Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-04 12:27:00
Bağçalara, məktəblərə onlayn sənəd qəbulu zamanı yaranan problemlər – Portallar niyə çökür?

 

 

"Portallar müəyyən bir serverə bağlı olur. Serverlərdə yüklənmələr isə müraciət sayına görə baş verir. Yəni, müraciət sayı serverin gücünə adekvat olmalıdır. Ona görə də qurumlar hansısa imtahan və ya ərizə qəbulu üçün qeydiyyata başlayanda qeydiyyatçıların təxmini statistikasını nəzərə almalıdırlar.

 

Misal üçün, hər il on minlərlə namizədin qeydiyyatını aparan qurum serveri təkmilləşdirməli, müraciət sürətini artırmalıdır. Planlamada 10 min nəfərin qeydiyyatdan keçəcəyi nəzərdə tutulubsa, müraciət sürəti 15 min nəfərlik təşkil edilməlidir. Yalnız belə olan halda təhsil sektoruna dair portallarda qeydiyyat zamanı donma və gecikmələr baş verməz".

 

Bunu AzEdu.az-a açıqlamasında İnformasiya texnologiyaları məsələləri üzrə mütəxəssis Tural Sofuyev deyib.

 

Təhsil sektoruna daxil olan qurumların elektron formada apardığı sənəd qəbulu zamanı vətəndaşların üzləşdiyi müəyyən İT problemlərindən danışan mütəxəssis qeyd edib ki, imtahanların təşkili zamanı statistika nəzərə alınaraq bir neçə server işə qoşulmalıdır. 

 

"Sürət zəif olduqda qeydiyyat növbəsi yaranır ki, belə olan halda saytda müəyyən gecikmələrin yaranması normaldır. Nəzərə almaq lazımdır ki, hər bir server yalnız müəyyən müraciət sürətini qarşılayır. Məsələn, 10 giqabaytlıq server yalnız 5-10 min müraciəti qarşılamaq gücündədir. Ona görə də imtahanlara uyğun alternativ qeydiyyat linkləri yaradılmalıdır. Server təminatına yetəri qədər büdcə ayrılsa, belə problemlərlə üzləşməmək mümkündür".

 

T.Sofuyev, həmçinin, qeyd edib ki, təhsil sektorundan müəyyən xidmətlərin elektronlaşdırılmasına ciddi ehtiyac var: "Belə xidmətlərdən biri də dərslik və vəsaitlərlə bağlıdır. COVID-19 pandemiyası bunun vacibliyini bir daha ortaya qoydu. Doğrudur, pandemiya müddətində dərslər onlayn şəkildə təşkil edilirdi, amma burada da çox ciddi problemlər olurdu, şagird və tələbələr dərslərə vaxtında qoşula bilmirdilər. Ona görə də dərsliklərin və digər tədris vəsaitlərinin elektronlaşdırılmasına ciddi ehtiyac var".

 

Mütəxəssisin fikrincə, şagirdlərin bilik səviyyəsini müəyyən etmək üçün vahid platformanın yaradılması da vacibdir: "Şagirdlərin BSQ və KSQ qiymətləri vahid platformada yerləşdirilməli, həmin platformaya valideynlər və aiddiyyatı qurumlara girişə icazə verilməlidir. Misal üçün, bu il imtahan nəticələrindən sonra aydın oldu ki, bir nəfər 700 bal, filan qədər abituriyent isə 200-300 bal toplayıb və s. Lakin mənim qeyd etdiyim kimi vahid platforma olarsa, Elm və Təhsil Nazirliyi, eləcə də digər aiddiyyatı qurumlar həmin platformanı analiz edərək ölkədə həmin il üzrə ümumi göstəriciləri proqnozlaşdıra bilərlər. Belə olan halda, hətta imtahan üçün tərtib edilən suallar da həmin ilin tələblərinə, yəni şagirdlərin bilik səviyyəsinə uyğun təşkil edilər. Hesab edirəm ki, təhsil sektorunda müəyyən xidmətlərin elektronlaşdırılması işinə baxılmalıdır".