Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-05 15:55:00
Təhsilin İnkişafı Fondu vasitəsi ilə vacib xidmətlər göstərmək mümkün olacaq-Prorektor

“Təhsilin İnkişafı Fondu” publik hüquqi şəxsin idarəetmə qaydası və nizamnamə fondu müəyyənləşib.

 

Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Təhsilin İnkişafı Fondunun Nizamnaməsi”ndə əksini tapıb.

 

Fondun idarəetmə orqanı İdarə Heyəti olacaq. İdarə Heyəti Fonda ümumi rəhbərliyi və nəzarəti həyata keçirəcək. İdarə Heyəti Azərbaycan Respublikasının təhsil naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədri və onun müavini daxil olmaqla 3 üzvdən ibarət olacaq. Fondun nizamnamə fondu 1 000 000 (bir milyon) manat olacaq.

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan Bakı  Mühəndislik  Universitetinin  Elmi  işlər  üzrə prorektoru, təhsil  eksperti  Elçin  Süleymanov  fondun vacibliyi haqqında söz açıb:

 

“Təhsilin İnkişafı Fondu 2021-ci ildə yaradılıb. Prezident Nazirlər Kabinetinə 3 ay müddətinə kimi onun təsis edilməsi ilə bağlı tapşırıq vermişdi. Bu fondun yaradılması Təhsil Nazirliyinin  orta məktəb və universitetlərdə  həyata keçirilən müəyyən fəaliyyətlərinə dəstək verilməsi ilə bağlıdır. Əvvəllər valideynlərin  məktəblərə ianə edilməsi açıq şəkildə həyata keçirilirdi, hazırda isə xarici ölkələrdə olan  təcrübələri əsas götürərək  Təhsilin İnkişafı Fondu ilə həm orta, həm ali  təhsilin inkişafına əlavə dəstək  verilməsi təmin ediləcək. Burada əsas məqsəd müxtəlif layihələrin həyata   keçirilməsi ilə bağlıdır. Belə ki, məktəb və ali təhsil müəssisələri müəyyən qədər  ödənişli xidmətlər təqdim edə bilər. Buradan əldə edilən vəsait  ümumi olaraq məktəblərin nizamnaməsində də qeyd olunub. Buna əsasən, 40% vəsait əməkdaşların sosial-maddi vəziyyətinin yaxşılaşdırılması  üçün nəzərdə tutulub. Yerdə qalan 60% isə  maddi-texniki bazanın  yaxşılaşdırılması  və qrantların verilməsinə xərclənir. Bu fond vasitəsi ilə Təhsil Nazirliyi və universitetlər müəyyən layihələr həyata keçirərək, pul qazana biləcəklər.

 

Qazandıqları vəsaiti də  təhsilin inkişafına xərcləyəcəklər. Burada təhsilin inkişafı dedikdə  qrant layihələr üçün ayrılan vəsait də nəzərdə tutulur. Əvvəl bunu Təhsil Nazirliyi ayırırdı, lakin fond yaradıldıqdan sonra publik hüquqi şəxs tərəfindən  təhsilin inkişafına yönəlik müxtəlif layihələrə  vəsaitlər verilə bilər. Həmçinin, müxtəlif pullu xidmətlər göstərilə bilər. Təhsil Nazirliyi və Təhsil İnstitutu da layihələr həyata keçirirdi, lakin profesional şəkildə bu layihələr Təhsilin İnkişafı Fonduna həvalə edildi. Nazirlik özü də bundan sonra vəsait formalaşdıra biləcək. Bunu da müxtəlif yollarla xərcləyə biləcəklər. Həmçinin, məktəblər də maddi-texniki baza möhkəmləndirilə bilər, müəllimlər üçün müxtəlif notebook və texnoloji avadanlıqlar satın almaq imkanı əldə edə bilərlər. Fonda publik hüquqi şəxs statusunun verilməsi nəticəsində təhsilin inkişafına dəstək göstəriləcək. Sırf büdcədən aslı olmayaraq  müxtəlif istiqamətlərdə  fonda donorluq edən müxtəlif şirkətlər ona vəsaitlər yatıra bilər. Sonra isə bunu təhsilin inkişafına xərcləmək lazımdır”.

 

Qeyd edək ki, fondun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin (peşə təhsili müəssisələri istisna olmaqla) büdcədənkənar vəsaitindən, habelə ödənişli təhsil xidmətləri göstərilməsindən əldə etdikləri gəlirlərdən ayırmalardan, Fondun fəaliyyətindən əldə olunmuş gəlir, ianələr, qrantlar və cəlb edilən investisiyalar və qanunla qadağan olunmayan digər vəsaitdən formalaşacaq.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları