Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-18 15:39:00
“Xaricdən tədqiqatçının dəvət edilməsi universitetin reklamı üçün də yaxşı olar”-TƏKLİF

 

“Çox yaxşı olardı ki, universitetlərimiz xarici tədqiqatçıları, təhsil sahəsi üzrə fəaliyyət göstərən jurnalistləri təhsil müəssisələrinə dəvət etsinlər. Universitetdə görülən işlərlə bağlı məlumat versinlər, tədqiqat işi yazdırsınlar”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri jurnalist, araşdırmaçı Böyükağa  Mikayıllı  “Əcnəbi tələbələrin Azərbaycan universitetlərinə cəlbi: problemlər və həll yolları” mövzusunda keçirilən dəyirmi masada səsləndirib.

 

Araşdırmaçı universitetlərdə tədqiqat istiqamətində mövcud olan çatışmazlıqlara diqqət çəkib:

 

“Məsələn, mən hazırda Krakovda yerləşən Yagellon Universitetində araşdırma aparıram. Bu universitetin dünya üzərində 200-ə yaxın təhsil tədqiqatçısı var. Maraqlıdır, bizim hansı universitetimizdə bu kimi tədqiqatlara imkan yaradılır?  Halbuki, bu yerli universitetlərimizin reklamına çox yaxşı xidmət etmiş olardı. Xarici tələbənin ölkəmizdə təhsil alması təhsillə yanaşı, həm də Azərbaycanın təbliğatı deməkdir. O, ölkəmizdə təhsil aldığı müddətdə buranın mühiti, adət-ənənələri, mədəniyyəti ilə tanış olur. Həmin tələbə başqa ölkəyə yollandıqda Azərbaycan mədəniyyətini də özü ilə aparmış olur”.

 

“Universitetlərimiz dünya, avropa standartlarına cavab verməlidir ki, biz müxtəlif ölkələrdən tələbələri cəlb edə bilək”

 

“Azərbaycan sovet dövründən başlayaraq, xüsusilə neft sektorunda bir çox ölkələrdən, xüsusilə ərəb ölkələrindən tələbələr qəbul edirdi. Hətta sonralar burada təhsil alanların bəzilərinin öz ölkəsinin prezidenti seçilməsi xəbərlərini də eşidirdik. Universitetlərimiz dünya, avropa standartlarına cavab verməlidir ki, biz müxtəlif ölkələrdən tələbələri cəlb edə bilək. Tələbələri cəlb edən amillərdən biri, universitetlərdə məhz, tədqiqat mühitinin mövcud olmasıdır. Amma təəssüf ki, hazırda ali təhsil müəssisələrimizdə tədqiqat mühiti ürəkaçan səviyyədə deyil”.

 

“Həmçinin bir sıra dünya universitetləri tələbə və tədqiqatçılar üçün xüsusi qrant proqramları təqdim edirlər. Belə olan təqdirdə tələbələr bu proqramlar üçün mübarizə aparır, təhsillərinə həvəslə yanaşırlar. Bu proqramları qazanmış tələbə daha sonra iş mühitinə də hazır olur”-deyə, jurnalist bildirib.