Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-13 13:42:00
“Əzmlə çalışdım və məqsədimə çatdım”- Ən yüksək  göstəriciyə çatan  BDU BİRİNCİSİ

 

“Bakalavr dərsləri ilə paralel magistraturaya hazırlaşmaq çox çətin idi, amma mən məqsədimə çatdım”

 

Bu il Azərbaycan universitetlərinin məzunları arasında fərqlənənlərdən biri də 100 ümumi ortalama göstərici ilə Ayşən Mustafayevadır.

 

Ayşən, 2016-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münaisbətlər və iqtisadiyyat fakultəsinin, Dövlət və ictimai münasibətlər ixtisasına qəbul olub. 

 

Bakalavr təhsilini də uğurlu şəkildə, 94.72 ortalama göstərici ilə başa vurub. Elə həmin il magistraturaya yüksək balla qəbul olub. Eyni fakultə və ixtisasda, İctimai siyasət ixtisaslaşması üzrə təhsilini davam etdirib. Nəticədə isə universitet üzrə ən yüksək göstərici ilə magistr dərəcəsi alıb.

 

İstedadlı gəncimiz AzEdu.az-a açıqlamasında bakalavr təhsilini də yüksək göstəricilərlə başa vurduğunu qeyd edib:

 

“İlk olaraq onu qeyd edim ki, kimin hansı peşəni seçməsindən asılı olmayaraq, seçdiyi mühit də buna şərait yaratmalıdır. Bu mövzuda öz fakultəmə minnətdarlığımı bildirirəm. Həm rəhbərlik, həm də kollektiv o qədər gözəl aura yaradır ki, insanın təhsilinə verilən dəyərə görə həvəsi daha da artır. Mən bakalavriat səviyyəsinə ödənişli əsaslarla qəbul olmuşdum. Amma birinci semestri yüksək göstəricilərlə bitirdiyim üçün, növbəti semestrdən təqaüd almağa başladım. Təhsilimi uğurla başa vurmağımın səbəbini ilk növbədə fakultəmin yaratdığı şəraitdə, müəllimlərində görürəm. Bakalavr təhsilimi də yüksək ortalama və buraxılış işimin müdafiəsindən yüksək balla yekunlaşdırdım”.

 

 

Ayşən, magistraturaya hazırlıq prosesinin dərslərlə eyni müddətdə olmasının çətinliyindən danışıb:

 

“Magistraturaya elə son kursda hazırlaşmağa başladım. Çox insan çatdırmağın mümkün olmayacağını deyirdi. Həm universitet dərsləri, həm də 3 fəndən hazırlıq prosesinin üst-üstə düşməsi çox çətin idi. Amma mən məqsədlərim üçün çalışmağı sevirəm və buna da nail oldum. Universiteti bitirdikdən sonra bir il gözləmək istəmədim, 4-cü kursda hazırlaşdım, nəticədə əzmlə məqsədimə çatdım. Onu da qeyd edim ki, magistratura səviyyəsi üzrə təhsilimi ödənişsiz aldım”.

 

 

O, təhsilini davam etdirməyi düşündüyünü bildirib:

 

“Ali təhsilimi davam etdirməyi planlayıram. Növbəti il doktoranturaya sənədlərimi verməyi nəzərdə tuturam. Amma xaricdə təhsil almaq kimi fikrim də var. Bu istiqamətdə düşünürəm”.

 

İstedadlı gəncimiz gələcək planlarını və ən böyük arzusunu bizimlə bölüşüb:

 

“Gələcəkdə elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq ən böyük arzum və məqsədimdir. Magistr dissertasiya mövzum da çox aktuldır, gələcəkdə bu istiqamətdə irəliləmək və təsdiq etmək də böyük arzumdur. Hələ ki, bu istiqamətdə davam edir və məqsədlərimə nail olacağıma inanıram”.