Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-12 17:02:00
Xaricdə təhsillə bağlı proqram üçün vacib şərtlər - Hansı qaydalar mütləqdir? - TƏHLİL

“Xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı sənədin geniş ictimai müzakirəyə ehtiyacı var. "Alqış" deməklə inkişaf olmur”.

 

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda təsdiq edilib.

 

Proqram çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil alacaq gənclərin seçimi üçün sənəd qəbulu 26 İyunadək aparılır.

 

Seçim meyarları və tələblər təhsil ictimaiyyətinin bir sıra nümayəndələri tərəfindən müsbət qarşılansa da, çatışmazlıqların olduğu vurğulayanlar və narazılığını bildirən gənclər də az deyil.

 

UNEC Empirik Tədqiqatlar Mərkəzinin direktoru Xətai Alıyev AzEdu.az-a açıqlamasında tələbələri təhlil edərək müəyyən çatışmazlıqların olduğunu bildirib:

 

“Təhsil Nazirliyi xaricdə təhsilin maliyyələşdirilməsi üçün müraciətin tələblərini açıqlayıb. İngilis dili sertifikatı (C1, təxminən TOEFL 95+, IELTS 7+), yüksək akademik ortalama (81+) və əvvəl açıqlanan universitet / ixtisas siyahısı üzrə qəbul. Akademik ortalama şərti tam absurddur. İngilis dili sertifikatı tələbi də həmçinin. Nəyə görə? Əgər tələbə nüfuzlu sayıb siyahında yer alan universitetdən (spesifik ixtisas üzrə) qəbul almağı bacarıbsa, bu tələblər nəyə görədir? Mən IELTS 6.5 ilə ABŞ-nin nüfuzlu universitetindən tam təqaüdlə (+ aylıq yaşayış xərclərinin qarşılanması) doktoranturaya qəbul alan tələbə tanıyıram. Bir də bu qaydaları indi açıqlamağın heç bir məntiqi yoxdur. Ən yaxşı halda gələn ilə tətbiq olunmalıdır. Oyun qaydaları belə müəyyən olunmur. Ən ciddi məsələ isə bu şərtləri də ödəyən birinə hələ də maliyyələşmə qarantiyasının verilməməsidir”.

 

 

“Nüfuzlu universitetə qəbul olduğu halda, komissiyanın subyektiv qərarı ilə təhsili maliyyələşdirilməyən tələbələr var”

 

“Xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı sənədin geniş ictimai müzakirəyə ehtiyacı var. "Alqış" deməklə inkişaf olmur. Sənədlə tanış olanda fərqli məsələlər diqqət cəlb edir. Ən əsası, komissiya üzvlərinin subyektiv dəyərləndirilməsi ən vacib rola malikdir. Məsələn, "uzun saçlı, qulağı sırğalı bir gənc" barədə önyarqının həlledici olmayacağını kim deyə bilər? Nüfuzlu universitetə qəbul olduğu halda, komissiyanın subyektiv qərarı ilə təhsili maliyyələşdirilməyən tələbələr var. Dəyərləndirmə yenə də komissiyaya məxsusdur və yenə də eyni şeylər təkrar olunacaq. Belə olduqda gənclər həvəsdən düşür, öz tələbələrim arasında bu hala çox rast gəlmişəm”.

 

O, seçim meyarlarındakı əsas narazılıq doğuran detallardan birinə diqqət çəkib:

 

“Çox vacib digər məsələ, sənəddə müsahibədə "iki namizəd eyni bal toplayarsa kimə üstünlük veriləcəyi" izah edilir. Nəyə görə? Burada vakant yer var, yaxud say məhdudiyyəti?  Məqsəd layiq olan hər kəsi göndərmək olmalıdır, seçim etmək yox. Heç olmasa bütün bu seçim prosesi ən pis halda fevral ayına tamamlansın”.

 

O, özünün də iştirakçısı olduğu tələbə təqaüd proqramını misal göstərərk, prosesi müqayisə edib:

 

“Ən azında ABŞ Dövlət Departamenti tərəfindən tam maliyyələşdirilən Fulbrayt təqaüdü məntiqi tətbiq oluna bilər. Bu proqram çəçivəsində müraciət üçün son tarix 31 May idi. Amma bu tarix bu il üçün deyil, növbəti tədris ilinə qəbul üçün təyin olunmuşdu. Təhsilinin maliyyələşdirilməsini istəyən şəxslər rahat müraciət edir, sadəcə 3 illik iş təcrübəsi şərti var. İstənilən halda namizəd müraciət edir, müsahibə və digər mərhələlərdən keçir, təqaüd proqramını qazanır, əsas, yaxud ehtiyat siyahıya düşür. Daha sonra ona koordinasiyalı şəkildə universitet seçimi imkanı yaradılır. Hətta seçilən namizədlərə dil sertifikatları almaları üçün qəbz təqdim olunur ki, imtahanlardan keçsinlər. Burada da eyni sistemi tətbiq etmək olar. Məsələn, çox istedadlı bir tələbə Macarıstan təqaüd proqramından, hansı ki çox zəifdir, digər tərəfdən isə dövlət proqramının maliyyələşdirə biləcəyi çox yaxşı bir yerdən qəbul alıbsa, burada qeyri-müəyyən gözləməməlidir. Çünki burada hər şey qeyri-müəyyəndir, komissiyanın qərarından asılıdır. Bu həm də gənclərin gələcəyi üçün çox ciddi psixoloji məsələdir”.

 

Son olaraq direktor, dövlət proqramının təşkili ilə bağlı öz təkliflərini qeyd edib:

 

“Xaricdə təhsilin maliyyələşdirilməsi üçün dövlət proqramı ilə bağlı təkliflərim aşağıdakı kimidir:

 

1.Hər şey şəffaf olsun. Proqramın illik büdcəsi nə qədərdi? Hansı ixtisas istiqamətləri üzrə nə qədər büdcə və ya tələbə göndərilməsi nəzərdə tutulub? Bunlar ilin əvvəlində açıqlanır.

 

2.Müraciətlərin qəbulu prosesi bütün tədris ili boyunca aparılır, intervyülər də həmçinin. Nəzərdə tutulan şərtləri ödəyən namizəd dərhal intervyüyə çağırılır və onun müraciəti dəyərləndirilir (müsbət və ya mənfi). Bunun üçün vaxt məhdudiyyəti (məsələn ən geci 30 gün) qoyulur.

3.Müsabiqədə iştirak şərtləri lap istəyir "marsa uçmağı bacarmaq" olsun, əvvəlcədən müəyyən edilsin və tədris ili ərzində dəyişməsin. Oyun qaydaları açıq olsun.

4.Müraciət edənlərin siyahısı və ixtisaslar üzrə məlumat ictimaiyyətə əlçatan olsun. Hamı bilsin ki, kim nə vaxt müraciət edib. Tez müraciət edənin qazanmaq şansı daha çoxdur.

5.Proqrama ayrılan büdcə / limitlər tamamlanırsa (və qalıq büdcə nə qədərdirsə) bu da ictimaiyyətə açıq olsun. Müraciət edən şansını ona görə dəyərlındirib risk götürsün.

6.Bakalavr ortalaması tələbi ləğv edilsin. İngilis dili sertifikatını yeniləmək olar, bakalavr təhsilini təkrar almaq olmaz. Əvvəl "aşağı" qiymət alan biri indi çox yüksək potensiallı kadr ola bilər.

 

Siyahı uzana bilər.”

 

Qeyd edək ki, Dövlət Proqramının hədəf göstəricisi 2022–2026-cı illərdə hər il 400 nəfərədək olmaqla, ümumilikdə isə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.