Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-27 11:31:44
Azərbaycan təhsilinin “SABAH”ı haqqındakı bütün bilgilər, tələbələri gözləyən fürsətlər – MÜTLƏQ OXUYUN

Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf  təhsildə  də nəzərə çarpır. Bu inkişaf  tendensiyasına aid nümunələrdən biri  də  SABAH qruplarıdı.

AzEdu.az  SABAH qrupları  haqqında  ətraflı məlumatı  təqdim  edir:

SABAH qrupları ali təhsildə təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssələrində savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət qruplar zənciridir. Bu layihənin əsas məqsədi ali təhsil sahəsində davamlı, uzunmüddətli və əhatəli keyfiyyət dəyişikliklərinin həyata keçirilməsi üçün zəruri mühitin yaradılması, elmi-tədqiqat, təcrübə və tələbə mübadilələrinin genişləndirilməsi və əmək bazarının tələblərinə uyğun olaraq savadlı mütəxəssislərin yetişdirilməsidir.

SABAH qruplarına kimlər müraciət edə bilər?

Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində müəyyən edilən ixtisaslar üzrə I kursda əyani formada təhsil alan,  I tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan vətəndaşları müraciət edə bilər.

Müsabiqədə iştirak edənlərə dair tələblər nələrdir?

Müsabiqədə tələbələr yalnız təhsil aldıqları ixtisas üzrə iştirak edə bilərlər.

Uyğun ixtisas üzrə SABAH qruplarında təhsil almaq üçün bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi zərurəti yaranan tələbələr bu ali təhsil müəssisələrinin müvafiq ixtisaslarının tədris planları (birinci tədris ili üzrə) arasında akademik fərqin 2 fəndən artıq olmadığı halda müsabiqədə iştirak edə bilərlər.

Müsabiqə neçə mərhələdə təşkil olunur?

SABAH qruplarına qəbul 3 mərhələdə aparılır.

Müsabiqənin I mərhələsində SABAH layihəsinin rəsmi internet səhifəsində (www.sabah.edu.az) yerləşdirilmiş elektron ərizə formasını dolduran hər bir namizədin ərizəsi yoxlanılır. Qeyd olunan göstəricilər müsabiqə qaydalarına uyğun olduqda ərizə 10 iş günü ərzində təsdiqlənir və bu haqda namizədin elektron poçt ünvanına ərizənin təsdiqi haqqında məlumat göndərilir. 

Elektron ərizələrin qəbulu başa çatdıqdan sonra ərizəsi təsdiqlənən namizədlər müsabiqənin II mərhələsi olan test imtahanının keçirilmə vaxtı və məkanı barədə 10 gün əvvəl SABAH layihəsinin rəsmi internet səhifəsində (www.sabah.edu.az) yerləşdirilən elan vasitəsilə məlumat əldə edirlər.

Müsabiqənin II mərhələsində iştirak etmək üçün namizədlər imtahana buraxılış vərəqəsini www.student.sabah.edu.az portalında yaradılmış şəxsi hesablarına daxil olmaqla əldə edirlər.

Müsabiqə iştirakçıları imtahanın başlanmasına 1 saat qalmış şəxsiyyət vəsiqəsinin əsli və imtahana buraxılış vərəqəsi ilə imtahanın keçiriləcəyi yerə gəlməlidirlər. Şəxsiyyəti təsdiq edən sənəd və imtahana buraxılış vəsiqəsi təqdim olunmadıqda namizəd imtahana buraxılmır.

Hər hansı bir səbəbdən göstərilən vaxtda imtahanda iştirak etməyənlər üçün təkrar imtahan keçirilmir. Test imtahanı ingilis dili və məntiq komponentləri üzrə keçirilir. “Test suallarının cavablandırılmasına dair təlimat”a uyğun olaraq imtahanda iştirak edən hər bir namizədə İngilis dili komponenti üzrə 50 və məntiq komponenti üzrə 50 sual təqdim edilir. Sualların cavablandırılmasına 2 saat vaxt ayrılır.

Namizədlərin qiymətləndirilməsi hansı qaydada aparılır?

SABAH qruplarında təhsil dili bölməsində yalnız  Azərbaycan dili seçimini göstərən namizədlər ixtisaslara müvafiq olaraq məntiq komponentinin keçid balını topladıqları halda müsabiqənin növbəti mərhələsinə keçmiş hesab olunurlar. İngilis dili komponenti üzrə keçid balı müəyyən olunmur, lakin bu komponent üzrə toplanmış bal müsabiqənin son mərhələsində əmsalı hesablanmaqla namizədin yekun balına əlavə olunur.

SABAH qruplarında təhsil dili bölməsində azərbaycan dili və ingilis dili seçimlərini göstərmiş namizədlər ixtisaslara müvafiq olaraq məntiq və ingilis dili komponentlərinin keçid balını topladıqları halda ingilis bölməsi üzrə müsabiqənin növbəti mərhələsinə keçmiş hesab olunurlar. İngilis dili komponenti üzrə keçid balını toplamamış namizədlər öz seçimlərinə əsasən azərbaycan bölməsi üzrə müsabiqənin növbəti mərhələsində iştirak hüququ qazanırlar.

SABAH qruplarında təhsil dili bölməsində yalnız ingilis dili seçimini göstərmiş namizədlər məntiq və ya ingilis dili komponentinin keçid balını toplamadıqları halda müsabiqənin növbəti mərhələsində iştirak hüququnu itirirlər.

Müvafiq ixtisas üzrə müsabiqə keçid balını toplamış tələbələrin sayı 15-dən az olarsa (xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla), həmin ixtisas üzrə müsabiqə dayandırılır.

Müsabiqəbib MÜSAHİBƏ mərhələsi

Müsabiqənin III mərhələsinə buraxılmış namizədlər müsahibə üçün qeyd olunan tarixdə akademik arayışın (transkript) əslini, şəxsiyyət vəsiqəsinin surətini müsabiqə komissiyasına təqdim edirlər.

I mərhələnin qiymətləndirilməsinə təsir edən elektron ərizədəki məlumatlarla təqdim edilən sənədlər arasında uyğunsuzluq halları aşkarlandıqda, namizəd müsahibədə iştirak hüququnu itirir.

Müsahibə hər bir ixtisas və ya ixtisaslar qrupu üzrə Təhsil Nazirliyi tərəfindən yaradılmış və müvafiq ixtisas üzrə ali təhsil müəssisələrində akademik fəaliyyət göstərən şəxslər, ali təhsil müəssisələri üzrə SABAH mərkəzlərinin əməkdaşları və müvafiq sahə üzrə işgüzar mühitdə fəaliyyət göstərən təcrübəli peşəkarlardan ibarət olan  komissiya tərəfindən şifahi formada aparılır. Müsahibədə namizədin təhsil aldığı ixtisasa marağı, bu sahədəki bilikləri, ümumi dünyagörüşü və s. meyarlar müəyyən olunmuş ballar şkalası üzrə qiymətləndirilir.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qiymətləndirmə komissiya tərəfindən ixtisasa müvafiq meyarlar üzrə aparıla bilər.

SABAH qrupları yataqxanası ilə kimlər təmin olunurlar?

Bölgə ali təhsil müəssislərindən qəbul olunan (Sumqayıt şəhəri xaric olmaqla) və yaxud bölgələrdə yaşayan (Sumqayıt və Xırdalan şəhərləri xaric olmaqla) aztəminatlı ailələrdən olan tələbələr yataqxana ilə təmin olunurlar. Lakin bu yerlər məhduddur.

Nəticələr necə hesablanır?

Müsabiqənin bütün mərhələlərində iştirak etmiş namizədlərin qiymətləndirilməsi müvafiq mərhələlər, həmçinin namizədlərin ali təhsil müəssisələrinə qəbul balları üzrə xüsusi çəki əmsalları nəzərə alınmaqla aparılır. 

SABAH qruplarına tələbələrin seçimi üzrə yekun nəticələrin elan olunması ali təhsil müəssisələrində birinci tədris ilinin II semestri başa çatdıqdan etibarən 20 (iyirmi) iş günü ərzində aparılır. Bu zaman birinci tədris ilinin II semestri üzrə akademik borcun olduğu aşkarlanarsa, namizəd müsabiqədə iştirak hüququnu itirir.

Bütün mərhələlər üzrə qiymətləndirmə aşağıdakı meyarlar əsasında həyata keçirilir.

Akademik göstəricilər (ÜOMG);

Test imtahanının nəticəsi;

Müsahibə nəticəsi;

Ali təhsil müəssisəsinə qəbul balı.

Müvafiq ixtisas üzrə SABAH qruplarında təhsil almaq üçün bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi zərurəti yaranan tələbələr bu ali təhsil müəssisələrinin müvafiq ixtisaslarının I kurs üzrə tədris planları arasında akademik fərqin 2 fəndən artıq olmadığı halda mümkün hesab olunur. Fənlərin yay məktəbi və ya alt qrupda dinlənilməsi tələbələrin öz vəsaiti hesabına həyata keçirilir.

Müvafiq ixtisas və bölmə üzrə kvota çərçivəsində keçid balını toplamış namizədlər SABAH qruplarına seçilə bilərlər. Müsabiqədə müvəffəq nəticə göstərmiş namizədlərin sayı akademik qrupun formalaşdırılması üçün müəyyən olunmuş saydan az olduğu halda həmin ixtisas və/və ya bölmə üzrə SABAH qrupları yaradılmır.