Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-28 11:39:00
Tələbələrin təqaüd məbləği nə qədər olmalıdır?-“Artırılmasına ehtiyac var”-TƏHLİL

 

Ölkədə müəllimlərin əmək haqqı, pensiyaların miqdarının yüksəldilməsi mövzusu haqlı olaraq tez-tez gündəmə gəlir.

 

Bir çox sahədə gəlir miqdarının azlığını nəzərə çatdırarkən, tələbələrin təqaüdü də diqqət mərkəzində saxlanılmalıdır. Etiraf etmək lazımdır ki, ölkədə ali təhsilin keyfiyyəti o qədər də ürəkaçan deyil. Universitetlərin yataqxanaları tələbə sayı ilə üst-üstə düşmür, yaxud da şəraiti qənaətbəxş deyil. Bu səbəblə də sosial vəziyyəti aşağı olan, universitetlərin əsas olaraq paytaxda yerləşməsini nəzərə alaraq bura üzr tutan tələbə kirayə evə yerləşmək məcburiyyətində qalır. Bir çox tələbələr ailəsinə yük olmamaq üçün təhsili müddətində xərclərini özü qarşılamağa çalışır. İşləyənlərin əksəriyyəti isə təhsilinə kifayət qədər zaman ayıra bilmir.

 

Hazırda elmlər doktoru hazırlığı üzrə doktorantlar üçün 360 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar üçün 216 manat, ali təhsil müəssisələrində və AMEA-da adlı təqaüd alan tələbələr üçün 204 manat, magistr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 174 manat, 71-100 bal olan tələbələr üçün 144 manat, 51-100 bal olan tələbələr üçün 96 manat, bakalavr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr üçün 156 manat, 71-100 bal olan tələbələr üçün 132 manat, 51-100 bal olan tələbələr üçün 90 manat təşkil edir. Bu miqdar demək olar hər il müəyyən qədər də artırılmağa davam edir.

 

Maraqlıdır, ölkəmizdə bir tələbənin fərdi şəkildə rahatlıqla təhsilini davam etdirməsi üçün təqaüd miqdarı nə qədər olmalı, necə hesablanmalıdır?

 

UNEC Empirik Tədqiqatlar Mərkəzinin direktoru Xətai Alıyev AzEdu.az-a açıqlamasında təqaüd miqdarının artırılmasının vacib olduğunu qeyd edib:

 

“Ölkəmizdə tələbələrin təqaüd miqdarı azdır. Amma reallıq budur ki, minimum əməkhaqqının miqdarı da aşağıdır. Faktiki olaraq burada hər hansı yüksək bir şey gözləmək də mümkün deyil. Doktoranturada təqaüd miqdarı təxminən 300 manat civarındadır. Amma əgər bu səviyyədə təhsil alan şəxs işləyirsə, ona təqaüd verilmir, bunun özü də absurddur. İstənilən halda təqaüdlərin miqdarının müəyyən qədər artırılması vacib məsələdir”.

 

İqtisad elmləri üzrə fəlsəfə doktoru, UNEC Empirik Tədqiqatlar Mərkəzinin direktoru Xətai Alıyev - Sputnik Azərbaycan, 1920, 25.02.2021

 

Direktor tələbələrə təqaüdlərin təyin olunmasındakı mövcud narahatlıqları nəzərə çatdırıb:

 

“Təxminən 2014-2015-ci illərə kimi universitetə ödənişsiz əsaslarla qəbul olunub, təqaüdə düşən tələbə, kəsri olmadığı təqdirdə təhsilini bitirənə kimi təqaüd almağa davam edirdi. Ancaq daha sonra bir növ rəqabət sistemi tətbiq olunmağa başladı. Belə ki, məsələn, bir qrupdan 5 nəfərin təqaüd almaq imkanı varsa, bu siyahı bal ortalamasına əsasən müəyyənləşir. Bir tələbə 600 bal toplayaraq dövlət sifarişli, təqaüdlə, digər tələbə isə 300 balla ödənişli əsaslarla qəbul olur. Daha sonra hər semestrin imtahan nəticələri əsasında reytinq tətbiq edilir. Məsələn, akademik ortalamaya uyğun olaraq yuxarı balla qəbul olan tələbə 95 balla təqaüdə düşə bilmir, aşağı balla qəbul olan tələbə isə 96 balla təqaüdü əldə edir. Doğrudur, nəticədə hər kəsin təqaüd alma şansı olur, bu müsbət bir şeydir”

 

O, məsələnin qeyri-müəyyənlik yaratdığını və təhsilin keyfiyyətinə də təsir göstərdiyini qeyd edib:

 

“Amma burada bir nüans var. Bu universitetə yüksək balla qəbul olan tələbəyə haqsızlıqdır və qeyri-müəyyənlik yaradır. Yüksək bal toplayan, regionlardan paytaxt universitetlərinə üz tutan tələbələr təqaüdə güvənərək gəlirlər. O əmin olmalıdır ki, təhsili müəddətində kəsri olmadığı təqdirdə nəticələrinə əsasən təqaüd ala biləcək. Əvvəldən təqaüdə düşən tələbələrin sonradan bu imkanının əlindən alınması düzgün deyil. Əgər digər tələbələr üçün də təqaüd imkanının yaradılması arzu edilirsə, bu zaman onlar üçün ayrı yerlər nəzərdə tutulsun, bu imkandan yararlana bilsinlər. Bu çox ciddi bir problemdir, eyni zamanda təhsilin keyfiyyətinə də təsir göstərən faktordur”.

 

Bakı Mühəndislik Universitetinin Elmi işlər üzrə prorektoru, ali təhsil üzrə mütəxəssis Elçin Süleymanov AzEdu.az-a açıqlamasında tələbələrin sosial vəziyyətini dəyərləndirib:

 

“Bir tələbənin yaşayış xərci onun təhsil haqqı, kirayə, nəqliyyat, yemək, dəftərxana və digər şəxsi xərclərini əhatə edir. Bu büdcədə isə ən böyük pay təhsil haqqı və kirayə xərci tutur. Ona görə tələbəbin dövlət hesabına və öz evində qalaraq təhsil alması onun aylıq büdcəsinə ən az 70-75 faiz dəstəkdir. Həmin tələbə təqaüd haqqını da qoruyub saxlayırsa, elə böyük büdcəyə ehtiyacı olmaz. Son illərdə 60-65 faiz tələbənin təhsil haqqını dövlət ödəməsi tələbələr üçün böyük dəstəkdir. Eyni zamanda onların Təhsil Tələbə Kredit Fondu xətti ilə də təhsil haqqını kreditlə ödəyib, gələcək illərdə geri ödəmə imkanı var. Amma yenədə bölgələrdən oxumağa gələn tələbələr üçün ucuz yataqxana imkanı onlar üçün dəstək olardı. Həmçinin bir çox ölkədəki kimi tələbələrə bir neçə saatlıq rəsmi çalışma icazəsi verilə bilər ki, bu da onların maliyyə durumuna müsbət təsir edərdi. Ümumiyyətlə bir tələbənin öz evində və ya kirayədə qalmasından aslı olaraq aylıq xərci təxminən 100 - 300 manat həcmindədir. Təqaüd alan tələbə xərclərinin bir hissəsini maliyyələşdirmiş olur”.

 

Elçin Süleymanov:"ABŞ universitetlərindən birinin professoru Çinin  prezidentini tanımadığını etiraf etdi" - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

 

“Onu da qeyd etmək lazım ki, hər il ölkənin iqtisadi durumuna görə təqaüdlər müyəyyən faiz artırılır. Dünyada da əksər ölkələrdə təqaüd miqdarı minimum əmək haqqının müəyyən bir hissəsi qədər olur. Bizdə də minimum əmək haqqının təxminən yarısı həcmində təqaüd verilir”-deyə, prorektor qeyd edib.