Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-08 16:50:16
Müəllimlər müsahibə mərhələsində BUNLARA DİQQƏT etməlidir

Müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsi başa çatıb. Növbəti mərhələdə namizədlərin bilik və bacarıqları müsahibə əsasında yoxlanılacaq.

 


Müəllimlərin işə qəbulu müsabiqənin müsahibə mərhələsində namizədlərin bilik və bacarıqları müəyyən komissiya tərəfindən yoxlanılır. Komissiya namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və onların dünya görüşünü yoxlayır. Namizədə, həmçinin, proqram təminatı tərəfindən təsadüfi seçim əsasında ixtisası üzrə bir mövzu təqdim olunur və namizədlər həmin mövzunu müsahibə komissiyasına dərs formatında təqdim edirlər.

 

Peşəkar təqdimat üçün müəllimlərin müsahibə mərhələsinə psixoloji hazırlığı vacibdir.

 


Mövzu ilə bağlı AzEdu.az-a danışan Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Müşviq Mustafayev deyib ki, müsabiqəyə qatılan müəllimlərdə psixoloji gərginliyin müşahidə olunması normal haldır: “Ona görə də müəllimlərin həmin vəziyyəti idarə edə bilmək qabiliyyəti olmalıdır.

 

Bunun üçün bir sıra xüsusiyyətlərə diqqət yetirmək lazımdır. İlk növbədə müəllimlərdə özünəinam hissi olmalıdır. Nəzərə almaq lazımdır ki, özünə inam hissi aşağı olan müəllimlər mövcud bilik və bacarıqlarını nümayiş etdirə bilmirlər. Bu, onlarda həyəcan və stresin yüksəlməsinə səbəb olur. Məlumdur ki, müəllimlər həm də fərdi psixoloji xüsusiyyətlərinə görə bir-birlərindən fərqlənirlər. Elə müəllimlər var ki, onları təbiət etibarı ilə həyacanlı tip kimi xarakterizə etmək olar. Belə müəllimlər müsabiqəyə hazırlaşarkən müsahibəyə münasibətlərini dəyişməlidirlər. Onlar müsabiqəyə həyatlarında baş verən növbəti mərhələ kimi yanaşmalıdırlar. Bu, namizdələrin hadisələrə daha obyektiv qiymət vermələrinə səbəb olacaq. Nəticədə, onlarda yaranmış qorxu, stres və narahatlıq əsaslı şəkildə azalacaq”.

 


M.Mustafayev qeyd edib ki, müsahibə komissiyası tərəfindən namizədə şəxsi və ya gözlənilməz suallar verildikdə onlar gərək təşvişə düşməyələr: “Ola bilsin ki, verilən sualın cavabı namizədə bəllidir, sadəcə həmin an yada salmaqda çətinlik çəkir. Ona görə də diqqətin mərkəzləşməsi və keçmiş təcrübədə olanların aktual hafizəyə gətirilməsi üçün təşvişi uzaqlaşdırmaq lazımdır. Bu, ümumi prosesə müsbət təsir göstərə bilər”.