Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-24 10:18:00
UNEC əməkdaşı Cenevrə şəhərində Beynəlxalq proqramda iştirak edib

UNEC əməkdaşı, gənc doktorant və siyasi tədqiqatçı Nərgiz Hacıyeva İsveçrənin Cenevrə şəhərində yerləşən Beynəlxalq Əqli Mülkiyyət Təşkilatı, Koreya Respublikası Əqli Mülkiyyət Strategiyası Agentliyi (KISTA) və Koreya Əqli Mülkiyyət İdarəsinin (KIPO) maliyyə dəstəyi ilə əqli mülkiyyət hüququ ilə bağlı akademik bilik və bacarıqların inkişaf etdirilməsi ilə bağlı müəyyən edilmiş işçi qrupu üçün ayrılmış 15 günlük intensiv proqramda iştirak üçün seçilib.

 

AzEdu.az xəbər verir ki, dünya üzrə 1000 nəfər namizəddən proqram üçün 15 nəfərlik işçi qrupu müəyyən edilib. Proqram cari ilin iyun ayında Beynəlxalq Əqli Mülkiyyət Təşkilatının Cenevrədəki binasında keçirilib. 

 

Proqram ərzində onun əsas məruzəçi olduğu və rəhbərlik etdiyi işçi qrupu 8 Əqli Mülkiyyət (ƏM) ekspert qrupu içərisindən ƏM siyasəti və patent strategiyası ilə bağlı çıxışa görə ən yaxşı çıxış (Best presentation award) mükafatına layiq görülmüşdür. 

 

Sözügedən proqram ÜƏMT-KİSTA-nın əməkdaşlığı çərçivəsində ilk dəfə olaraq həyata keçirilir. Proqramın məqsədi patentlərin yaradılması üçün ƏM məlumatlarından və analitik vasitələrdən, habelə biznes planlaşdırma üsullarından istifadə etmək üçün praktiki innovasiya bacarıqlarını gücləndirmək; ixtiraçılıq ideyalarının kommersiyalaşdırılmasında ƏM bilik və bacarıqlarından istifadənin əhəmiyyətini təbliğ etməkdir.

 

Xatırladaq ki, Nərgiz Hacıyeva İsveçrə Federal Təqaüdçüsü olaraq nüfuzlu St. Qallen Universitetinin Siyasi elmlər və iqtisadiyyat məktəbində doktorantura üzrə elmi işi ilə bağlı tədqiqat aparır. O, elmi tədqiqatını ilk dəfə olaraq İşğal dönəmində Qarabağ və ətraf ərazilərdə Ermənistan tərəfindən aparılmış qanunsuz idxal və ixrac əməliyyatlarının iqtisadi və hüquqi qiymətləndirilməsi ilə bağlı aparır.

 

Tədqiqat işinin hüquqi və iqtisadi bazasını həm mülkiyyət, həm də əqli mülkiyyət hüquqlarının işğal dönəmində pozulması, qanunsuz ticarət nişanlarından istifadə, saxta məhsulların aşkarlanması, saxta gömrük bəyannamələri, resursların istismarı təşkil edir.