Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-20 10:08:00
“Müəllimlər robot deyillər, nazirliyin onlara münasibətini başa düşmürəm”-Sona Əliyeva

 

 

“Sertifikasiya prosesində Təhsil Nazirliyi DİM təcrübəsindən yararlanmalıdır”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında tanınmış pedaqoq Sona Əliyeva deyib.

 

Belə ki, sertifikasiya ilə bağlı vahid ədəbiyyatın olmaması müəllim arasında narahatlığa səbəb olur. Onlar hansı ədəbiyyatı oxuyacaqları ilə bağlı tərəddüd yaşayırlar.

 

Sona Əliyeva vahid ədəbiyyatın olmamasının problem yaratdığını vurğulayıb:

 

“Hazırda ölkəmizdə vahid ədəbiyyatın olmaması  narahatedici məqamlar yaradır. Xarici ölkələrdə vahid ədəbiyyat deyilən anlayış yoxdur. Misal olaraq, Türkiyədə heç bir sahədə vahid ədəbiyyat mövcud deyil, müəyyən tövsiyələr öz əksini tapmaqdadır.

 

Azərbaycanda bu istiqamətdə ümumiyyətlə, yeni ədəbiyyat yoxdur. Müəyyən tədris mərkəzləri bəzi vəsaitlər çap edir, bunlar MİQ, DİQ kimi sahələri əhatə edir. Lakin ən azından Təhsil Nazirliyi sertifikasiya üzrə tövsiyə siyahısı hazırlaya bilər. Çünki müəllimlər imtahana hazırlaşarkən nəyəsə istinad etməlidilər. Sertifikasiya ilk ildir ki, keçirilir. Proses əvvəlki illərdən tətbiq edilsə və müəllimlərin onunla bağlı anlayışları yaransa idi, onlar  üçün rahat olardı. Təhsil Nazirliyi DİM təcrübəsindən yararlana bilər. Dövlət İmtahan Mərkəzi abituriyent və magistrlar üçün imtahan keçirməmişdən qabaq siyahı tərtib edir ki,  mövzular üzrə hansı hissələr düşəcək”.

 

Pedaqoq müəllimlərə olan münasibətdən danışdı:

 

“Son zamanlar həm cəmiyyət, həm də Təhsil Nazirliyi tərəfindən     müəllimlərə  olan münasibəti birmənalı olaraq başa düşmürəm. Müəllimlər robot deyil, onların yüksək intellekt səviyyəsi olsaydı,  gedib professor olar, elmi dərəcə alar, müəyyən kəşflər edərdi. Bu insan fənn  öyrədir. Onun hədəfi və məqsədi ondan ibarətdir ki,  qoyulan vəzifəni layiqincə yerinə yetirsin. Müəllimlərdən gözləntilər niyə bu qədər yüksəkdir?! Niyə onların bilik səviyyələri davamlı olaraq yoxlanılır?!  Bu məsələdə kompramis olmalıdır. Müəyyən istiqamətlər üzrə  imtahana suallar düşəcəyi ilə bağlı tövsiyələr edilməlidir. Nəticədə onlar hansı sualların salındığını, çətinlik dərəcəsini müəyyən etmiş olacaqlar. Ona görə də hazırlıq üçün vahid ədəbiyyatın  olmaması məsələsini məqsədə müvafiq hesab etmirəm. Müəllimlər kimə istinad edib, kimləri oxuyacaqlarını öncədən bilməlidilər. Müxtəlif vəsaitlər var. Təhsil Nazirliyi bunu gözdən keçirərək, onlara yeni əlavələr edə bilər.

 

Sertifikasiyanı həyata keçirərkən həm də, müəllimlərə kömək etmək lazımdır ki,  bunu öyrənərək, bilərək və tətbiq edərək keçsinlər. Müəllimlərə dəstək olmaq vacibdir. Təhsil cəmiyyəti ilə əl-ələ verərək problemləri həll etmək daha məqsədəuyğundur. Qütblər yaratmaq lazım deyil”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları