Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-21 11:45:00
Peşə təhsili müəssisələrində vakant yerlərin olduğu regionların siyahısı  

Peşə Təhsili üzrə Dövlət Agentliyi peşə məktəblərində istehsalat təlimi ustası üzrə mövcud vakant yerlərin olduğu regionların siyahısını təqdim edib.

Bu barədə  Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, vakant yerlərin siyahısı ilə agentliyin saytında tanış olmaq mümkündür.

Qeyd edək ki, 2022/2023-cü tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan peşə məktəblərinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu mərkəzləşmiş qaydada müsabiqə yolu ilə həyata keçiriləcək. Peşə məktəblərində ixtisas fənn müəllimi və istehsalat təlimi ustası kimi çalışmaq istəyənlər iyulun 27-dək portal.edu.az vasitəsilə qeydiyyatdan keçməlidirlər. Müsabiqə çərçivəsində ümumilikdə müxtəlif peşə təhsili müəssisələri üzrə 79 ixtisas fənn müəllimi və 211 istehsalat təlimi ustası vakansiyası elan olunub.

İxtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsi elektron ərizələrin qəbulu və vakant yerlərin seçilməsi, həmçinin təqdim edilən məlumatların müsabiqənin şərtlərinə uyğunluğunun müsabiqə komissiyası tərəfindən yoxlanılması, test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Ərizələri təsdiq edilən namizədlər avqustun 3-də ixtisas, tədris metodikası və məntiqə aid suallardan ibarət test imtahanında iştirak edəcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Peşə təhsili müəssisələrinə müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinə qanunvericiliklə müəyyənləşdirilmiş, aşağıda qeyd edilən tələblərə uyğun namizədlər müraciət edə bilər:

İxtisas fənn müəllimləri - orta ixtisas və ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər;

İstehsalat təlimi ustaları - orta ixtisas və ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə 3 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər.