, daha çox “Təhsildə hansısa şəxslər tərəfindən buraxılan səhvlər”in nəticəsidir.

 

Əbəs yerə deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda  “Peşəkarlığa əsaslanan stimullaşdırıcı əməkhaqqı sisteminin olmaması, təhsil müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi, müəllim hazırlığı üzrə infrastrukturun zəif olması müəllim nüfuzuna təsir edən amillər sırasında olması” xüsusi olaraq vurğulandı. Bütün bunlar nəzərə alınaraq, “təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməsi, strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması” zəruriliyi önə çəkildi.

 

Nə baş verirdi?  Dəyərlər dəyişib, yoxsa biz dəyişmişik…? Bu, nə səmiyyətdir, bu, nə mədəniyyətdir – məktəbin, müəllimin müdafiəsinə qalxanı məsxərəyə qoyuruq!? Nə oldu ki, birdən-birə məktəb “məbədgah”lığını, müəllim “müqəddəs”liyini itirdi?  Bəs, “savadsız müəııimlər”, “saxta müəllimlər”, “filan qədər müəllim imtahandan kəsildi”, “filan qədər müllim sıfır bal topladı”,“filan direktor işdən qovuldu” və s. bu kimi fikirlər səsləndirəndə, “pul yığan müəllimlərə ciddi xəbərdarlıq” kimi rəsmi bəyanatlar verəndə bunu düşünmürdük? Yəni, dünyanın hansı sivil ölkəsində belə xəbərdarlıqlar edilir? “Müəllim günü”nə bir həftə qalmış, başlayırıq ki, ay aman qoymayın…
Dünən bizi yetişdirən də müəllimdir, bugünki müəllimi yetişdirən də bizik. Elə isə gəlin emosiyaları və ambisiyaları bir kənara qoyaq, həqiqətin üzünə bir az açıq gözlə baxaq…

 

Bir vaxtlar hamını müəllim imtahana çəkərdi, indi müəllimi imtahana çəkirik. Çəkək, cəmiyyət qarşısında müəllimin nə kimi məsuliyyət daşıdığını bir daha ona xatırladaq, lakin kimlərinsə uğursuzluqlarına bu qədər sevincək olmayaq, real duruma görə bir-birimizə “göz aydınlığı” verməyək. Bir də ki, sıravi müəllimlərə təqdim etdiyimiz testlərdə sual və tapşırıqları ifrat dərəcədə qəlizləşdirmək yolundan bir az çəkinək. Elə çixmasın ki, guya imtahan edən başqa planetdən gəlib, imtahan verən də başqa bir yad planetlilərdəndir. Bir məqamı da nəzərə almalıyıq ki, nə qədər ki, müəllim hazırlığı ilə məşğul olanları deyil, yalnız siravi müəllimləri imtahan edəcəyik, hədəf yenə müəllim olacaq. Hədəfi dəyişməliyik.

 

O ki, qaldı keyfiyyətli təhsil üçün hansı addımlar atılmalı olduğuna, ilk addım ondan ibarət olmalıdır ki, təhsilə baxışımız, yanaşma tərsimiz dəyişməlidir. Məktəbə, müəllimə yerli-yersiz hüçümlar dayandırılmalı, məktəbin, müəllimin nüfuzunun qaldırılması üçün bütün səylər birləşdirilməlidir. İlk növbədə müəllim əlavə yükdən azad olunmalı, onun dərsə hazırlaşmasına maneçilik törədən əlavə baryerlər aradan qaldırılmalıdır. Vəziyyətin bu həddə çatması müəllimin günahı deyil, vaxtında onu aşağı balla ali məktəbə qəbul edənin və hazırlıq səviyyəsini lazımınca qiymətləndirməyən işə götürənin günahıdır. Belə ki, dünən bizi yetişdirən də müəllimdir, bugünki müəllimi yetişdirən də bizik...

 

 

(Davamı var)