Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-01 21:00:00
LDU da məzun günü – Yolunuz açıq olsun!

Lənkəran Dövlət Universitetində (LDU) keçirilən “Məzun günü” Dövlət himnimizin səslənməsi ilə başlayıb.

 

Ulu öndər H.Əliyevin və Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda qurban gedən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükütla yad edilib.

Universitetin rektoru, professor Natiq İbrahimov tədbir iştirakçılarını salamlayaraq LDU-nu bitirən bütün məzunları təbrik edib, gələcək həyat yollarında uğurlar arzulayıb. Bildirib ki, bu il LDU-nu bakalavriat səviyyəsində 26 ixtisas üzrə 784 məzun, magistratura səviyyəsində 24 ixtisaslaşma üzrə 111 məzun bitirir. LDU-nun son illərdə təhsilin inkişafı istiqamətində uğurlarından, maddi-texniki bazanın əsaslı şəkildə yenilənməsindən, dünya standartlarına uyğunlaşdırılmasından danışan universitet rəsmisi əmin olduğunu bildirib ki, bu gün müstəqil həyata mütəxəssis kimi vəsiqə alan məzunlar Lənkəran Dövlət Universitetinin adını hər yerdə uca tutacaq, onlara bəslənilən etimadı layiqincə doğruldacaqlar. N.İbrahimov təhsilin keyfiyyətinin yüksəldilməsi, məzunların praktik hazırlıq səviyyəsinin artırılması, hazırlanan kadrların müasir tələblərə cavab verməsi istiqamətində başlanan kompleks işlərin bundan sonra da davam etdiriləcəyini deyib.

 

 

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, millət vəkili Rüfət Quliyev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, LDU İctimai şurasının sədri Güloğlan Bağırov, valideyn Könül Məlikova, magistr Aytac Musazadə çıxışlarında məzunlara xoş arzularını çatdırıblar, onlara gələcək həyat yollarında uğurlar arzulayıblar.

Tədbirdə təhsilini uğurla başa vuranlar da mükafatlandırılıb. LDU-nu fərqlənmə diplomu ilə bitirən bakalavr və magistrlərə diplomlar təqdim edilib. Tələbəlik dövründə ictimai fəallığı ilə seçilən məzunların bir qrupuna diplom, fəxri- fərman, təşəkkürnamələr verilib.

“Məzun günü”ndə ABŞ-ın Kaliforniya ştatının Lənkəranla qardaşlaşmış Monterey şəhərinin “Monterey-Lənkəran Dostluq Assosasiyası”nın icraçı direktoru, Monterey şəhərinin sabiq vitse-meri Nensi Selfric, Monterey-Lənkəran Dostluq Assosiasiyasının həmsədri, ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media proqramının direktoru Şəfəq Mehrəliyeva, Monterey Peninsula Collecinin tələbəsi Cavad Kərimli, ADA Universitetinin əcnəbi tələbəsi Ceyms Ezimoha, ADA məktəbinin tələbəsi Səid Mehrəli, valideynlər iştirak ediblər.

Tədbir Lənkəran Dövlət Universiteti və universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kolleci tələbələrin birgə hazırladıqları konsert proqramı ilə yekunlaşıb.