Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-07 15:22:00
Təpəbaşı məhəlləsinin Azərbaycana məxsusluğunu sübut edən faktlar - AÇIQLAMA + FOTO

“İrəvanın Azərbaycan şəhəri olması təkzibolunmaz faktlarla təsdiq olunub. Təpəbaşı məhəlləsinin özülü də bu şəhər salınarkən qoyulub”.

 

Bunu açıqlamasında AMEA-nın Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov deyib.

 

O xatırladıb ki, bu şəhərin əsası 1509-cu ildə Azərbaycan Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətai tərəfindən verilən fərman əsasında qoyulub:

 

“Bu şəhər 1509-1918-ci il may ayının 29-dək Azərbaycan əhalisinin yaşadığı Azərbaycan xalqına məxsus olan böyük şəhər idi. 1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyətinin Müsəlman Milli Şurasının qəbul etdiyi qeyri-qanuni qərar əsasında o şəhər və onun ətrafında olan 900 min kv. km ərazi ermənilərə güzəştə gedilib. Həmin gün AXC Müsəlman Milli Şurasının qəbul etdiyi qərar nəticəsində bu şəhər hüquqi cəhətdən ermənilərin nəzarətinə keçdi. Bu qərarların özü bütün beynəlxalq prinsiplərə ziddir. İlk növbədə söhbət ərazidən və torpaqdan gedirsə, onu qəbul edən tərəf xalqından soruşmalı idi. Referendum keçirməli idi, sorğu keçirməli idi. Keçirilmədi və nəticədə həmin o şəhər və onun ətrafında olan 9 min kv. km ərazi ermənilərin nəzarətinə düşdü. Bundan sonra, 1918-20-ci illərdə, İrəvan Quberniyası ərazisində nə az, nə çox - düz 57 min (İrəvan şəhəri də daxil olmaqla) azərbaycanlı qətlə yetirildi. Soyqırıma məruz qaldı. Minlərlə azərbaycanlı o şəhəri tərk etdi”.

 

Tarixçi bildirib ki, İrəvan şəhərinin məscidlərinin minarələri var. Məscidlərin və minarələrinin olması isə o deməkdir ki, bu, Azərbaycan şəhəri, müsəlman şəhəridir.

 

Onun sözlərinə görə, Rusiya işğalı zamanı, 1804-cü ildən başlayaraq – 1828-ci ilə qədər Azərbaycan xanlıqları içərisində Rusiya işğalına qarşı ən sərt müqavimət göstərən xanlıq İrəvan xanlığı və şəhərin müdafiəçiləri olub:

 

“Şəhər ermənilərin nəzarətinə keçəndən sonra mayın 30-dan başlayaraq 1920-ci ilin noyabrın sonuna qədər onlar 11 adı dəyişdilər. Ondan sonra 1920-ci ilin noyabrından 1935-ci ilə qədər 11 adı dəyişdilər. Bunlar Azərbaycan şəhərinin ümumi simasını dəyişməyə başladılar və hər şeyi erməniləşdirdilər. 1935-ci ildə şəhərin adını dəyişdirib Yerevan qoydular. Halbuki bütün mənbələrdə İrəvan gedir. Amma bütovlükdə bu, Azərbaycan şəhəridir və onun da ən böyük məhəlləsi Təpəbaşı məhəlləsi idi”.

 

Cəbi Bəhramov deyib ki, Azərbaycan tarixçilərinin əlində istər tarixi, istərsə də hüquqi nöqteyi-nəzərdən sənədlər mövcuddur:

 

“UNESCO tərəfindən 1954, 1970, 1973 və 1993-cü illərdə qəbul edilən xüsusi konvensiyalar var ki, bir xalqa, bir etnik qrupa, bir millətə məxsus olan milli-mədəni irs hər hansı bir ölkədə dağıntıya məruz qalırsa, məhvetməyə məruz qalırsa, bu, cinayət hesab olunur. Halbuki orada Azərbaycan xalqına məxsus olan hər şey məhv edilib. Bunlar soyqırımı cinayəti hesab olunur. O qədər saxtalaşdırmaya əl atıblar ki, guya bu şəhərin 2 800 yaşının olduğunu iddia edirlər. Yalan söhbətdir. Belə bir şey yoxdur. Həmin ərazilər qədim Azərbaycan torpağıdır. Əcdadlarımızın məskən saldığı torpaqdır. Biz azərbaycanlılar oraya qayıdacağıq”.

 

REPORT