Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-05 16:57:00
Peşə məktəblərinə tələbə qəbulu hər il artmaqda davam edir

Ölkəmizdə və dünyada sürətlə dəyişən iqtisadi meyillər, yeni trendlər əmək bazarının quruluşuna da əhəmiyyətli təsir göstərir. Xüsusilə də, iqtisadi diversifikasiyanın və qeyri-neft sektorunun inkişafının əsas prioritet olaraq qarşıya qoyulduğu bir vaxtda iqtisadiyyatın ayrı- ayrı sahələrinin ixtisaslı kadrlarla təminatı təhsil sisteminin xüsusilə də, peşə təhsili pilləsinin əsas vəzifəsinə çevrilir. Digər tərəfdən peşə təhsilinin inkişafı xüsusilə, gənclər arasında məşğulluğun təmin edilməsinə, işsizliyin aradan qaldırılmasına xidmət edir.


Peşə təhsili müəssisələrinə tələbə qəbulu artmaqdadır


AzEdu.az xəbər verir ki, peşə təhsili ilə bağlı cəmiyyətdə bir sıra neqativ stereotiplər olsa da, son illər bu istiqamətdə müsbət meyillər hiss olunur. Gənclər arasında müxtəlif peşə istiqamətlərinə maraq günü-gündən artmaqdadır. Belə ki, son 3 ilin statistikasına nəzərə salsaq görərik ki, peşə təhsili müəssisələrinə tələbə qəbulu artmaqdadır.


2021-ci ildə əvvəlki ilə nisbətən tələbə qəbulunda 12.1% artım müşahidə edilmişdir. Ümumilikdə son iki il ərzində peşə təhsili müəssisələrinə qəbul olmuş tələbə sayında 17.3% artım baş vermişdir. Peşə təhsil müəssisələrinə qəbulun artırılması iqtisadiyyatın vacib sektorları olan kənd təsərrüfatı, turizm və xidmət sektorları ilə yanaşı, əmək bazarında informasiya və kommunikasiya texnologiyaları və sənayenin avtomatlaşdırılması kimi sahələr üçün yüksək ixtisaslı kadrlara olan təlabatın qarşılanmasında da vacib rol oynayır. Son illərin göstəriciləri üzərindən aparılan analiz göstərir ki, aşpaz, bərbər, dərzi kimi ənənəvi ixtisaslarla yanaşı dövrün tələbləri ilə ayaqlaşan qrafik dizayner, kompüter operatoru, əməliyyatçı mühasib kimi ixtisaslara maraq da olduqca böyükdür.


Peşə təhsili sahəsində aparılan məqsədyönlü tədbirlər paytaxt ilə yanaşı regionlarda yerləşən peşə təhsili müəssisələrini əhatə etməkdədir. Belə ki, regionlarda da müasir standartlara cavab verən peşə təhsili müəssisələrinin fəaliyyətinin təmin edilməsi, xarici təcrübənin geniş şəkildə öyrənilməsi və tətbiqi peşə təhsilində dövlət siyasətinin əsaslarını təşkil edir. Xüsusilə son dövrlərdə işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri, icra edilən böyük layihələr müxtəlif istiqamətlərdə ixtisaslı kadrlara olan tələbatı böyük ölçüdə artırıb. Peşə təhsili müəssisələri işğaldan azad edilmiş ərazilərin bərpası, həmçinin yeni yaradılan iqtisadi sektorların səriştəli kadr təminatında əhəmiyyətli rol oynayacaq. Ötən il istifadəyə verilən 1200 tələbə yerlik Bərdə Peşə Liseyi, tikilməkdə olan Cəlilabad, Lənkəran və Füzuli peşə liseyləri müasir infrastrukturu ilə müxtəlif istiqamətlərdə tədris vermək üçün əlverişli imkanlar yaradır.


Peşə təhsilinin keyfiyyətinin artırılması istiqamətində də bir sıra addımlar atılmaqdadır. Belə ki, iqtisadiyyatın ayrı-ayrı sahələrinin, habelə əmək bazarının tələbləri nəzərə alınaraq cari tədris ilində yüksək texniki peşə təhsil səviyyəsi üzrə 2 (moda dizaynı; saç kəsimi və gözəllik xidmətlərinin təşkili), texniki peşə təhsil səviyyəsi üzrə isə 4 (İKT üzrə texniki dəstək mütəxəssisi; Avtomobil mexantronikası üzrə texnik; İnformasiya kommunikasiyaları üzrə texnik; plastik qapı və pəncərə ustası) yeni ixtisasa tələbə qəbulu aparılır.

 

Ötən tədris ilində 240 tələbəni əhatə edən proqrama cari tədris ilində 9 regionda 25 ixtisas üzrə 50 işəgötürənlə əməkdaşlıq çərçivəsində 920 tələbənin cəlb olunması planlaşdırılır


Digər bir yenilik isə müxtəlif istiqamətlərdə həyata keçirilən DUAL təhsil proqramlarının əhatə dairəsinin artırılmasıdır. Ötən tədris ilində 240 tələbəni əhatə edən proqrama cari tədris ilində 9 regionda 25 ixtisas üzrə 50 işəgötürənlə əməkdaşlıq çərçivəsində 920 tələbənin cəlb olunması planlaşdırılır. Dual Təhsil sistemi tələbənin tədris ili boyunca peşə təhsil müəssisələrində nəzəri biliklərlə yanaşı, qabaqcıl şirkətlərdə işəgötürənlərlə birgə praktik bacarıqlar əldə etməsini təmin edən təhsil proqramıdır.


Proqram müddətində tələbələr ilk 1 ayı peşə təhsil müəssisəsində nəzəri biliklər əldə edirlər. İkinci aydan etibarən isə həftədə 3 gün olmaqla peşə təhsil müəssisəsində nəzəri biliklərə, 2 gün ərzində isə iş yerində praktiki bacarıqlara yiyələnirlər. Tədris ilinin aprel ayından başlayaraq praktiki məşğələlərin sayı 5 gün olmaqla davam etdirilir. Mövsümi işlərin çoxluğu ilə əlaqədar olaraq kənd təsərrüfatı istiqamətində olan bəzi ixtisaslarda gün intervalı dəyişilə bilər.
Cari tədris ilində peşə təhsil müəssisələrinə qəbul prosesinə artıq start verilib. Ötən illərdə olduğu kimi bu il də peşə təhsili almaq istəyən şəxslər 1-12 avqust tarixlərində “portal.edu.az” platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır.

 

Son olaraq qeyd edək ki, 2022/2023-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 127 ixtisas olmaqla 23340 yer üzrə aparılacaq. Bu da təxminən ötən ilki plan yerləri ilə müqayisədə 10 % artım deməkdir. Xüsusilə də dövlət vəsaiti hesabına qəbul planının 13% (1880) plan yeri artırılması peşə təhsilini gənclərimiz üçün daha əlverişli edir.