Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-26 09:35:00
"Yaşlı müəllimlər şagirdlərdən özlərini “qılınc-qalxan”la qoruyurlar"- Kənd müəlliminin hekayəsi

AzEdu.az saytı Azərbaycanın müxtəlif  bölgə və şəhərlərində çalışan müəllimlərin silsilə yazılarını işıqlandırmağa davam edir.

Budəfəki yazı Zərdab rayonu Şahhüseynli kənd tam orta məktəbinda müəllim işləyən Fərid İbrahimliyə aiddir.

2012-ci ildə Müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyirəm. 2013-2015-ci illərdə Qafqaz Universitetində “Azərbaycan dili” ixtisası üzrə magistraturanı bitirmişəm. 2015-ci ildən etibarən – 3 ildir ki, yaşadığım rayonun kəndində - Zərdab rayonu C.Azayev Şahhüseynli kənd tam orta məktəbində müəllim işləyirəm. Fəlsəfə doktorluğu proqramı “Dil nəzəriyyəsi” ixtisası üzrə doktorantura pilləsində təhsil alıram. 2018-2019-cu tədris ili üçün keçirilən MİQ imtahanlarında uğur qazanaraq Bakı şəhəri 120 nömrəli tam orta məktəbə ixtisasım üzrə müəllim qəbul olunmuşam.

3 il fəaliyyət göstərdiyim kənd məktəbində şagird və valideynlərin hörmət və sevgisini qazanmaq o qədər də çətin olmadı. Əslində kənd sakinləri kənardan gələn hər bir müəllimə böyük ümidlərlə yanaşırlar. Bu da yeni gələn müəllimə uğurlu olması üçün sanki bir şans verir və sonrakı fəaliyyəti, davranışı, ona olan etimadı, etibarı uzunmüddətli edir.

 Kənd məktəbində fəaliyyətin romatikası

Müəllimin fəaliyyəti, davranışı, həyata baxış tərzi necə olmalıdır desəniz, cavab verərəm ki, ilk növbədə müəllim öz peşəsini çox sevməli, onu həyatının ayrılmaz tərkib hissəsi kimi görməlidir. Mayasında sevgi olan hər bir iş insana uğur, başucalığı gətirir. İşini, şagirdlərini sevən hər bir müəllim yorulmaq əvəzinə öz işindən, peşəsinin çətinliyindən, məsuliyyətindən belə zövq alır.

Kənd camaatı arasında məni tanımayan bir nəfər də yoxdur. Belə olanda məsuliyyət daha da artır. İnsanların hörmət və etibarının şahidi olduqda isə məsuliyyət və məmnunluq hissləri bir-birinə qarışır. Bütün çətinliklərə baxmayaraq, kənd məktəbində fəaliyyətin öz romantikası var.

göydən yerə süzərək özünü yenicə çatdırmış qar dənəciyi, günəşin yerə çatan ilk səhər şəfəqləri.

Müəllim şagirdlərin gözündə nə qədər sadə, səmimi görünsə, bir o qədər sevgi qazanır. Uşaqların gözündən müəllimin ən kiçik nöqsanı belə yayınmır. Xüsusilə, müəllim sadə və səmimi olmayanda uşaqlarla onun arasında qalın bir divar yaranır ki, bu da onun buraxdığı hər kiçik nöqsanı şagirdlər üçün bağışlanmaz edir.

Uşaqlara sevgi ilə yanaşmaq tələbi müəllimlikdən əlavə bir insanlıq göstəricisi olmalıdır. Bütün təbiəti, həyatımızı gözəl göstərən ağacın körpə budağı, yarpağın üzərində təzə şeh damcıları, göydən yerə süzərək özünü yenicə çatdırmış qar dənəciyi, günəşin yerə çatan ilk səhər şəfəqləri... Hansının həyatımızda olmamasını istəyərik? Hansı dünyamızı gözəlləşdirmir ki? Dünyanın gözəlliyini duyan, dərk edən zəkalı insan baxışının, mənalı gözlərin dünyanı yenicə dərk etməyə çalışan, gözəllikləri duyan, gözlərinin aynası ilə qəlbinə süzdürməyə çalışan körpəliyin, yeniliyin, təzəliyin ən ülvisi olan uşaqlar bu körpəliyin,  təzəliyin eynisi deyilmi?

3 illik fəaliyyətim dövründə hər günüm məktəb qapısından içəri girəndə hər şagirdin salamını xüsusi ehtiramla almaqla başlayırdı. Salamlaşmaq uşaqların psixologiyasında çox müsbət izlər buraxır. Onlar özlərini böyümüş hesab edirlər.

Məzun nişanını şagirdinə hədiyyə edən müəllim

Hər ilin sonunda dərs dediyim hər sinif üzrə “İlin ən yaxşı şagirdi” müsabiqəsini təşkil edirdim. Öz məzun nişanımı da təşkil etdiyim yarışmaların birində şagirdimə hədiyyə verdim ki, onun üçün bir talesman-uğur simvolu olsun. Dərsarası fasilələrdə şagirdlərimlə tenis, voleybol, şahmat oynamağım onların gözündə məni böyük qardaşa çevirirdi.

Ancaq çox təəssüf edirəm ki, şagirdlərimiz bu cür səmimi münasibətlərə acdırlar. Əsasən, yaşlı müəllimlər şagirdlərdən özlərini “qılınc-qalxan”la qoruyurlar. Son illərdə məktəblərə gənc müəllimlərin axını, dövlətin həyata keçirdiyi dərslik siyasəti mühitin yaxşılaşmasına müsbət təsirini göstərib. Yeni dərsliklər uşaqların dünyagörüşünə, həyata baxışlarına, hüquqlarını tələb etməkdə çox müsbət təsirlər formalaşdırır. Təsəvvür edin, “kurikulum” proqramı əsasında hazırlanmış Azərbaycan dili dərsliklərində verilmiş mətnlər nəticəsində həyata baxışım dəyişib. Müəllimə bu qədər müsbət təsir edən bir dərslik şagirdlərin formalaşmasında, müasir dövrün tələblərinə cavab verən şəxsiyyətin inkişafına müstəsna təsir göstərir.

“Müştəri həmişə haqlıdır”.

Fikrimcə, sinfə girən hər bir müəllim şagirdin və onun valideynlərinin “qulu” olmağı bacarmalıdır. Təbii ki, burada “qul” sözü emosional deyimlə işlədilmiş bir sözdür, buna baxmayaraq, həqiqət payı böyükdür. Əvvəllər bank işçisi olduğumdan bu sektorda tez-tez işlədilən belə bir ifadə ilə müqayisə edim: “Müştəri həmişə haqlıdır”. Biz müəllimlər şagirdin, valideynin xidmətində onların bizə münasibətindən asılı olmayaraq, qərəzsiz, vicdanla dayanmalıyıq. İşimizi sevsək, şagird də, valideyn də həmişə bizə hörmət və ehtiram göstərəcək.

Gələcəyə doğru

Gələcək planlarım ondan ibarətdir ki, yeni qəbul olduğum 120 nömrəli məktəbdə də müəllimlik fəaliyyətimi uğurla davam etdirim. Öz işimdən mənəvi qida alaraq, şagird, valideynlərin və müəllim kollektivinin rəğbətini qazanım. Olur ki, gün ərzində saatlarla şagird, valideynlərin suallarını cavablandırıram. İşlədiyim məktəbə gələndə uzun illər idi ki, ali məktəbə qəbul olan olmurdu. Çünki şagirdlərdə motivasiya, stimullaşdırma zəif idi. İndi isə işlədiyim məktəbdə 671, 650  və digər yüksək balla ali məktəblərə qəbul olanlar var. Təbii ki, bu işdə müəllim kollektivinin böyük əməyi oldu. Onları ali məktəblərə hazırlayan müəllimlər çox zəhmətlər çəkdilər. İşlədiyim kənd məktəbində işinə, peşəsinə səmimiyyətlə hörmət etdiyim dəyərli pedaqoqlar var. Onlar üçün də gənc, yeni nəfəslə öz məktəblərində birləşmək böyük stimul oldu.

Pedaqogika ilə bağlı müstəsna fikirlər

Son illər təhsil sahəsində müsbət addımlar çoxdur. Mütəmadi islahatların aparılması öz müsbət təsirini göstərməkdədir. Bütün bunlara baxmayaraq, təhsil sistemində həlli vacib problemlər də qalmaqdadır. Növbəti məqalələrimdə bu məsələlərə ətraflı toxunmağı planlaşdırıram.

Dissertasiya işlərimi davam etdirib yaxın illərdə elmi dərəcəmi almağı planlaşdırıram. Həmçinin təhsil sistemi ilə, pedaqogika ilə bağlı müstəsna fikirlərim olduğuna inanıram. Buna görə də bir təhsil eksperti kimi fəaliyyət göstərib, nəinki öz işlədiyim məktəbin şagird və valideynlərinə, daha çox şagirdə, valideynə faydalı olmağı qarşıma məqsəd qoymuşam.