Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-03 12:12:00
Peşə təhsili müəssisələrində imtahan prosesi izlənilib

Avqustun 3-də 2022/2023-cü il tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə aid peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin imtahan prosesini izləmək üçün infotur təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, infoturda Milli Məclisin deputatları və media nümayəndələri iştirak ediblər.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov infotur zamanı prosesi izləyən qonaqlara peşə təhsili müəssisələrində təhsilverənlərin imtahanla işə qəbulu müsabiqəsi haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, müsabiqə çərçivəsində ümumilikdə müxtəlif peşə təhsili müəssisələri üzrə 79 ixtisas fənn müəllimi və 211 istehsalat təlimi ustası vakansiyası elan olunub.

 

Onlayn formatda portal.edu.az vasitəsilə qeydiyyatdan keçən 1328 namizəddən 1045 nəfəri müsabiqənin imtahan mərhələsində iştirak etmək hüququ qazanıb. İmtahanda isə 765 namizəd iştirak edir. Doxsan dəqiqə davam edən imtahanda iştirakçılar ixtisas, tədris metodikası və məntiqə aid suallardan ibarət test tapşırıqlarını cavablandırıblar.

 

Qeyd edək ki, müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.