Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-14 11:56:00
Nazirliyin elektron xidmətlərindəki problemlər nə ilə bağlıdır?-SƏBƏBLƏR  

Bağçalara uşaqların elektron qeydiyyatı, həmçinin tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu zamanı müraciətçilər müxtəlif problemlərlə üzləşdiklərini qeyd edərək şikayətlərini bildirirlər.

 

Elektron xidmətlərdəki problemlərlə bağlı narazılıqlar sadəcə bununla bitmir. Təhsilin müxtəlif səviyyələri üzrə elektron qeydiyyat və müraciətlər zamanı rast gəlinən problemlər ciddi narazılıqlara səbəb olur. Hər proses zamanı çətinliyin müvəqqəti olduğu bildirilsə də, bütün müraciət müddətində şikayətlər müşahidə olunur.

 

Bəs buna problemlər nədən qaynaqlanır? Məsələnin həlli üçün nə kimi addımlar atılmalıdır?

 

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz AzEdu.az-a açıqlamasında bir çox qurumların elektron xidmətlərində bu problemin mövcud olduğunu bildirib:

 

“Təkcə Elm və Təhsil Nazirliyi deyil, bütün ölkə üzrə elektron xidmətlərin keyfiyyətilə bağlı müəyyən problemlər var. Keyfiyyət dedikdə xidmətə müraciət, proseslərin həyata keçirilməsi və sonda xidmətin əldə olunmasının dayanıqlılığından, uğurla başa çatmasından söhbət gedir. Bəzən prosesi uğurla yekunlaşdırmaq olmur, ödəniş zaman problemlər yaranır, müəyyən qırılmalar olur,yenidən müraciət etmək lazım gəlir. Bunlar da xidmətin keyfiyyətiliyinə gətirib çıxarır”.

 

Direktor elektron xidmətlərlə bağlı mövcud problemlərin səbəblərinə aydınlıq gətirib:

 

“Burada əsas problem odur ki, xidməti həyata keçirən dövlət qurumu prosesin standartlara uyğun şəkildə təşkilinə, rəqəmsallaşmaya keçirilməsinə yetərincə diqqət yetirmir. Hər bir xidmətin reqlamenti var, yəni bu xidmət nə kimi proseslərdən ibarətdir, hansı informasiya sistemlərinə söykənir, digər elektron xidmətlərlə əlaqələri və s. əhatə olunur. Xidmətin elektron formaya çevrilməsi uzun prosesdir. Ona görə də hesab edirəm ki, ilk olaraq xidmətin sadələşdirilməsi, rahatlaşdırıması, bürokratik maneələrin aradan qaldırılaraq əmsallaşmasına diqqət yetirilməlidir. Xidmət hazır olduqdan sonra isə mütləq şəkildə test edilməlidir ki, bu da ayrı bir mərhələdir. Xidmət hər hansı ixtisaslaşmış qruma, şirkətə, nümayəndələrə təqdim edilməlidir ki, testdən keçirilsin. Testdən necə keçirilməsi, hansı addımların atılması, səhvlərin hansı şəkildə toplanması,həmçinin onu yaradanlarla birlikdə müzakirənin təşkil edilməsi ilə və s. istiqamətlə bağlı dünyada da bu proses ayrı bir mərhələ kimi həyata keçirilir. Düşünürəm ki, ölkəmizdə xidmətin təhlükəsizliyi, standartlara cavab verməsi, dayanıqlılığı və testdən keçirilməsi ilə bağlı məsələlərə diqqət yetirilmir”.

 

O,gələcəkdə bu kimi problemlərin həlli üçün müəyyən işlərin görüləcəyini qeyd edib:

 

“Bu il ölkəmizdə kibertəhlükəsizliklə bağlı yeni mühit yaradıldı. “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” Prezident tərəfindən yeni Fərman imzalandı, qanunda da dəyişiklik edildi. Belə ki, cəmiyyətin əksər hissəsi tərəfindən istifadə edilən xidmət sistemində yaranan problemlər, çox sayda insanın bu zaman üzləşdiyi çətinliklər kritik informasiya infrasturukturuna daxildir. Artıq kritik qurumlar üçün ayrıca şərtlər müəyyən ediləcək. Kritik qurumların siyahısı və ona verilən şərtlər isə hələ ki, hökumət tərəfindən təsdiqlənməyib. Hesab edirəm ki, bu mövzunun gündəmə gətirilməsi, yeni şərtlərin qəbul edilməsi də elektron xidmətlərlə bağlı möcud problemlərin aradan qaldırılmasına şərait yaradacaq”.