Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-30 12:06:00
Distant texnologiyaların istifadə sistemlərinin inkişafı ilə bağlı qrant layihəsinin təqdimatı oldu

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 36 nömrəli tam orta məktəbdə “Tədrisdə xüsusi distant texnologiyaların istifadə sistemlərinin inkişafı və iş prosesində müasir təlim texnologiyalarının tətbiqi formaları” layihəsinin təqdimatı ilə bağlı “dəyirmi masa” keçirilib.

BŞTİ-dən AzEdu.az-a bildiriblər ki, tədbirdə nümayiş olunan layihə Təhsil Nazirliyi tərəfindən elan edilən təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilib.

Nazirliyin əməkdaşlarının, təhsil ekspertləri və məktəb direktorlarının iştirak etdikləri tədbirdə layihənin məqsədi barədə ətraflı məlumat verilib.

Bildirilib ki, valideynlərin övladlarının dərs prosesini yaxından izləməsi, vaxtında məlumatlandırılması, rəqəmsal məktəb mühitinin formalaşdırılması, məktəbin pedaqoji heyətinin İKT sahəsində bilik və bacarıqlarının artırılması, inzibati idarəetmə heyətinin müasir təlim texnologiyaları vasitəsilə tədris prossesinə nəzarətinin gücləndirməsi layihənin əsas məqsədlərindəndir. Bundan əlavə, distant formada tədris prosesinə nəzarət valideynlər tərəfindən daha da gücləndiriləcək.

Çıxış edənlər İKT-nin təhsilin inkişafındakı rolundan və bu sahədə aparılan məqsədyönlü işlərdən danışıblar.

Qeyd edək ki, layihə çərçivəsində Nərimanov və Binəqədi rayonlarında təlimlərin təşkil olunması, layihənin uzun müddət davam etməsi üçün Rəqəmsal Təhsil və Multimedia Mərkəzinin yaradılması nəzərdə tutulub.