Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-25 11:32:00
Təhsilimiz: dünəndən sabaha” kitabının müzakirəsi keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 205 nömrəli tam orta məktəbdə “Təhsilimiz: dünəndən sabaha” kitabının müzakirəsinə həsr olunmuş “Dəyirmi masa” keçirilib.

 

AzEdu.az xəbər verir ki, “Dəyirmi masa”da BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Humanist Pedaqogika üzrə Təhsil Təşkilatları Beynəlxalq Assosiasiyasının prezidenti, kitabın müəllifi Asif Cahangirov, Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov, Pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadə, Amerika Birləşmiş Ştatlarının Corc Vaşinqton Universitetinin proqram direktoru Sevinc Məmmədova, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları iştirak ediblər.

 

Kitab haqqında fikirlərini bildirən məktəb direktorları ayrı-ayrı bölmələr üzrə təhlillər aparıb, kitabda məktəb idarəetməsi sahəsində diqqətə çatdırılan əsas istiqamətlərə dair diskusiya aparıblar.

 

Kitabın müəllifi  Asif Cahangirov bildirib ki, “Təhsilimiz: dünəndən sabaha” kitabı bütün sosial kateqoriyalardan olan və təhsil problemlərinə maraq göstərən oxuculara ünvanlanıb. Yaşından, təhsil səviyyəsindən, peşəsindən və ixtisasından asılı olmayaraq, kitabdan hər bir şəxs, xüsusilə  təhsil idarəediciləri və təhsil sahəsində çalışan mütəxəssislər, ali və orta məktəb müəllimləri və tələbələr əhəmiyyətli dərəcədə faydalana bilər.

 

BŞTİ müdiri Mehriban Vəliyeva “Təhsilimiz: dünəndən sabaha” kitabını təhsil sahəsinə verilən böyük töhfə kimi dəyərləndirib. Qeyd edib ki, Asif Cahangirov bu kitabla beynəlxalq təcrübə nümunələrinə əsaslanaraq təhsilə və onun təşkilinə, eləcə də bir sıra aktual məsələlərə toxunub, təhsilimizin gələcək perspektivləri ilə yanaşı, mövcud problemlərini də diqqətə çatdırıb. M.Vəliyeva kitabın sadə, anlaşıqlı dildə, dialoji formada yazılmasını yüksək qiymətləndirib.

 

Daha sonra ümumi təhsilin aktual məsələləri, “Səriştə nədir?”, “Səriştəəsaslı təhsil necə olmalıdır?”, “Məktəb şagirdlərinə hansı səriştələr aşılanmalıdır?”, “Ümumi təhsilin qarşısında duran məqsədlərə necə nail olmaq olar?”, “Yaxşı direktor kimdir?”, “Müasir müəllim necə olmalıdır?” mövzularında müzakirələr aparılıb.

 

Müzakirələr çərçivəsində çıxış edən Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov, Pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadə, Amerika Birləşmiş Ştatlarının Corc Vaşinqton Universitetinin proqram direktoru Sevinc Məmmədova, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov, BŞTİ-nin sektor müdirləri Günay Qurbanova, Anar Mustafazadə, Fuad Babayev, Bəşarət Məmmədov və məktəb direktorları kitabın əhəmiyyəti, öyrədici imkanları, sistemli və əsaslı nümunələrlə zənginliyini vurğulayıblar. Qeyd olunub ki, bu kimi müzakirələrin təşkili səmərəli məktəb mühitinin formalaşdırılmasında və səriştəliliyin artırılmasında yeni yanaşmaların tətbiqinə imkan verəcək.