Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-21 14:38:00
“Abituriyentlərin uğuru kurslar və repetitorların sayəsindədir, məktəblərdə isə...”-SƏRT TƏNQİD

 

“Bu gün bizim  dövlət  təhsil  müəssisələrimizin bəziləri  köhnə kolxoz və savxozları xatırladır”.

 

Zaman-zaman müxtəlif universitetlərdə rüşvət hallarının mövcudluğu ilə bağlı narazılıqlar səsləndirilir.

 

Son olaraq Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəlliminin tələbələrdən rüşvət tələb etməsi iddia olunan səs yazısının yayılmasını nümunə göstərmək olar.

 

Nəticədə həmin müəllimin əmək müqaviləsinə xitam verilsə də, bu heç də eyni halların digər zamanlarda, başqa ali təhsil müəssisələrində də müşahidə olunmayacağı demək deyil.

 

Bəs universitetlərdə rüşvət məsələsinin tamamilə aradan qaldırılması üçün hansı addımlar atılmalı, hansı mexanizmlər tətbiq edilməlidir?

 

Təhsil eksperti Nabatəli Qulamoğlu AzEdu.az-a açıqlamasında təhsildə islahatların zəruri olduğunu qeyd edərək, məsələnin həll yollarından danışıb:

 

“Əgər rüşvət korrupsiya səviyyəsindədirsə, yəni işləmə mexanizmi bu qədər böyükdürsə, onu aradan qaldırmaq çətindir. Buna görə də təhsildə islahatların aparılması zəruridir. İslahat da o deməkdir ki, bütün təhsil müəssisələrinin inteqrativ şəkildə yaradılmasını təşkil etmək lazımdır. Elə etmək lazımdır ki, təhsil müəssisələri arasında rəqabət olsun, özəl təhsil müəssisələrinin sayı artırılsın, dövlət müəssisələri özəllərlə rəqabət apara bilsin, bələdiyyə təhsil müəssisələri açılsın. Əgər bu üçünün rəqabətini təşkil etmək mümkün olarsa, hər bir təhsil müəssisəsinin rəhbəri tədrisin keyfiyyətinə, biliyin öyrədilməsinə önəm verəcək ki, bu bilik onlara gəlir gətirsin”.

 

Ekspert, təhsil müəssisəsi rəhbərlərinin tədrisin keyfiyyəti və təhsilalanların öyrənmə göstəricilərinə münasibətinə diqqət çəkib:

 

“Burada sual yaranır ki, hazırda istər rektor, istərsə də məktəb direktoru olsun, hansı dövlət təhsil müəssisəsinin rəhbərini təhsilalanların dərslərini yaxşı, yaxud pis oxuması maraqlandırır? Sadəcə, hər hansı bir məktəbdən müəyyən sayda şagirdin universitetə qəbul olmasını nümunə göstərəcəklər. Halbuki, həmin göstəricinin o məktəbin fəaliyyətinə aidiyyəti yoxdur. Bu uğur hazırlıq kursları və repetitorların fəaliyyətinin nəticəsidir”.

 

O, rəqabət mühitinin yaradılmasının vacibliyini vurğulayaraq, bunun problemin həlli üçün yeganə çıxış yolu olduğunu nəzərə çatdırıb:

 

“Maraqlıdır ki, biz universitetlərdə, məktəblərdə olduğu kimi kurslarda rüşvət halları ilə rastlaşmırıq. Çünki onların fəaliyyəti rəqabət qanununa əsaslanır. Məsələn, 10 il bundan əvvəl hər hansı bir məktəbdə bir fənn müəlliminin şagirdləri əlavə ödənişli hazırlığa məcburi cəlb etməyə çalışmasının şahidi olurduq.Artıq bu demək olar ki, yoxdur. Təlim bazarı bu kimi müəllimlərin qarşısını kəsib. Çünki valideynlər o müəllimlərin şagirdlərə dərs öyrədə bilməyəcəyini anlayıblar. Baxmayaraq ki, dövlət ödənişsiz təhsil verir, amma mən şəxsən nəvəmi məktəbə göndərmək istəmirəm.Çünki onun məktəbdə vaxtı gedir. Bunun əvəzinə repetitor,yaxud hazırlıq kursu vasitəsilə lazımı bilikləri əldə edir, istədiyi balı da toplayaraq universitetə qəbul olurlar. Yəni yeganə yol təhsil müəssisələrinin güclü rəqabət mühitini təşkil etmək. Rəqabət olan yerdə, rüşvət, korrupsiya olmur”.

 

Ekspert hazırda bəzi  dövlət təhsil müəssisələrinin kolxoz və savxozları xatırladığını, yeganə çıxış yolunun bir həll mezanizmi olduğunu vurğulayıb:

 

“Vaxt var idi kolxoz sədrinin, ferma, anbar müdirinin qanunsuzluqlarından narazılıqlar olurdu. Bütün kolxoz və savxozlar dövlət idarəçiliyi ilə fəaliyyət göstərirdilər, lazımı maliyyə dəstəyi göstərilirdi, vəzifəli şəxslər isə mənimsəyirdilər. Bu gün bizim dövlət təhsil müəssisələrimizin bəziləri  köhnə kolxoz və savxozları xatırladır. Bu müəssisələrdə şəffaflığın təmin edilməsi və keyfiyyətin  yüksəldilməsinin başqa yolu yoxdur. Yeganə həll mexanizmi təhsildə islahatın aparılması, istənilən səviyyə  üzrə güclü rəqabətliliyin təşkilidir. Güclü olanlar bazarda qalacaq, bilik öyrədib, əvəzində qazanacaqlar. Tab gətirə bilməyənlər isə bazardan gedəcəklər”.