Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-24 14:05:00
Respublika fənn olimpiadalarının mükafatlandırma mərasimi təşkil olunacaq  

30 iyun 2022-ci il tarixində ADA Universitetində Respublika fənn olimpiada qaliblərinin mükafatlandırılma mərasimi ilə bağlı tədbir təşkil ediləcək. Tədbirə giriş vaxtı saat 14:30-dan etibarən başlayır.

 

Respublika fənn olimpiadalarında 9-10-11-ci sinif şagirdləri və xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirdləri Azərbaycan və rus bölmələri olmaqla 8 fənn (Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, biologiya, kimya, riyaziyyat, fizika, informatika) üzrə iştirak edirlər.

 

AzEdu.az xəbər verir ki, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.

 

Cari ilin ilk yarısında start götürmüş Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi yanvar ayında, respublika mərhələsinin yarımfinal turu fevral və mart aylarında, final turu isə may ayında keçirilib. Olimpiadalarda cəmi 28130 nəfər şagird iştirak edib.

 

Qeyd edək ki, Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə həyata keçirilir.