Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-27 16:57:00
Saxta və gerçək reytinq cədvəlləri – Universitetlərimizin real mövqeyi necədir?-PROBLEM

 

İl ərzində müxtəlif təşkilatların dünya universitetlərinin reytinq siyahısını tərtib etməsinin şahidi oluruq.

 

Bu da xüsusilə tələbələrin universitet seçimində ən çox diqqət etdiyi məsələlərdən biridir. Son zamanlar bu siyahı və cədvəllərdə Azərbaycan universitetlərindən bir neçəsi də yer alır. Təşkilatlar universitetlərin reytinqini müxtəlif kriteriyalara uyğun olaraq hesablayır və təqdim edirlər.

 

Hətta bu siyahıların ədalətli şəkildə deyil, fərqli məqsədlərlə hazırlandığı, ali təhsil müəssisələrinin siyahıda yer almaq üçün müəyyən ödənişlər etdiyi də iddia olunur.

 

Bəs universitetlərin reytinq cədvəli nəyə əsasən tərtib edilir, hansı nüanslar meyarlara əsasən hazırlanır?

 

Ali təhsil üzrə mütəxəssis Elçin Süleymanov mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında ən vacib hesab edilən 3 reytinq cədvəlinin mövcud olduğunu bildirib:

 

“Müxtəlif təşkilatların fərqli məqsədlərlə hazırladığı dünya universitetlərinin reytinq siyahıları mövcuddur. Amma hər kəsin qəbul etdiyi əsas 3 siyahı əhəmiyyətli hesab edilir. Bunlar İngiltərənin “Times Higher Education”, Çinin “Shanghai ranking” və  “QS World University Rankings” cədvəlləridir. Doğrudur, QS-in müəyyən kriteriyaları bəzi ekspertlər tərəfindən qəbul edilmir. Çünki burada reputasiya reytinqi mövcuddur ki, bu zaman müxtəlif universitetlərdən, müəssisələrdən, ekspertlərdən anket məlumatları istənilir. Bəzən düşünülür ki, bu obyektiv olmaya bilər. Amma “Shanghai ranking” və “Times Higher Education ranking” konkret kriteriyalar əsasında müəyyənləşdirilir. Məsələn, nəşr sayı, həmin nəşrlərə istinad sayı, universitetdə çalışan yerli və xarici müəllimlərin nisbəti, yerli və əcnəbi tələbə nisbəti və s. kimi nüanslar nəzərə alınır. “Shanghai ranking”də universitet müəllimlərindən Nobel mükafatına layiq görülənlər, dünyanın ən ciddi jurnalları sırasında hesab edilən yayımlarda nəşr sayı və s. digər hallar nəzərə alınır. Bu reytinq cədvəllərinin müəyyən ölçülə bilən kriteriyaları var. Veb səhifəsinin aktivliyi, burada yerləşdirilən elmi tədqiqata, fayllara görə də reytinq siyahısı tərtib edilir”.

 

Mütəxəssis yerli universitetlərin bu reytinq cədvəllərindəki yerini dəyərləndirib:

 

“Qeyd etdiyim kimi bu reytinqlər üçün şərtlər ağırdır, sadaladığım nüanslar nəzərə alınır. Məsələn, bu reytinqlərdə yaxşı yer tutmaq üçün son 5 ildə SCOPUS sistemində ən azı 1000 məqalənin yerləşdirilməsi tələb olunur. Hər il ortalama 200 məqalə. Azərbaycanda bu şərtə cavab verən 2-3 universitet var. Ümumilikdə bizim reytinq siyahıları üçün real namizəd hesab edə biləcəyimiz 6-7 universitet var. Bunlara Bakı Dövlət Universiteti, UNEC, Bakı Mühəndislik Universiteti,Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universitet daxildir. Təhsil Nazirliyi də bunu nəzərə alaraq həmin universitetlərə QS ilə bağlı məsləhət xidməti təqdim edir. QS-in rəsmiləri də həmin universitetlərin əməkdaşları ilə bu istiqamətdə tez-tez görüşlər təşkil edirlər. Məsələn, Qazaxıstan bu sahədə çox diqqətlə çalışdı, nəticədə ilk 500-lük siyahıda universitetlərinə rast gəlmək mümkündür. Müəyyən kriteriyalara, ikili diplom proqramlarına, əməkdaşlığa diqqət edilən zaman universitetlər yaxşı yerlər qazana bilərlər. Hazırda ilk 1000 universitet siyahısında yer alan ali təhsil müəssisələrimiz var. “Shanghai ranking”də mövzu üzrə reytinq cədvəlində sadaladığımı 7 Azərbaycan universiteti də yer alır”.

 

O, bəzi universitetlərin gələcəkdə bu cədvəllərdə ilk 500-də yer alacağını söyləyib:

 

“Ümumilikdə yerli universitetlərimiz dünya reytinqindən çox da uzaqda deyillər, amma çox yaxşı yerdə də qərarlaşmayıblar. Bu nəticəni daha da yaxşılaşdırmaq üçün tələblərə uyğun olaraq diqqətli və müsbət addımların atılması zəruridir. BDU, UNEC, ADA, Xəzər Universiteti, Bakı Mühəndislik Universiteti, AzTU, ADNSU  kimi ali təhsil müəssisələrimiz bu şəkildə davam edərlərsə, yaxın illərdə reytinq cədvəllərində ilk 500-də yer alacaqlar. Sadəcə müəyyən qədər tədqiqatlara dövlət dəstəyi, mükafatlandırma sistemi arzuolunandır. Prezident İlham Əliyev yaxın günlərdə strateji inkişaf planı ilə bağlı Sərəncam imzaladı. Bu strategiyada impakt faktorlu nəşrlərin, ikili diplom proqramlarının artırılması nəzərdə tutulur. Bunlar da həmçinin öz müsbət nəticəsini verəcək”.