Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-27 16:06:00
Bağçalarda bilmədiyimiz özbaşınalıq və qanunsuzluqlar – “Tezliklə həll oluna da bilməz”

 

“Bağçalarda pul yığımları məsələsinin sadə məsələ olduğunu və tezliklə həll ediləcəyini düşünmürəm”

 

Təhsil Nazirliyi bağçalarda şəffaflığın təmin edilməsi, işəqəbul və uşaq qəbulu prosesinin asanlaşması, onların davamiyyət məsələsinə nəzarət məqsədilə vahid məlumat sisteminin yaradılması üzərində çalışır.

 

Nəticədə bir çox mövcud problemlərlə yanaşı, valideynlərdən qeyri-qanuni pul alınması məsələsinin də aradan qaldırılması gözlənilir.

 

Maraqlıdır, yaradılacaq sistem və atılacaq addımlar dövlət bağçaları ilə bağlı ən çox şikayətlərin edildiyi pul yığımları problemini nə dərəcədə həll edə biləcək?

 

ADPU-nun Məktəbəqədər Təhsilin Pedoqogikası kafedrasının baş müəllimi Xalidə Həmidova AzEdu.az-a açıqlamasında mövcud problemlərə diqqət şəkib:

 

“Düşünürəm ki, ilk olaraq məzmun üzərində düzgün işlənilməlidir. Yəni sistemdə olan məzmun doğru şəkildə təmin edilməli, daha sonra digər texniki məsələlərə diqqət yetirilməlidir. Bildiyimiz qədəri ilə son 10 il ərzində məzmun üzərində heç bir iş aparılmayıb. Kurikulumların tətbiqinə başlanılsa da, məsələn, Bakının 450-ə yaxın bağçasının ümumiyyətlə məzmunu olmayıb, köhnə proqram əsasında fəaliyyət göstərilib”.

 

Baş müəllim, problemin səbəblərindən danışaraq, yeni qurulacaq sistemin məsələsinin həllindəki rolunu dəyərləndirib:

 

“Bağçalarda pul yığımları məsələsi isə bir neçə səbəbdən qaynaqlanır. Məlumdur ki, məktəbəqədər təhsil müəssisələrindəki  təhsilalanlar ümumiyyətlə uşaqların  16%-ni əhatə edir. Burada sıra gözləmə, uşaqların bağçalara qəbul olunması kimi məsələlər mövcuddur. Hər qrupa 20 uşaqdan artıq qəbul edə bilmədiyimizi, ancaq çox bağçalarda 30-40 uşağın olduğunu nəzərə alaraq deyə bilərik ki, valideynlərin çarəsizliyindən istifadə olunur. Adətən, işləyən valideynlər sistemlərini qura bilmək üçün övladlarının bağçalara yazılmasına çalışırlar. Bu məsələlərin sadə olduğunu və tezliklə həll olunacağını düşünmürəm. Çünki artıq mövcud sistem var. Hətta nazirlik onlayn qeydiyyat prosesini işə salsa belə, bunun nə qədər effektiv olacağı da sual altındadır. Məsələn, bağçada qeyd edilən bir yerə 8 uşaq iddiaçı varsa, onlardan sadəcə biri qəbul olunursa, bəs qalan 7 uşağın aqibəti necə olacaq? Belə qənaətə gəlmək olur ki, onların gözləmə sırası məktəbə yazılana kimi heç gəlib çatmayacaq. Bütün bunları nəzərə alaraq, qeyd olunan prosesin problemə çarə olduğunu düşünmürəm”.

 

O, yeni məktəbəqədər təhsil müəssisələrinin açılmalı olduğunu vurğulayaraq, problemin həlli üçün alternativ yollar təklif edib:

 

“Məsələnin həlli kimi alternativ məktəbəqədər təhsil müəssisələri istifadəyə verilməlidir. Həmçinin bu müəssisələrin tikilməsi, lisenziyalaşdırılması da asanlaşdırılmalıdır ki, sahibkarlar çox sayda məktəbəqədər təhsil müəssisəsi aça bilsinlər. Məktəbəqədər təhsil haqqında qanunda belə bir nüans var ki, ailə və ev tipli müəssisələr də fəaliyyət göstərə bilər. Onların nizamnaməsi hazırlanmalı, tikinti, lisenziya alma qaydaları tənzimlənməlidir. Ən azından kiçik bir evi də olan insanlar bu sahibkarlıq işi ilə məşğul ola bilsinlər. Beləliklə uşaqların bağçaya qəbulunda alternativ format yaranasın. Təlim-tədris, inkişaf mərkəzləri qeydiyyatla işə başlamalı, burada olan uşaqlar da qeydiyyata alınmalı, sayları tənzimlənməlidir. Bu saylar da elektron sistemə əlavə olunmalı, lisenziya ilə fəaliyyət göstərilməlidir. Məlumdur ki, hazırda çox sayda inkişaf  mərkəzi fəaliyyət göstərir və onların vöenden-dən başqa heç bir qeydiyyatı yoxdur. Buna görə də uşaqların təhsil alması heç bir yerdə qeyd olunmur”.

 

“Azərbaycanda 1670-dən çox bağça fəaliyyət göstərir, amma bu sadəcə 16-17% uşağı əhatə edir”

 

“Bunların hər biri nəzərə alınsa, alternativ yollar da dövlət lisenziyası və qeydiyyat sisteminə daxil edilsə, valideyn də bu vasitə ilə seçim edib, qeydiyyatdan keçsə, proses daha asan və rahat olar. Çünki dövlət müəssisələri ödənişsiz olduğu üçün valideynlər əsasən bura axın edirlər. Ölkəmizdə dövlət təhsil müəssisələrinin alternativlərinin olmaması bir az problemlərin yaranmasına səbəb olur. Yəni bu problemlərin tezliklə həlli mümkün görünmür, alternativ variantlar tətbiq edilməlidir”.