Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-15 17:01:00
Ramiz Mehdiyevin kadrı AMEA-nı ləkələyir - Alimlər müraciət yaydı

AMEA Rəyasət Heyəti Aparatının Təhsil şöbəsinin əməkdaşları KİV-ə müraciət yayıblar.

 

Müraciətdə deyilir:


“Son günlər bir sıra informasiya saytlarında  “Sənəd saxtakarlığı: AMEA-da yeni qalmaqal” başlığı ilə yanlış məlumatları əks etdirən xəbərlər dərc edilib. Çox təəssüf ki başdan-başa yalan, böhtan və şərləmə üzərində qurulmuş bu yazılar qarşı tərəfin mövqeyi soruşulmadan, heç bir araşdırma aparılmadan ictimaiyyətə təqdim olunub. Hesab edirik ki, bu cür davranış jurnalistikanın etik normalarına tamamilə ziddir.


AMEA Rəyasət Heyəti Aparatı Təhsil şöbəsinin əməkdaşları olaraq bildiririk ki, sizə yanlış və qərəzli informasiya ötürən Tubuxanım Qasımzadə 20 may 2021-ci il tarixində AMEA-nın sabiq prezidenti akademik Ramiz Mehdiyevin sərəncamı ilə Təhsil şöbəsinin Doktorantura sektoruna müdir təyin edilmiş və vəzifəyə təyin olunduqdan dərhal sonra öz mənfi davranışları, yersiz iddiaları və qalmaqallı iş üsulu ilə şöbədə dözülməz mühit yaratmışdı. Əməkdaşları təhqir etməkdən, dedi-qodu yaymaqdan, söz gəzdirməkdən çəkinməyən Tubuxanım Qasımzadə yersiz iddialar irəli sürərək intriqa ilə məşğul olub, imtahan sessiyalarında və digər vaxtlarda AMEA-nın institutlarının müvafiq şəxslərinə qarşı kobudluq etməkdən belə çəkinməyib. AMEA rəhbərliyi tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Tubuxanım Qasımzadə öz davranışlarında heç bir dəyişiklik etməyib. Bunu nəzərə alan şöbə əməkdaşları AMEA prezidenti vəzifəsini icra edən akademik Arif Həşimova müraciət ünvanlayaraq onunla işləmək istəmədiklərini və onunla bağlı müvafiq ölçü götürülməsini xahiş ediblər. Nəticədə AMEA rəhbərliyi humanistlik sərgiləyərək onun əmək müqaviləsini 2 aylıq uzadıb və məzuniyyəti ilə bağlı sərəncam imzalayıb və sonradan ona yarımştat işlədiyi AMEA-nın Mərkəzi Nəbatat Bağında və AMEA-nın Botanika İnstitutunda tam ştat olaraq əmək fəaliyyətini davam etdirmək təklif edilib. Lakin Tubuxanım Qasımzadə şantaj, hədə və böhtan yolunu tutaraq AMEA rəhbərliyini və Təhsil şöbəsinin müdirini uydurmalar və böhtanlarla ləkələmək yolunu seçib.


Xatırladaq ki, Tubuxanım Qasımzadə bundan öncə də akademik Akif Əlizadənin AMEA prezidentliyi dövründə bənzər davranışlarına və xoşagəlməz üslubuna görə AMEA Rəyasət Heyətindən uzaqlaşdırılmışdı. Çalışdığı digər təşkilatlarda da Tubuxanım Qasımzadə dedi-qoduçu və qalmaqallı əməkdaş kimi yadda qalıb. Qeyd edək ki, yayılan xəbərlərdə fakt kimi göstərilən sənədlərin bütünü sektor müdiri Tubuxanım Qasımzadə tərəfindən təqdim olunub və bütün sənədlərdə özünün imzası var. Əgər xəbərlərdə iddia edildiyi kimi insanların iş həyatı ilə oynamaq, onların sənədlərini elmi dərəcəsiz imzalamaq və imzalatmaq halları, həmçinin  Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim edilmiş yanlış və saxta sənədlər varsa, ilk növbədə sektor müdiri kimi Tubuxanım Qasımzadə məsul şəxs olaraq saxtakarlıq etmiş olur və qanun qarşısında cavab verməlidir. Çünki o, ilk növbədə AMEA Rəyasət Heyəti aparatı Təhsil şöbəsinin müdiri və daha sonra AMEA-nın akademik-katibini aldadaraq onlara sənədləri imzaladıb. Bu sənədlər ilk növbədə onun məsul olduğu sektordan çıxıb və onun imzası ilə verilib. Nəticədə qeyd edilənlər məsuliyyətsizlik və saxtakarlıq hesab olunarsa, Tubuxanım Qasımzadəyə məxsusdur.


Sonda hörmətli mətbuat nümayəndələrini Tubuxanım Qasımzadənin bu səpkili yüngül şantajlarına alət olmamağa və ictimaiyyəti çaşdırmamağa dəvət edirik”.

Müraciəti AMEA-nın aşağıdakı əməkdaşları imzalayıblar:


Ələddin Mehman oğlu Məlikov

Qafil Mövlam oğlu Dəmirov

Gülcahan Xanlar qızı Abdullayeva

Səbinə Zahid qızı Şıxqayıbova

Sevinc Sabir qızı Əliyeva

Leyla Şakir qızı Hacıyeva

Ayşən Cahid qızı Aslanova

Ülviyyə Xaləddin qızı Mustafayeva