Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-20 10:47:00
Rəsulzadə və AXC rəsmiləri 1918-ci il Trabzon konfransında –104 il əvvəl çəkilmiş nadir KİNOXRONİKA

İnternetdə 1918-ci ilin mart ayında keçirilmiş Trabzon konfransına aid maraqlı kinoxronika yerləşdirilib.

 

AzEdu.az xəbər verir ki, bu kadrlarda AXC-nin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nadir kinokadrları yer alıb.

 

Kinoxronikanın 2-ci dəqiqəsindən etibarən M.Ə.Rəsulzadənin əks olunduğu kadrları görmək mümkündür. Kadrlarda həmçinin Azərbaycan parlamenin gələcək sədri Həsən bəy Ağayevi, Xəlil Xasməmmədovu, Mirhəsən Hacınskini və Əhməd bəy Pepinovu görmək olur.

 

Qeyd edək ki, Trabzon konfransı 14 mart 1918-ci ildən 13 aprelə qədər Trabzon şəhərində Osmanlı imperiyası ilə Zaqafqaziya Seymi və hökumətinin nümayəndə heyəti arasında keçirilib.

 

Nümayəndələr heyətlərinin başçıları Osmanlı imperiyasından kontr-admiral Rauf bəy, Zaqafqaziya nümayəndə heyətində isə Akaki Çxenkeli və Əhməd bəy Pepinov (tərcüməçi) idilər.

 

Zaqafqaziya Seyminin Osmanlı hökuməti ilə danışıqlar platforması Osmanlı imperiyası ilə daimi sülhün bərqərar edilməsi və müharibədən əvvəlki dövlətlərarası sərhədlərin bərpası məqsədini daşıyırdı. Seym Osmanlı hökuməti ilə danışıqlar aparmaq üçün gürcü sosial-demokrat Akaki Çxenkelinin başçılıq etdiyi nümayəndə heyəti yaratmışdı. Nümayəndə heyətinin azərbaycanlılardan ibarət hissəsini “Müsavat”dan Məhəmməd Əmin Rəsulzadə, Məmmədhəsən Hacınski və Xəlil bəy Xasməmmədov, Müsəlman Sosialist Blokundan İbrahim bəy Heydərov, “İttihad”dan Mir Yaqub Mehdiyev, “Hümmət”dən Əkbər ağa Şeyxülislamov təşkil edirdi. Danışıqların 12 martda başlaması planlaşdırılırdı və bu səbəbdən nümayəndə heyəti Trabzon şəhərinə getmişdi.

 

Zaqafqaziya seymi Osmanlı hökuməti ilə sülh danışıqlarına hazırlaşarkən Brest-Litovskda Rusiya ilə Almaniya arasında separat sülh müqaviləsi imzalanır. Bu sazişə görə, Qafqaz sərhədləri 1877-ci ilin sərhədləri kimi tanınırdı. Müqavilənin şərtlərinə görə Rusiya imperiyasının Ərdəhan, Qars və Batum bölgələri Osmanlı imperiyasının hakimiyyətinə verilir. Zaqafqaziya seymi bu qərarları tanımır və Petroqrada Xalq Komissarları Sovetinə teleqram göndərir.

Osmanlı hökuməti Zaqafqaziya seyminə ultimatum verərək onlardan qoşunlarını Qars, Batum və Ərdəhandan dərhal çıxarmaqlarını tələb edir.

 

Müsavat Partiyasından olan nümayəndələr danışıqlar boyu Osmanlının verdiyi ultimatumun qəbul edilməsini müdafiə edirlər. Onlar əks halda, seymdən ayrılıb Azərbaycanın müstəqilliyini elan edəcəklərini bəyan edirlər.

 

13 aprel 1918 – ci ildə Trabzon konfransı nəticəsiz bitdikdən sonra Zaqafqaziya Seymi türk qoşunlarının yürüşünü dayandırmaq üçün Osmanlıya müharibə elan etmək barədə qərar qəbul edib.

 

Azərbaycan fraksiyası bu qərara qoşulmur. Buna cavab olaraq türk qoşunları Qars və Ərdəhanın ardınca Batumu tutdu və Ermənistan (Gümrü) istiqamətində irəliləməyə başlayır. Mayın əvvəlində Zaqafqaziya hökuməti Osmanlı ilə yeni danışıqlara Batum şəhərində razılıq verir.

 

Batum danışıqları nəticəsində Osmanlı ordusu Azərbaycana dəvət olunur. Mayın 28-də Milli Şura Azərbaycan Cümhuriyyətinin yaradıldığını elan edir. (azpost.info)