Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-07 11:56:00
Müəllimlər üçün qızıl qaydalar – Müsahibə mərhələsindəki uğurun əsas sirləri

 

 

Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi həlledici rola malikdir. Test imtahanı mərhələsində keçid balını toplamış namizədlər məhz müsahibə mərhələsində uğurlu hesab edildikdən sonra uyğun vakansiyaya təyinat alırlar.

 

Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsində namizədlərin bilik və bacarıqları müəyyən komissiya tərəfindən yoxlanılır.

 

Komissiya namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və onların dünya görüşünü yoxlayır. Namizədə, həmçinin, proqram təminatı tərəfindən təsadüfi seçim əsasında ixtisası üzrə bir mövzu təqdim olunur və namizədlər həmin mövzunu müsahibə komissiyasına dərs formatında təqdim edirlər.

 

Bəs müəllimliyə namizədlər müsahibə mərhələsində uğurlu olmaq üçün nə etməlidirlər?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təlimçi müəllim Arzu Kərimov bildirib ki, müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi daha həlledici rol oynadığı üçün həttə test mərhələsindən də önəmlidir:

 

"Müəllimliyə namizədlər müsahibə mərhələsində ilk növbədə duruşlarına, səliqə və təmizliyə, geyimə, hətta istifadə edilən aksesuar və makiyaja diqqət etməlidirlər. Namizədlər komissiya üzvləri ilə birbaşa təmasda olduqları üçün onların xarici görünüşlərindəki səliqə ciddi önəm kəsb edir. İkinci növbədə isə, müəllimlərin özünə əminliyi çox vacib nüansdır. Müəllim müsahibə komissiyasına qorxaq, həyəcanlı və ürkək şəkildə yaxınlaşmamalı, özgüvənini nümayiş etdirməlidir. Müəllimin özündən əminliyi vacibdir. Müəllimliyə namizədlər müsahibə komissiyasını inandırmalıdırlar ki, onlar doğrudan da bu vəzifəyə layiqdirlər. Sözsüz ki, onlar bilik və bacarıqlarını da yüksək səviyyədə biruzə verməlidir".

 

A.Kərimovun  dediyinə görə, ümumiyyətlə müsahibəyə öncədən hazırlaşmaq, yəni müəyyən müsahibə suallarına cavablar axtarmaq əvəzinə, bilik və bacarıqları təkmilləşdirmək daha faydalıdır:

 

"Müəyyən cavabları əzbərləyərək müsahibəyə yollanmaqla potensialı ortaya qoymaq mümkün deyil. Əslində, müsahibə mərhələsində namizədlərə verilən suallar məhz ondan ötrüdür ki, onlar çıxılmaz vəziyyətə düşdükdə verdikləri reaksiyanı yoxlamaq mümkün olsun. Belə gözlənilməz suallara şablon cavablar vermək işə yaramaz. Hesab edirəm ki, qəfil gələn fors-major sualların verilməsi təqdirəlayiqdir. Məhz həmin suallar müəllimliyə namizəd olan şəxslərin nəyə qadir olduğunu ortaya qoyur".

 

ADPU-nun Ümumi psixologiya kafedrasının dosenti  Solmaz Həsənli  da müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi üçün psixoloji hazırlığın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O qeyd edib ki, bəzi məsələləri test mərhələsində müəyyənləşdirmək qeyri-mümkün olduğu üçün müsahibə mərhələsinin təşkili vacibdir:

 

“Ona görə də müsahibə mərhələsinin əhəmiyyəti böyükdür. Müsahibə mərhələsi müəllimliyə namizədlərin psixoloji vəziyyətini müəyyən etməyə imkan verir. Müəllimlik elə bir peşədir ki, burada ixtisas savadlılığı ilə yanaşı, həm də ünsiyyət bacarığı çox önəmlidir. Namizədlər potensial imkanlarını komissiya qarşısında nümayiş etdirməlidirlər. Ona görə də onlar stress və həyəcanı özlərindən uzaqlaşdırmalıdırlar. Nəzərə almaq lazımdır ki, həddən artıq gərginlik mövcud potensialı ortaya qoymağa mane ola bilər. Namizədlər situasiyaları normal qarşılamalı, onlara həddən artıq anlam yükləməməlidirlər. Əks halda, namizədlərin həyəcan keçirməsi və strese düşməsi normaldır. Bütün situasiyalara qeyri-adi hal kimi yanaşmaq olmaz. Bu, müəllimə özünü ifadə etmək üçün əngəl törədə bilər. Həyəcan və stres, əlbəttə ki, müəyyən qədər də işə olan məsuliyyəti göstərsə də, həddi aşmamaq lazımdır. Çox həyəcanlı şəxs fikirlərini ifadə etməkdə çətinlik çəkir, stres bəzən aqressivliyə səbəb olur. Belə olan halda, mövcud vəziyyət namizəd tərəfindən yanlış anlaşılır".

 

S.Həsənova əlavə edib ki, müsahibə mərhələsində müəllimliyə namizədlərin bədən dilini düzgün idarə edə bilməsi nəticəyə təsir göstərə bilər: "Bəzən namizədlər həyəcan və stres çox olduqda mimika və jestlərindən lazımi səviyyədə istifadə edə bilmirlər. Aqressiv namizədin əl-qol hərəkətləri və mimikaları aqressivləşir. Onun bədən dili mövcud vəziyyətlə razılaşmadığını açıq-aydın ortaya qoyur. Bu, qarşı tərəfdə mənfi münasibət formalaşdırır. Yəni, bədən dilinin idarə olunmasının ən asan yolu istənilən situasiyaya normal münasibət sərgiləməkdir. Vəziyyətə emosional münasibət isə istənilən halda bədən dilinin aqressivləşməsinə səbəb olur".