Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-24 10:00:00
ADNSU-da narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib

İyunun 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” nə həsr olunmuş “Mən öz gələcəyimi seçirəm” mövzusunda maarifləndirici tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə çıxış edən ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev əvvəlcə tədbir iştirakçılarına rektor, professor Mustafa Babanlının salamlarını çatdırıb və Vətən müharibəsində şəhid olan qəhrəman oğullarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

 

Tərbiyə işləri üzrə prorektor, dosent A.Babayev narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən danışıb və bu mübarizədə gənclərin maarifləndirilməsinin əhəmiyyətinə toxunub.

 

Narkomaniyaya qarşı mübarizə tədbirlərinin əhəmiyyətindən danışan Gənc Vətənpərvərlər İctimai Birliyinin (GVİB) sədri Müqamət Əliyev XXI əsrin bəlasına çevrilən narkomaniyanın ölkəmizdə də geniş vüsət aldığını və gənclərin böyük bir qisminin narkomaniya və onun törətdiyi xəstəliklərdən əziyyət çəkdiyini deyib. Sonra M.Əliyev Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” çərşivəsində görülən işlər və layihənin məqsədi haqqında tədbir iştirakçılarına  məlumat verib.

 

Sonra GVİB-nin əməkdaşı Şahin Əliyev gənclər arasında narkotik vasitələrin yayaılmasına qarşı təbliğatın aparılması, həmçinin sağlam həyat tərzinin qorunmasının əhəmiyyətindən danışıb.

 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və tədbirdə fəallığı ilə seçilən tələbələrə sertifikatlar verilib.

 

Qeyd edək ki, ictimaiyyətin diqqətini daim narkomaniya ilə bağlı problemlərə yönəltmək məqsədilə BMT Baş Assambleyası 1987-ci ildə iyunun 26-sını Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü elan edib.