Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-01 10:28:00
Ümumi MİQ üzrə  Respublika birincisi - Hamını heyrətləndirən müəllim-“Cəmi 10-15 gün hazırlaşdım”

 

Bir müəddət öncə Müəllimlərin İşəqəbulu üzrə Müsabiqənin test imtahan mərhələsinin nəticələri açıqlandı. Nəticələrə əsasən, bu mərhələ üzrə ölkə birincisi tarix müəllimi Özal Muradov elan edildi.   O, test imtahanından 97.5 bal toplayıb. Əmsal hesablanmış yekun balı isə 102,3750-dir. Özal Muadov bu göstərici ilə bütün fənlər üzrə müsabiqəyə qatılan 60 minə qədər müəllimi üstələyib. 

 

 

AzEdu.az-a danışan müəllim uğurunun sirlərini bölüşüb.

 

 

Gəlin, onu yaxından tanıyaq:

 

 

O, 23 sentyabr 1994-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə  5 saylı gözdən əlillər üçün nəzərdə tutulan məktəbin birinci sinfinə gedib. 2013-ci  ildə məktəbin 11-ci sinfini bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix müəllimliyi ixtisasına daxil olub. 2017-ci ildə Sumqayıt Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin  yeni və ən yeni dövr tarixi  ixtisası üzrə magistr səviyyəsinə qədəm qoyub. 2019-cu ildə  buranı fərqlənmə diplomu ilə bitirib. Həmin il MİQ müsabiqəsində iştirak edərək 53 bal toplayaqraq Lerik rayonunda  tarix müəllimi olaraq çalışmağa başlayıb. 3 ildir ki, burada fəaliyyətini davam etdirir. Bu il isə Müəllimlərin İşə Qəbulu müsabiqəsində iştirak edərək yüksək nəticə əldə edib.

 

 

O, müsabiqəyə necə hazırlaşmasından söz açıb:

 

 

“MİQ-ə 10-15 gün qalmış hazırlaşmağa başladım. Belə ki, yalnız kurikulumu oxudum, ixtisasa baxmadım. İmtahan zamanı ixtisasdan 40 sualın hamısına düz cavab verdim, kurikulumdan isə 20 test tapşırığından 18-ni doğru yazdım.

 

İmtahana son 3 gün qalmış daha sürətli şəkildə hazırlaşmağa başladım. Ancaq kurikulumdan testlərə baxırdım,  bir dəfə isə kitab oxudum. Açığı deyim ki, özümdən bu nəticəni gözləyirdim”.

 

 

Müəllim düşünür ki, MİQ DİM-ə verilməlidir:

 

 

“İmtahan prosesinin obyektiv və şəffaf olduğunu düşünürəm. Son zamanlar MİQ-lə bağlı kifayət qədər problemlər var. Mənim də şəxsən etirazlarım olur. Düşünürəm ki, ölkədə bir imtahan mərkəzi varsa, MİQ müsabiqəsi də Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilməlidir. Hesab edirəm ki, ölkədə ən şəffaf qurum  DİM-dir. Amma ümumi olaraq yanaşdıqda  MİQ-in ödənişsiz həyata keçirilməsi yaxşı haldır. Təbii ki, qüsurlar hər zaman olur. Kimlərinsə hər zaman narazılığı və şikayətləri olur. Lakin fikirləşirəm ki, dünən təşkil edilən seansda oxuyub maksimum nəticə göstərmək mümkün idi.

 

 

Kurikulumun daxilində bir çox təkmilləşmələr aparılmalıdır. DİM-in ixtisas və digər fənlərlə bağlı olan sualları  daha dəqiq və aydın şəkildə hazırlanıb. Repetitor fəaliyyəti ilə məşğul olduğum üçün bunu yaxından müşahidə edə bilirəm. DİM-in tərtib etdiyi suallar daha düşündürücü və 100 faizlik cavabı özündə ehtiva edir. Lakin MİQ-in məqsədi bir qədər insanı çaşdırmaqdır. Amma DİM-in məramının bu olmadığını düşünürəm və həmin qurumda narazılıq kifayət qədər az olur. Amma Təhsil Nazirliyinin keçirdiyi imtahanlarda hər dəfə başqa-başqa fənlər üzrə də  narazılıqların olduğunu görürük. Bu yaxınlarda aydın oldu ki, riyaziyyat fənni üzrə 3 sual  bir müəllim tərəfindən satılıb. Lakin DİM-də elə qayda var ki, müəllimlər 3 gün əvvəlcədən  başqa yedə saxlanılır ki,  suallar heç kimə ötürülə bilməsin. Yəni şəffaflıq və ədalət baxımından DİM daha yaxşı nümunədir. Lakin dünən obyektivlik və şəffaflıqdan heç bir problemimiz olmadı. Məncə hər şey normal idi”.

 

 

Müəllim gələcək hədəflərindən söz açıb:

 

 

“Əsas məqsədlərimdən biri universitetdə müəllim işləməkdir. Həftənin digər günləri isə məktəbdə müəllim olaraq fəaliyyət göstərmək istəyirəm. Hazırda nazirlik tərəfindən vakant yerlər çıxarılmayıb. Bundan sonra daha dəqiq qərar verə bilərəm, yəqin ki, Bakı ərazisini seçəcəm. Daha çox liseylərdə də işləmək istəyərdim. Burada təhsil alan uşaqlar mənə daha perspektivli gəlir. Lerikdə çalışdığım zaman şagirdlərimə ideal dərs mühiti yaratmağa çalışmışam. Vakant yerlər çıxarıldıqdan sonra dəqiq nəsə deyə bilərəm”.

 

 

O, hazırlaşanlara tövsiyələr verib:

 

 

“MİQ-ə hazırlaşanlara əsas tövsiyəm odur ki, yalnız öz üzərlərində çalışsınlar. Kurikulum üzrə daha çox testlər işləmək lazımdır, ona uyğun yüksək nəticə əldə etmək olar. Test işləmək və oxumaq lazımdır. Amma tarix daha çox oxumaq tələb edir. Müəyyən çaşdırıcı və gözdən qaçan cavablar olur, onlara diqqət etmək vacibdir”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları