Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-22 11:00:00
Tələbələrin bitməyən narazılıqları – “Ən çox şikayət bu universitetlərdən olur”-CİDDİ  PROBLEMLƏR

 

 

Yerli ali təhsil sistemi və müəssisələrimizdə kifayət qədər problemlərin olması danılmazdır.

 

Bəzi universitetlər tələbələrin çətinlikləri, mövcud problemləri nəzərə alsalar da, bəziləri üçün bu keçərli deyil. Bir çox tələbələr şikayətlərinin ümumiyyətlə dinlənilmədiyini, görməzdən gəlindiyini, yaxud dinlənilsə də, heç bir tədbir görülmədiyini bildirirlər.

 

Hazırda ölkədə təhsil alan 180 minə yaxın tələbənin böyük bir qismi sosial medianın gücünü anlayır və narazılıqlarını bu vasitə ilə çatdırmağa çalışır.

Azərbaycan Universitetləri səhifəsinin  rəhbəri  Zöhrab Süleyman AzEdu.az-a açıqlamasında tələbələrdən daxil olan şikayətlərin əsasən hansı mövzuda olmasından danışıb:

 

“Biz gündəlik olaraq orta hesabla 30-a yaxın tələbədən şikayət qəbul edirik. Bu əsasən bürokratik və biraz da tələbələri bilərəkdən imtahanda kəsmək haqda olan şikayətlərdir. İmtahanın ortasında dekanın və ya nümayəndəsinin imtahan zalına daxil olaraq təhsil haqqını ödəyə bilməyən tələbəni ayağa qaldıraraq aşağılayıcı sözlərlə təhqir edib imtahandan qovması tələbənin şəxsiyyətinin yoldaşları arasında alçaltması deməkdir. Bu haqda olan şikayətlər azalıb, ancaq var. Tələbə təşkilatlarının bəzi sədrlərinin imtahana girmədən qiymət alması digər tələbələrdə haqlı qıcıq və narazılıq yaradır. Bu haqda da yazırlar”.

 

O, region universitetlərində tələbələri narazı salan məsələlərə və rəhbərliyin buna münasibətinə diqqət çəkib:

 

“Region universitetlərindən gələn şikayətlər daha aktualdır. Adlarını çəkməyəcəm, çünki hələ də həmin universitet rəsmilərinin şikayət edən tələbəni təhdid etməsi, bununla kifayətlənməyib səhifənin idarəçilərini məhkəməyə vermək cəhdləri, artıq ənənəvi hal alıb və bizi düzünü desəm, çox yorur. Sosial medianın gücünü anlamayan bəzi universitet rəhbərləri BDU-da bir neçə gün öncə baş verən hadisədən nəticə çıxarmalıdır. Tələbələr məhz bu amillərə görə öz narazılıqlarını bizə şəxsi hesabları ilə deyil, "fake profillərlə" göndərir”.

 

İdarəçi hər şeyə rəğmən şikayətlərə operativ reaksiya verən universitetlərin daha çox olduğunu bildirib:

 

“Ancaq tənqiddən düzgün nəticə çıxarıb, şikayətlərə adekvat reaksiyalar verən universitetlər nə yaxşı ki, daha çoxdur. Özlərinə şəxsən təşəkkür etmişəm, burdan bir daha edirəm. Bir daha bildirirəm, Bakının bəzi özəl universitetləri və Bakıdan kənarda olan universitetlərin bir neçəsindən şikayətlər həddindən artıq gəlir”.