Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-22 11:45:00
“Paytaxtda texnoloji yeniliklərə cavab verməyən universitetlər var”-REKTOR

“Regionlarda ali təhsil alan şəxslər daha aşağı nəticə ilə qəbul olunurlar”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov deyib.

 

 

Son illər regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələrinin nəticələri mərkəzdə yerləşən universitetlərə yaxınlaşmaqdadır.

 

 

Lakin bəzi hallarda insanlarda regional təhsil müəssisələrində təhsilin keyfiyyətinin aşağı olması ilə bağlı müxtəlif fikirlər formalaşır.

 

 

LDU rektoru qeyd edir ki, bu, heç də belə deyil:

 

 

“Ali məktəblər bir-birindən fərqli kadr hazırlayırlar. Düşünmürəm ki,  Lənkəran Dövlət Universiteti  hansısa pedaqoji kadr hazırlayan universitetlərdən  geri qalır.

 

 

Ümumi götürdükdə regionlarda ali təhsil alan şəxslər daha aşağı nəticə ilə qəbul olunurlar. Lakin mərkəzi universitetlərə yüksək balla  qəbul həyata keçirilir”.

 

 

Rektor vurğulayır ki, LDU məzunlarından bir çoxu işlə təmin olunma imkanı əldə edə bilir:

 

 

“Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən məzunlarımız yüksək nəticələr ilə məktəblərə qəbul olunub. Hətta məzunlarımızdan bir çoxu  müxəlif sahələr üzrə işə qəbul prosesində yüksək nəticə əldə edib. Bir çox nazirlik və agentliklər də  işə qəbulda tələbələrimizin potensialını yüksək qiymətləndirib.

 

 

Əgər universitetin bazası varsa, o zaman onun hazırladığı kadr da yuxarı səviyyəli olacaq. Mərkəzdə olan ali təhsil müəssisələrinin laboratoriyası yüksək texnoloji yeniliklərə cavab vermirsə, onun hazırladığı kadr regionda olub yüksək bazaya malik universitetdən daha yaxşı ola bilməz”.

 

 

O, qeyd edir ki, regionlardakı universitetlər texnoloji yeniliklərlə təhciz edilib:

 

 

“Hazırda Lənkəran Dövlət Universiteti  son 5-6 il ərzində bütün laboratoriya və bir çox texnoloji yeniliklərlə təhciz edilib. Burada kimya, biologiya, baytarlıq, aqrar, torpaqşünaslıq ixtisası üzrə laboratoriyalar fəaliyyət göstərir. Hazırda tələbələr bu laboratoriyalarda elmi-praktiki təcrübələr keçir. Bu, Amerika, Fransa, İngiltərə və Almaniya istehsalı olan laboratoriyalardır. Mən yenə də öz fikrimdə qalıram ki,  mərkəzdə yerləşən universitetlər daha yaxşı kadr hazırlayır fikri doğru deyil”.

 

 

Natiq İbrahimov qeyd edir ki, universitetləri müqayisə edərkən bəzi detallara diqqət etmək lazımdır:

 

“Bizdə bir ixtisası 25 nəfər bitirirsə,  mərkəzdə yerləşən pedaqoji universitetlərdə onu 200 nəfər başa vurur. Oradan 10, bizdən 1 nəfər uğurlu nəticə əldə edirsə, bu, o demək deyil ki, həmin ali təhsil müəssisələri daha yaxşı kadr yetişdirə bilir. Ümumi rəqəmlərə də baxmaq lazımdır. Onların buraxılışı ilə bizimki  araşdırılmalı və müqayisə edilməlidir. Hər bir halda fikirləşirəm ki, regionlar heç də mərkəzdən geri qalmır”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları