Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-31 15:03:00
Deputat: “Ana dilində orta təhsil alanların şəxsiyyəti daha mükəmməl olur”

“Ölkədə azərbaycanlıların orta təhsilini rus dilində almasına liberal yanaşılır. Bu, dünya şərtlərindən, müəyən qədər də tarixi həqiqətlərdən irəli gəlir. Yəni liberallıq və loyallıqdan imtina etmək praktiki olaraq çətindir. Əlbəttə ki, hər xalqın nümayəndəsinin orta təhsilini öz ana dilində alması daha yaxşı olar. Ana dilində təhsil almağın faydası psixoloji, etnik və kulturoloji cəhətdən özünü doğruldur. Bu, müzakirə mövzusu deyil. Sözsüz ki, ana dilində orta təhsil alanların şəxsiyyəti daha mükəmməl olur”.

Bunu AzEdu.az-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Nizami Cəfərov deyib.

Deputat qeyd edib ki, xalqın tarixi, ana dili, ədəbiyyatı və ümumilikdə mədəniyyəti ilə bağlı bəzi məsələlər uşağa mütləq şəkildə daha az yaşlarında və ya yeniyətmə dövründə ana dilində öyrədilməlidir: “Bəzi mövzuları əncəbi dildə öyrənmək çətinlik yarada bilər. Lakin ali təhsilə gəldikdə isə, tədris üçün istənilən dili seçmək mümkündür, çünki həmin vaxt şəxsiyyət artıq formalaşmış olur. Loyallıq və liberallıq da kompensasiya edilə bilər. Əgər biz övladlarımızı rus və ya ingilis bölməsində tədrisə cəlb ediriksə, bununla yanaşı onlara ana dili, ədəbiyyat və tarix intensiv formada öyrədilməlidir. Ana dilini yaxşı bilmək hər kəs üçün vacibdir. Dünyanın əksər psixoloq və pedaqoqları bunu təsdiq edir. Biz çalışmalıyıq ki, övladlarımızın ana dilini mükəmməl öyrənə bilməsi üçün uyğun ailə mühiti yaradaq”.

 

N.Cəfərovun dediyinə görə, problemin həll yolu azərbaycandilli məktəblərdə tədrisin keyfiyyətini artırmaqdır: "Təəssüf ki, ölkədə Azərbaycan dilində tədrisin səviyyəsi aşağıdır. Ana dilində tədris aparan müəllimlərin bilik səviyyəsi və keyfiyyəti rus və ya ingilis dilli müəllimlərlə müqayisədə lazımi səviyyədə deyil. Azərbaycandilli dərsliklər də texniki cəhətdən rus və ya ingilisdilli dərsliklərdən geri qalır. Bu, Azərbaycan dilinin nüfuzunun aşağı olması ilə əlaqəli deyil, tədrisin problemidir. Cəmiyyətdə Azərbaycan dilində tədrisin keyfiyyətinə inamsızlıq var. Niyə şagirdlər Azərbaycan bölmələrində onlara lazım olan xarici dilləri öyrənməkdə çətinlik çəkirlər?! Olmazmı ki, ana dilində təhsil alıb həm yaxşı şəxsiyyət və mütəxəssis kimi yetişəsən, həm də başqa dilləri öyrənəsən?! Təbiidir ki, bu gün ən azı ingilis dilini bilməsək, dünyaya çıxış çətin olar. Diqqət edin, dövlət bu işə qarışmır, cəmiyyət isə orta məktəblərdə rus dilində tədrisin genişləndirilməsi üçün təzyiq göstərir. Açığı, hazırda rus dili 20-30 il əvvəlki kimi nüfuzlu deyil. Daha doğrusu, rus dilində elmi ədəbiyyat əvvəlki qədər çox deyil. Əksinə, ingilis, fransız, alman dillərində resurslar daha çoxdur. Həmçinin, inkar edilə bilməz ki, olduqca ciddi əhəmiyyət kəsb edən “postsovet məkanı” adlı həqiqət var. Yəni, nəinki Rusiyaya, hətta türk dövlətlərinə getsək də, bizim rus dili biliyinə ehtiyacımız var. Məsələ birtərəfli deyil”.