Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-20 16:37:00
Universitetlərimizin necə böyük problemləri var imiş?! - Xaricin marağında deyilik -TƏKLİFLƏR

 

AzEdu Təhsil Portalının təşkilatçılığı ilə “Əcnəbi tələbələrin Azərbaycan universitetlərinə cəlbi: problemlər və həll yolları” mövzusunda dəyirmi masa keçirilib.


 
Görüş zamanı yerli ali təhsil müəssisələrinin fəaliyyəti, əcnəbi tələbələri qəbul etmə imkanı, verilən tədrisin keyfiyyəti, kadr potensialı, tələbələr üçün yaradılan şərait müzakirə edilib. Əcnəbi tələbələrin universitetlərimizə cəlbi məsələsində yol verdikləri boşluqlar sadalanmaqla yanaşı, bir sıra zəruri tövsiyələr də önə çəkilib.

 

AzEdu.az xəbər verir ki, müzakirəni açıq elan edən AzEdu Təhsil Portalının baş redaktoru Elmin Nuri hazırda Azərbaycan universitetlərində təhsil alan əcnəbilərin sayı və onların ən çox üstünlük verdiyi ali təhsil müəssisələrimiz haqqında statistik məlumatları təqdim edib.

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov müzakirə zamanı bu istiqamətdə mövcud olan əsas problemlərə diqqət çəkib. Deputat ölkədə ali təhsilin keyfiyyətinin yüksəldilməsi, həm yerli, həm də xarici tələbələr üçün yataqxana probleminin həll edilməsi, tədris dili və proqramların çatışmazlığı kimi məsələlərin həllinin vacibliyini vurğulayıb. Azərbaycanın xarici ölkələrdən əcnəbi tələbələrin cəlb edilməsində çox geniş potensialı olduğunuzu nəzərə çatdıran deputat, bu istiqamətdə bir sıra işlərin görülməli olduğunuzu bildirib. O, həmçinin yerli universitetlərimizin beynəlxalq sərgilərdə iştirakının zəruriliyinə diqqət çəkib.

 

Jurnalist, araşdırmaçı Böyükağa Mikayıllı görüşdə yerli universitetlərə xaricdən tədqiqatçı və jurnalistlərin cəlb edilməsinə ehtiyac olduğunu nəzərə çatdırıb. Jurnalist, bir sıra xarici universitetlərdə apardığı araşdırmalardan nümunə gətirərək, bunun ali təhsil müəssisələrimiz üçün əhəmiyyətindən danışıb. O, bildirib ki, bu həm də xaricdən tələbə qəbulu üçün ciddi reklamdır. Araşdırmaçı, bunun üçün müxtəlif qrant proqramlarının tətbiqinin də mümkün və arzuedilən olduğunu qeyd edib.

 

Müzakirədə yerli universitetlərin fəaliyyətini təhlil edən Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru, ali təhsil üzrə mütəxəssis Elçin Süleymanov mövzu ilə bağlı öz təkliflərini nəzərə çatdırıb. Mütəxəssis əcnəbi tələbələrin cəlb edilməsi üçün universitetlərin ixtisaslaşmasının əhəmiyyətini qeyd edib. O, universitetlərdə ingilis dilli proqramların çatışmazlığını nəzərə çatdıraraq, əcnəbi tələbələrlə bağlı görülməli işlərə diqqət çəkib. Prorektor qeyd edib ki, hazırda bəzi universitetlərin yerli tələbələr üçün xarici universitetlərlə həyata keçirdiyi ikili diplom proqramlarına əcnəbi tələbələrin qəbulu da aparıla bilər.

 

Xaricdə təhsil üzrə mütəxəssis Fuad Hacıyev prosesdə xaricdə təhsil şirkətlərinin rolunun vacibliyini vurğulayıb. O, həmçinin əcnəbi tələbələrin yerli ali təhsil müəssisələrinə cəlb edilməsi üçün lazımı sosial şəraitin yaradılmalı olduğunu da qeyd edib. Mütəxəssis xaricdən tələbələrin ölkəyə marağının artırılması məqsədilə təhsil haqqında müəyyən güzəştlərin də nəzərdə tutula biləcəyini təklif edib.

 

 “Zirvə” Tədris Mərkəzinin direktoru Rahib İbrahimov yerli universitetlərin beynəlxalq sərgilərdə iştirakının vacibliyindən danışıb. Direktor, bu mövzuda universitetlərinin özlərinin maraq göstərməli olduğunu, ancaq mövzud vəziyyətin ürəkaçan olmadığını bildirib. O, ali təhsil müəssisələrinin xarici əlaqələr şöbəsinin də aktiv işləməli olduğunu qeyd edib. İlk növbədə müəyyən problemlərin aradan qaldırılmalı olduğunu qeyd edən direktor, əcnəbi tələbələrin yerli universitetlərə cəlbi üçün ali təhsil müəssisəsinin reklam istiqamətinə diqqət etməli olduğunu nəzərə çatdırıb.

 

Müzakirə zamanı yerli universitetlərdə təhsil alan əcnəbi tələbələrin sayından söz açan “Azərbaycan Universitetləri” platformasının rəhbəri Zöhrab Süleyman universitetlərin bu istiqamətdəki potensialını dəyərləndirib. O, universitetlərin bir çoxunun saytlarında mövcud olan çatışmazlıqlara diqqət çəkib. Rəhbər, xarici tələbələrin müraciət etmək istədikləri universitetin saytına daxil olaraq, özünə lazım olan məlumatı əldə edə bilməsi üçün, yerli universitetlərin saytlarında bu istiqamətdə yeniləmələr aparılmalı olduğunu nəzərə çatdırıb. O, universitetlərin özlərinin və Təhsil Nazirliyinin bu istiqamətdə bir sıra işlər görməli olduqlarını bildirib.

 

Ümumilikdə iştirakçılar qeyd edilən istiqamətdə mövcud olan problemlərə diqqət çəkərək, atılması vacib olan addımlardan danışıblar. Xarici ölkələrdən olan tələbələrin Azərbaycan universitetlərinə cəlbi istiqamətində universitetlərinin marağının artırılması, Təhsil Nazirliyinin müvafiq addım atmasının, vahid platformanın yaradılmasının zəruriliyi vurğulanıb.