Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-06 13:13:00
Azərbaycan bayrağını anlamayan “London dindarları”

Londonda baş verənlər hamımızı ciddi narahat etməkdədir. Baş vermiş hadisənin (əslində törədilmiş cinayətin) səbəbkarları qanun çərçivəsində cəzalandırılmalıdır. Lakin bir məqam da bizi düşündürür: bu dindarlar və yaxud üzdəniraq “din təəssübkeşləri” anlamalıdılar ki, onların həqarətlə yanaşdığı üçrəngli bayrağın bir rəngi - yaşıl rəng elə islamın mənasını verməkdədir. Yəni söhbət dinə təəssübkeşliklə yanaşmaqdan gedirsə, bizim dövlət bayrağımızda bu da əksini tapıb.

 

Dövlət bayrağımızın üstünlüyü ondadır ki, orada təsvir edilmiş göy, qırmızı və yaşıl boyalar çox geniş mənaları özündə əks etdirməkdədir. "London dindarları"na bir xatırlatmam da var - dünyanın bir-çox ölkələrinin də bayrağında yaşıl rəng, aypara, ulduz rəmzləri vardır. İndi nə edəcəksiniz? Yoxsa bu ölkələrin də səfirliklərinə “səlib yürüşü” başlamaq istəyirsiniz? İslam bizim dinimizdir. Buna kimsənin şübhəsi də yox. Lakin islam bizim bir xalq olaraq mənəviyyatımızın və dəyərlərimizin bir hissəsidir, heç də hamısı deyildir. Qalan türkçülük və müasirlik bu dəyərləri tamamlayır və bir bütov ideya halında millətimizə təqdim olunur.

 

Üçrəngli dövlət bayrağımız bir fikir halında ilk dəfə 1907-ci ildə böyük mütəfəkkir Ə.Hüseynzadə tərəfindən ortalığa qoyulub və sonradan Z.Göyalp, M.Ə.Rəsulzadə tərəfindən inkişaf etdirilib. Bu ideyanı ortaya qoyan Ə.Hüseynzadənin babası Şeyx Əhməd Səlyani Qafqazın ilk Şeyxülislamı idi və islam dinini siz - “London dindarları”ndan gözəl anlayırdı. Müasir formada olan dövlət bayrağımızın yaradıcısı M.Ə.Rəsulzadənin atası Axund Hacı Ələkbər isə Bakı şəhərinin məşhur axundu idi və o, da islam dininin mahiyyətini yaxşı başa düşürdü. Bizim bayrağımız həm də bu təlim-tərbiyədən qidalanıb. Sizin bu bayrağa haqsız yanaşmağa nəinki mənəvi, heç dini haqqınız da yoxdur.

 

İlk dəfə olaraq 1918-ci ilin noyabrın 9-da isə üçrəngli bayraq dövlət bayrağımız olaraq qəbul edilib. Bu bayrağa tarixən çox hücumlar olub, lakin hər dəfə məğlubiyyətlə qarşılaşıblar. Sovet rejimi kimi amansız siyasi quruluş bu bayraqla 70 il savaş açsa da, nəticədə məğlub oldu. Üçrəngli dövlət bayrağımız 1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra yenidən xalqımızın başı üzərində dalğalandı.

 

Deyəsən, “London dindarları” bayrağımızla bağlı çox həqiqətlərdən xəbərsizdi. İndi onlara bu bayrağın əsasını qoyanlardan birinin böyük mütəfəkkir və dövlət xadimi M.Ə.Rəsulzadənin məşhur sözlərini xatırladıram: Bir kərə yüksələn bayraq bir daha enməz!

 

Nəsiman Yaqublu

tarix elmləri doktoru, professor