Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-15 13:22:00
Xaricdə təhsil almaq istəyən gənclərimiz dil imtahanında niyə problem yaşayır?-TƏHLİL

 

“Ölkəmizdən xaricdə təhsil almaq istəyən gənclərlə bağlı ən əsas problem aşağı sinifdən yetərli bazanın olmamasıdır”

 

Xarici ölkələrdə təhil üçün müraciət edilən zaman əksər hallarda tələb olunan sənədlərdən biri də xarici dil sertifikatlarıdır.

 

Müəyyən qisim sertifikatı əldə etmək üçün imtahanalara fərdi olaraq hazırlaşsa da, bu istiqamətdə kurslara və repetitorlara da müraciət edənlər az deyil.

 

Xüsusilə SAT, IELTS və ölkəmiz gənclərinin daha çox Türkiyə universitetlərinə üz tutduqlarına nəzərə alsaq, YÖS imtahanlarında və hazırlıq prosesində namizədlər müəyyən çətinliklərlə üzləşirlər. Əsasən də SAT və IELTS üzrə yaxşı nəticə göstərmək elə də asan deyil.

 

Bəs bizim namizədlərin bu prosesdə üzləşdikləri problemlər nələrdən ibarətdir və onlara səbəb nədir? Xaricdə təhsil almağı planlayan şəxslər bu istiqamətdə neçə müddətdə hazırlaşmalıdırlar?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan Galata Eğitim Kurumları - Azərbaycan ofisi rəhbəri Umud Babaşov namizədlərin üzləşdiyi çətinlikləri qeyd edib:

 

“Ümumiyyətlə xaricdə təhsillə əlaqədar olan IELTS, YÖS, SAT kimi, hətta müxtəlif inkişaf etmiş ölkələrdə magistratura üzrə təhsil almaq istəyən namizədlərimiz üçün eyni problem və çətinliklər mövcuddur. Xaricdə təhsil almaq, bu istiqamətdə irəliləmək istəyən şagirdlər və onların valideynləri sağlam təməlin qoyulması, bazanın yaradılmasına mütləq diqqət etməlidirlər. Bu əslində təhsilin istənilən sahəsində belədir. Məsələn, triqonometriyanı öyrənmək, 10-cu sinifdə universitetə hazırlaşmaq istəyən abituriyent birdən-birə bütün məlumatları öyrənə bilməz, öncədən zamanla təməl məlumatları mənimsəməlidir. Məsələ xaricdə təhsil olduğu zaman əsas məqam xarici dil biliyi olur. Bir insan öz dilində mövzuları rahatlıqla mənimsəsə belə, başqa bir dildə öyrənmək müəyyən qədər çətin ola bilir. Bu səbəblə də bazanın düzgün qurulmasına diqqət etmək vacibdir. Məsələn, şagird riyaziyyatla bağlı təməl bilikləri öz dilində alır, sonrakı mərhələdə başqa bir dildə bu fənnin mənimsənilməsində müəyyən çətinliklə üzləşir. Nəticə olaraq fənlə bağlı ilkin biliklərin öyrənilməsi ilə yanaşı, şagird gələcəkdə xaricdə təhsil alacağı ölkədə ixtisası üzrə terminlərə hakim olmalıdır”.

No description available.

 

O, problemin əsas səbəblərinə toxunaraq, xaricdə təhsil almaq istəyən şagirdin təməl bazasına xüsusi diqqət edilməli olduğunu qeyd edib:

 

“Ölkəmizdə şagirdlər xarici dil üzrə imtahana hazırlıq prosesi zamanı da müəyyən çətinliklərlə üzləşirlər. 9, 10, 11-ci siniflərdə təhsil alarkən hazırlaşan şagird, artıq aşağı sinfin bazası üzrə davam edir. Şagirdin istiqaməti də bu bazar üzrə tənzimlənir. Bu mənada sistemli bir şəkildə çalışmaq zəruridir. Əlbəttə dünyanın bütün ölkələrində son 1-2 ildə hazırlaşmağa başlayanlar var, bu səbəblə hazırlıq prosesi sürətlə keçilir. Yəni, xaricdə ali təhsil almaq istəyən şagird əgər 10-cu sinifdən hazırlığa başlayırsa, mütləq kurs və repetitor vasitəsilə bütün istiqamətlər üzrə sıfırdan hazırlığa start veriləcək. Hazırlıq zamanı müəyyən proqramların mənimsənilməsi nisbətən uzun zaman alır. Təsəvvür edin, 7 illik bir məzmunu şagirdə 9-10 aya mənimsətmək lazım gəlir. Bu nə dərəcədə doğru və real görünür? Bu səbəblə bazası yaxşı olan şagirdlər hazırlığı daha rahat keçir və yaxşı nəticə əldə edirlər”.

 

“Ölkəmizdən xaricdə təhsil almaq istəyən gənclərlə bağlı ən əsas problem aşağı sinifdən yetərli bazanın olmamasıdır. Çox zaman qəbul imtahanında istədiyi kimi nəticə əldə etməyən abituriyentlər, ödənişli şəkildə, xüsusilə YÖS vasitəsilə xaricdə təhsil almağa çalışır. Bu da xaricdə təhsil üçün müraciət edən zaman müəyyən problemlərə səbəb olur”-deyə, Umud Babaşov bildirib.