Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-29 12:00:00
“Kolleclərdən universitetlərə qəbul imtahansız olduğu halda rüşvətə meyil artacaq”- Sabiq direktor

Allahverdi Eminov: “Kolleclərdən imtahansız universitetlərə qəbul olanlar, digərlərini də nüfuzdan salacaq”

“Təhsil haqqında” qanuna nəzərdə tutulan dəyişikliklərdən biri də kolleclərdə təhsil alanların imtahansız universitetlərə daxil olma məsələsidir. Bir çox hallarda kolleclərin heç bir təhsil vermədiyini, hətta ləğvinin labüd olduğunu  vurğulayırlar. Bəs bu dəyişikliklər olduğu halda universitetə qəbul zamanı tələbələrin kollecdəki ortalama bal nisbəti əsas götürülərsə orada hansı mənfi hallar müşahidə oluna bilər?

Məsələylə bağlı danışan, sabiq kollec və institut filial direktoru Allahverdi Eminov bildirib ki, bu, qəbulun texnologiyasından asılı olaraq dəyişə bilər:

“Ola bilər ki, şifahi  və ya test formasını seçsinlər. Bu cəmiyyətdə yaşayırıq, ləkələmək də düz deyil. Amma elələri var ki, rüşvətə kökləniblər, onları göyün 7-ci qatına çıxartsaq da, bir şey tapıb edəcəklər. Yəni bu, nisbi bir şeydir, əqidəyə baxır. Təbii ki, qəbul  zamanı obyektiv olsalar, daha yaxşı olar. Kolleclərdən universitetlərə qəbul imtahansız olduğu halda rüşvətə meyil artacaq. Əvvəllər də orta məktəbdə qiymət cədvəlinə ehtiyac olduqdan sonra rüşvət bu müəssisələrə yol açdı. Valideynlər yüksək qiymət yazdırmağa başladılar, çünki attestat qiymətləri nəzərə alınırdı”.

Ekspert əlavə edib ki, hazırda da kolleclərdə rüşvət halı istisna deyil:

“Kollecləri çox savadsız, heç bir mühakiməsi olmayanlar da bitirir. Qəbulda qiymət faktoru rol oynasa, valideynlər  yenə bir mənbə yaradacaqlar ki, qızıma, oğluma  yüksək qiymət verin. Belə şeylər olacaq, bura Azərbaycandır.  Yaxşı kadr olsa alqışlayaram, amma kütləvi şəkildə qurtarıb universitetlərə daxil olacaqlar,  belə qəbul olunanlar, digərlərini də nüfuzdan salacaqlar”.

Allahverdi müəllim kollec və universitetlərdə eyni ixtisaslar üzrə təhsil alanların iş imkanlarından da danışıb:

“Kollec və universitetlərdə eyni ixtisası bitirənlər arasında fərqlər olmalıdır. Onlarla belə fakt var ki, fərqlənmə diplomu ilə bitirənlər işsizdir, amma sürünə-sürünə bitirənlər işləyir, hətta onlara yüksək vəzifələr də verirlər. Bu faciədir. İşə qəbulda fərqlər olmalıdır. Onların qeydiyyatı aparılmalıdır ki, kim fərqlənmə ilə, yaxşı oxuyaraq bitirib və ya  dövlət imtahanından kəsilib. Bu göstəricilər olsa daha şəffaflıq olar. İşə götürən də görər ki, insafdan deyil, bu zalımın qızı, oğlu əziyyət çəkib, oxuyub. Rüşvətə gəlincə isə Azərbaycanda bunun aradan qaldırılması, mənim kosmonavt kimi göyə uçmağıma bərabərdir”.